"Ekspress" qəzeti yazır ki, haqqında ən çox yazılan sənət əsəri, yəqin ki, Leonardo da Vinçinin "Mona Liza"sı - "Cakonda" əsəridir. Cakonda sirli təbəssümü ilə sənət aləmində əsrarəngiz bir mifə çevrilib. Rəssamlar, şairlər, sənətşünaslar Cakonda müəmmasını çözməkdə sadəcə acizdirlər. Əsəri rentgen şüaları ilə müayinə edirlər, ekstrasenslər bir-birindən fərqli fikirlər söyləyirlər. Cakonda isə gülümsəyir...
Gəlin bu nadir sənət incisinə könlümüzün gözüylə baxaq və könlümüz bizə nə pıçıldayırsa, ona da inanaq.
Tamaşaçı Cakondaya baxır, Cakonda da sanki tamaşaçını görür. Mona Liza ilə həmsöhbət olmaq mümkündür. Cakondanın çöhrəsi donuq deyil, canlıdır və bu müəmmalı çöhrə bəzən göz önündəcə ifadəsini dəyişir. Bu zaman bizim şüurumuzda, yaddaşımızda gördüyümüz obraz müəyyən interpretasiyaya məruz qalır, əgər gördüyümüz obrazla yaddaşımızda canlanan interpretasiya uyğun gəlməzsə, obraz yüngülcə dalğalanacaq. Bəlkə elə bu səbəb ucbatındandır ki, sənət əsərləri, elə Cakonda özü bəzi tamaşaçıları həyəcanlandırır, diksindirir, çünki gördüyümüz obrazla göz yaddaşımızdakı obraz vahid obraza çevrilmir.
Leonardo da Vinçi dürlü insan hisslərinin portret ifadəsi haqqında maraqlı fikirlər söyləyib, amma nədənsə Cakondadan söz açmayıb...
***
Leonardo da Vinçi (1452-1519) - rəssam, heykəltəraş, filocof, musiqiçi, mühəndis... bir sözlə, universal dahi.
Leonardo vəkil Pyero da Vinçinin sadə kəndli qadın Katerinadan olan qeyri-qanuni oğludur. Hələ uşaqlıq illərindən onun elmə olan sonsuz marağı ətrafındakıların diqqətindən yayınmadı, balaca Leonardo gözəl rəsmlər çəkirdi, şeir yazırdı, təbiət ona böyük istedad bəxş etmişdi, onun on barmağında on məharət vardı - o, əla üzgüçüydü, yaxşı at çapırdı, qılınc oynadırdı.
On dörd yaşında doğma Vinçi kəndini tərk edib rəssam olmaq arzusuyla Florensiyaya gəldi, Florensiyada tanınmış rəssam Verrokkonun emalatxanasında şagird oldu, altı il gecə-gündüz burada çalışdı, senyor Verrekkodan təsviri sənətin sirlərini öyrəndi. İyirmi yaşında Leonardo artıq Florensiyada tanınmış rəssam idi. Rəssam ucaboylu, cazibədar, sağlam və güclü bir cavandı, şux və parlaq geyinməyi sevirdi, o, gözəllik vurğunuydu, ətrafda olan hər şeydə gözəlliklər görürdü. Florensiyalılar gənc rəssamı çox sevirdilər, florensiyalılar ona Sehrbaz ayaması vermişdilər. Florensiyanın ən yaraşıqlı, ən güclü, ən istedadlı rəssamı gerçəkdən xoşbəxt ulduz altında doğulmuşdu, Tanrı ondan heç nə əsirgəməmişdi.
Leonardo qadınların sevimlisiydi - rəssam bütün kübar məclislərinin, balların, maskaradların, konsert gecələrinin daimi iştirakçısıydı, ehtiraslı italyan qadınları hər cürə təhlükəni unudaraq özlərini Sehrbazın ağuşuna atardılar. Onu da deyim ki, gənc Leonardo da Vinçi çılğın rəqs musiqiləri və məhəbbət serenadaları bəstələyirdi, bəli, Tanrı ondan heç nə əsirgəməmişdi, onun məlahətli səsi vardı...
***
Florensiyada keçən qayğısız, xoşbəxt illər bir-birini əvəz edirdi, artıq Leonardonun iyirmi dörd yaşı vardı və ona elə gəlirdi ki, həyat bir maskaraddır və bu gözəl maskarad bir ömür boyu davam etməlidir. Lakin 1476-cı ilin yazında Leonardo da Vinçi üç dostu ilə birlikdə həbs olundu.
Hələ uşaqlıq illərində qəfəsdə saxlanılan quşlara baxanda onun ürəyi sıxılardı. Sonralar əlinə pul düşəndə qanadlı məhbusları qəfəsdən qurtarardı, indi isə özü məhbus idi. Leonardonun dövründə Florensiya şəhərinin küçələrində poçt qutularına bənzər qutular olardı, şəhər əhalisi bu qutulara "həqiqətin səsi" deyərdilər. İstənilən vətəndaş bu qutuya anonim məktub ata bilərdi, anonim məktuba istinadən adamı tutub məhbəsə atırdılar, bundan sonra məhbus günahsızlığını sübut etməliydi, əgər sübut edə bilərdisə...
"Həqiqətin səsi"ndə Leonardonu və üç dostunu "ələ verən" kağız tapılmışdı. Onlar rəssam Verrokkonun emalatxanasında naturaçı Yakopo Saltarelliyə təcavüzdə ittiham olunurdular, bu, çox ağır ittiham idi. Yakopo ağıldankəm olduğundan ifadə verə bilmirdi, o kağızın kim və ya kimlər tərəfindən qutuya atıldığı sirr olaraq qaldı.
Xoşbəxtlikdən Florensiya məhkəməsi elə ilk toplantısında onlara bəraət qazandırdı. Üç aydan sonra həbsxana qapıları onların üzünə açıldı. Həbsxanadan çıxandan sonra Leonardo klaustrofobiyadan əziyyət çəkəcək...
Leonardonun üç dostundan biri Florensiyada böyük nüfuza malik Mediçilər nəslinin nümayəndəsi idi, bu da şəhərdə bəzi şaiyələrin yayılmasına səbəb oldu - şəhər sakinləri Mediçilərin məhkəməni satın aldığına inanırdılar...
***
1481-ci ildə Leonardo Florensiyanı tərk etmək qərarına gəlir. Bəzi tədqiqatçılar rəssamın bu qərarını beş il öncə baş vermiş talesiz olayla bağlayırlar amma, cənablar, o olaydan artıq beş il, düz beş il ötüb. Fərziyyələrə görə, da Vinçi uğursuz məhəbət ucbatından ilk dəfə on dörd yaşında gəldiyi, doğmalaşdığı şəhərdən ayrılıb...
***
Da Vinçinin həyatı da tabloları kimi sirr örtüyünə bürünüb - beş əsrdir, da Vinçi kodları çözülmür ki, çözülmür.
Leonardo da Vinçinin ölümündən otuz il sonra Corco Vazarinin "Məşhur memarların, rəssamların və heykəltəraşların həyat salnaməsi" adlı fundamental araşdırmalar kitabı işıq üzü gördü. Vazarinin kitabından Leonardo da Vinçinin həyatı haqqında maraqlı məlumatlar almaq olar - kitabda Fransa kralı XII Lüdovikin Milana səfəri də yer alıb - bu münasibətlə da Vinçi kral üçün hədiyyə hazırlamalı idi - Leonardo aslan fiquru hazırlayır, aslan bir neçə addım atandan sonra döş qəfəsi açılır, aslanın döş qəfəsindən nilufər gülləri tökülür...
Milanda rəssam Salaino ləqəbli balaca bir oğlanı öz himayəsinə götürür, Salaino pinəçi Cakono Kapriotininin oğlu idi və bu balaca cibgirin cəmi on yaşı vardı. Qırx yaşlı subay rəssam Salainonu (Salaino - Şeytan balası) öz evinə gətirir, onunçün təzə pal-paltar alır, ona təsviri sənət dərsləri verir, amma Şeytan balası hər fürsətdə hamisinin cüzdanına əl gəzdirir. Rəssam Şeytan balasını ərköyün böyüdürdü, onun şıltaqlıqlarına səbrlə dözürdü, zaman keçdikcə Salaino bahalı əlbisələrlə yaşıdları arasında əsl dendiyə çevrilirdi, amma qozbeli qəbir düzəldər deyiblər.
Leonardo da Vinçinin "Xaç çəkən İoann" əsərini yadınıza salın - İoann obrazının prototipi oğru, dələduz Salainodur. Şeytan balası hara, müqəddəs İoann hara - tükürpədici paradoksdur. Yevangeliyaya görə, İoann səhrada yaşayıb, dəvə yunundan kobud paltar geyinib, akritlə, yəni çəyirtkələrlə qidalanıb. Leonardo isə ehtiyacın nə olduğunu bilməyən, uzun qıvrım saçları çiyinlərini örtmüş, haradasa zənənsifət bir gəncin obrazını yaradıb, gəncin sağ əli səmaya işarə edir, gözlərində isə sanki şeytan oynayır. Dediyim kimi, bu tablo üçün naturaçı Salainodan başqası deyil. Mona Liza ilə İoannın təbəssümlərini diqqətlə müqayisə eləyin - görəsən, Salainonun təbəssümü hansı sirdən xəbər verir? - əlbəttə, biz bunu heç zaman bilməyəcəyik.
Leonardo da Vinçinin pərəstişkarlarına az tanınmış olan bir silsilə qrafik rəsmləri arasında "Xaç çəkən İoann" tablosunun eskizi aşkarlanıb. XIX əsrdə bu eskiz daha on bir erotik rəsmlə birlikdə İngiltərə kralının kolleksiyasında saxlanılırdı. Sənətşünas Brayan Syuzelin yazdığına görə, məşhur bir alman eksperti (B.Syüzel alman ekspertinin adını çəkmir) Leonardonun qrafik rəsmlərini incələyəndən bir qədər sonra bu rəsmlər müəmmalı şəkildə yoxa çıxır və çox sonralar rəsmlərin hansı yollasa Almaniyaya gedib çıxdığı haqqında məlumat yayılır...
***
Gəlin yenə Cakondanın yanına qayıdaq - bu əsər sadəcə olaraq portret deyil, bu əsər dahi rəssamın fırçaya aldığı məhəbbət himnidir. Leonardo yaradıcılığının araşdırıcılarının fikrincə, Mona Liza rəssamın ömrü boyu sevdiyi yeganə qadın olub.
Leonardonun emalatxanasında çoxsaylı şagirdlər arasında Salainonun xüsusi yeri vardı, o da qəyyumunun sevgisindən sui-istifadə edirdi. 1506-cı ildə Leonardo da Vinçi Melçi ailəsinin şəhər ətrafındakı malikanələrinin mehmanı oldu, bu ev sahibinin on beş yaşlı oğlu Françeskoya rəssamlıq dərsləri verməyə başladı. Yaraşıqlı, nəzakətli, kübar Françesko Salainonun tam əksi idi, Salaino o saat bunu duydu. İstedadlı şagird və vəfalı dost Françesko öz müəllimini doğma atası kimi sevirdi. Bu haqda bir qədər sonra, hələlik isə deyim ki, Françesko ustadın emalatxanasına gəlib-gedəndən sonra ərköyün Salainonun mövqeyi zəifləməyə başladı, keçmiş cibgir kübar Françeskoya nifrət edirdi. Françesko Melçi ustadın sağ əliydi...
Leonardo da Vinçinin məşhur avtoportreti - avtoportretdə kədərli, yorğun bir qoca sanki xəyala dalıb, ötən günlərini vərəqləyir. Alnının-üzünün qırışlarında zaman donmuş kimi görünür - bu ixtiyar qoca ömrünün qürub çağlarını yaşayır.
Amma yox, yaşından çox qoca görünən rəssamın cəmi altmış beş yaşı var.
Portretdəki adam gülümsəmək istəyir, fəqət gülümsəməyə belə gücü qalmayıb. O, təbəssümü yadırğayıb...
***
Leonardo da Vinçi bütün kitablarını, əlyazmalarını, rəsmlərini və əşyalarını Françesko Melçiyə vəsiyyət eləyib. Saloinoya isə üzümlüklərinin yarısını, bir də... "Mona Liza"nı verdi. Yenə bir müəmma - bir şey hələ də qaranlıq qalır, görəsən, Leonardo bu əsəri niyə əsl sahibinə, Florensiyalı tacir Françesko del Cakomaya qaytarmayıb, axı portretdən gülümsəyən qadın ornun avadıdır.
Salaino ona miras qalan üzüm bağında ev tikdi, evləndi... su qabı suda sınar demişdim və məşhur qəyyumunun ölümündən beş il sonra dikbaş Şeytan balasını bir qovğada öldürdülər. Ustadının ölümündən sonra Françesko, demək olar ki, fırçaya, palitraya yaxın durmadı. Françeskonun sağlığında böyük ustadın bir əsəri, bir əlyazması, bir əşyası belə itib-batmayıb, amma onun ölümündən sonra tablolar, rəsmlər, əlyazmaları hissə-hissə dəyər-dəyməzinə satıldı.
Şeytan balası Salaino "Mona Liza"nı Milanda yaşayan bacılarına bağışladı. Sonralar hansısa bir möcüzə nəticəsində "Mona Liza" Parisdə kralın kolleksiyasında göründü. Beləliklə, "Mona Liza"nın qəribə səyahəti başlandı. 1911-ci ildə portreti Luvrdan oğurladılar. Bu ilin avqust ayında "əsərin oğurluğu"nun 100 ili tamam oldu.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Da Vinçi müəmması...
1 Oktyabr 2011 20:01
0 Şərh
Baxış: 3 609

DİGƏR XƏBƏRLƏR
-
Dünyaca tanınmış pianoçu vəfat etdi - FOTO
-
Nazirlər Kabinetindən kino sahəsi ilə bağlı sərəncam
-
Tanınmış aktrisa vəfat etdi
-
Bakıda ilin rəqs tədbirləri keçiriləcək- WADF World Championships & World Cups 2025 – VİDEO
-
İrandan Azərbaycana təxliyə olunan Çaykovski adına Simfonik Orkestri Filarmoniyada təşəkkür konserti verib - FOTO
-
“Akustik Palitra” Musiqi Məktəbinin hesabat konserti baş tutub - FOTO
XƏBƏR LENTİ
-
Oğlan körpələrində səssiz təhlükə - Sonsuzluğa səbəb olur
-
Mirvarid Dilbazi ad gününü niyə gizlədirdi? – Qızı hər şeyi açıqladı
-
Gələcəkdə transplantasiya üçün donuz orqanları mümkün ola bilər
-
Sürücülər üçün əhəmiyyətli xəbər
-
Aygün Kazımovanın qızını görənlər tanımadı - FOTOlar
-
Paşinyan erməni milyarderin "qələmini qırır"
-
Fit görünmək uğrunda ölüm riski – Mütəxəssis xəbərdarlıq edir
-
Telefon yaddaşınız dolubsa bunları edin - Şəkil və video silmədən...
-
Yaxın Şərqdə gərginlik və neft bazarı: Risklər və Proqnozlar
-
Süleyman Süleymanova vəzifə VERİLDİ
-
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan etdi
-
Mahir Emrelinin yeni klubu açıqlandı
-
Elektrikli skuter sürənlərə xəbərdarlıq - VİDEO
-
7 dəqiqəyə İsrailə çatan "Sacil"... - VİDEO - FOTO
-
Günün qoroskopu: Arzularınızın yol xəritəsi qəlbinizdədir
-
"İran münaqişədə tərəfdaş dəstəyi ala bilmir"
-
Hayfa limanı niyə vuruldu? - ABŞ və Çin gözləmədə
-
İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda yazılan sözlər...
-
Fransa Azərbaycanla bu stadionda oynayacaq
-
Sulutəpə əhalisinin DİQQƏTİNƏ: Sənədsiz ev problemi tarixə qovuşacaq
-
Səhiyyə Nazirliyi ölkədə mövsümi xəstəliklərlə bağlı vəziyyəti açıqladı
-
İranın ali dini lideri Əli Xamenei kimdir: ailəsi nə qədər güclüdür?
-
İran ilk dəfə ortamənzilli “Sacil” raketini buraxdı - yenilənib
-
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri beynəlxalq sərgidə nümayiş olunur - FOTO