Mədəniyyət

Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)

3 Oktyabr 2026 19:10
Baxış: 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncədə Azərbaycan Respublikasının Xalq artisti, tanınmış opera müğənnisi Fidan Hacıyevanın təşəbbüsü ilə keçirilən III Beynəlxalq Opera Festivalının növbəti mərhələsi baş tutub. Festival çərçivəsində oktyabrın 2-də YAP Gəncə şəhər təşkilatının Böyük zalında klassik vokal və opera sənətinin təbliğinə həsr olunmuş xüsusi konsert proqramı təqdim edilib.

Konsert Gəncənin mədəni həyatında əlamətdar hadisələrdən biri kimi yadda qalıb. Tədbirin əsas məqsədi klassik vokal və opera sənətinin təbliği, gənc istedadlı ifaçıların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi, eləcə də Azərbaycan vokal məktəbinin zəngin ənənələrinin yeni nəslə çatdırılması olub.

Konsert proqramında Azərbaycanın Xalq artisti, tanınmış opera müğənnisi Fidan Hacıyeva, respublika və beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov, həmçinin gənc ifaçılar Nəzrin Rəcəbzadə, Zeynəb Abdullayeva, Ləman İsmayılova, İslam Abdullayev və Nilay Qasımova çıxış ediblər. Solistləri Mezzo kamera orkestri müşayiət edib.

Proqram çərçivəsində Azərbaycan və dünya opera-vokal repertuarından seçilmiş nümunələr təqdim olunub. İfaçıların peşəkar səhnə mədəniyyəti, vokal texnikası və fərdi ifa üslubu konsertin bədii-estetik məzmununu zənginləşdirib.

Festival çərçivəsində Fidan Hacıyeva Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Mədəniyyət və İncəsənət şöbəsində də xüsusi ustad dərsi - master-klass keçirib.

Xalq artisti kollecin vokal ixtisası üzrə təhsil alan tələbələri ilə görüşərək onların ifalarını dinləyib, vokal texnikası, səhnə mədəniyyəti, düzgün nəfəs və ifa üslubu ilə bağlı zəngin peşəkar təcrübəsini bölüşüb, tələbələrə dəyərli tövsiyələr verib.

Sənətçi həmçinin kollecin direktoru Nigar Səfixanova ilə görüşüb. Görüş zamanı tələbələrin yaradıcılıq imkanlarının genişləndirilməsi, vokal sənətinin inkişafı, gənc istedadların dəstəklənməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Belə görüş və ustad dərslərinin gənc ifaçıların peşəkar inkişafına, səhnə təcrübəsinin artırılmasına və milli musiqi sənətinin zəngin ənənələrinin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Gəncədə keçirilən festival proqramı yüksək sənət atmosferi, peşəkar ifalar və tamaşaçıların böyük marağı ilə yadda qalıb.

Fidan Hacıyevanın rəhbərliyi ilə həyata keçirilən III Beynəlxalq Opera Festivalı müxtəlif nəsilləri və fərqli ifaçılıq təcrübələrini vahid sənət platformasında bir araya gətirərək klassik vokal sənətinin inkişafına, gənc istedadların dəstəklənməsinə və Azərbaycan opera məktəbinin zəngin ənənələrinin təbliğinə xidmət edən mühüm mədəni layihə kimi fəaliyyətini davam etdirir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.