Mədəniyyət

İsmayıl Dadaşov: "İndiki mahnılara mətn yazmaq asan deyil"

5 Aprel 2010 10:11
Baxış: 4 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Söz sənəti o qədər dərin bir dəryadır ki, o dəryada hər şair, söz ustası sözünü deyə bilmir. Söz dəryasında olan şairlərimizdən biri də İsmayıl Dadaşovdur.Onun hər misrası təkcə oxucuların ruhunu oxşamır, eyni zamanda musiqi xəzinəmizin boxçasını bəzəyir, zənginləşdirir. Mahnılarda yaşayan İsmayıl Dadaşovun yaradıcılığı əslində bir çoxları üçün məlhəm, bəziləri üçün isə sirlərini, duyğularını bölüşən söz sirdaşıdı. Kimisi bu mahnıları dinlərkən, İsmayıl Dadaşovun misraları ilə ovunur, onlarla dərdini ovudur. Bəlkə də şairin xoşbəxtliyi ondadır ki, onun qələmə aldığı poeziya inciləri yalnız kitab səhifələrində bağlı qalmır, o neçə-neçə nəğmələrə ruh verir. Əslində bu sirri biz də öyrənmək istədik. Şairin şeirlərinin sevilməsinin sirri nədir? Onunla həmsöhbət olduqdan sonra bu sirri açmaq o qədər də çətin olmadı. Şairin incə qəlbi, ruh dünyasının təmizliyi şeirlərinə xitab edib. Onun daxili dünyasının güzgüsü misralarında əks olunub.

- Azərbaycan poeziyasının, musiqisinin bu günki durumu sizi qane edirmi?

- Həm hə. Həm də yox. Bəs səbəbi nədir. Bax ona görə də açıqlama vermək istəmirəm. Mən qalmaqalları sevmirəm.  Çünki hər adamın öz yeri, mövqeyi, auditoriyası var. Bu dəqiqə hamının qəlbində nəğmələr var, şeiriyyat var. Kim istəyir yazır. O necə alınır, buna artıq xalq qərar verir.

- Axı söhbət həm də xalqın zövqünün korlanmasından gedir. Axı siz də sənətçilərlə, bəstəkarlarla çalışırsız... Söhbət təkcə sizin yazdığınız mahnı sözlərindən getmir. Mahnı mətnlərində mənasız misralara da rast gəlirik.

-  Elə mətnlər var ki, istər bir vətəndaş, istərsə də bir şair kimi məni də qane etmir. Amma qəlbdən gələn hər şey gözəldi. Təbii ki, əgər onun bir məntiqi nəticəsi varsa. Yazanlar bu gün çoxdu. Nə olsun, qoy yazsınlar.

- Söz sizin üçün nədir?

- Söz mənim üçün bir haraydı. Səsdi, məsuliyyət, cavabdehlikdi. Söz əslində böyük məfhumdu.
 
- İsmayıl müəllimin sözü həmişə ünvanına çatıb?

-  Demək olar ki, çatıb. Mən adətən mahnıların mətnini yazmışam. Bir şeri yazanda ilk növbədə gözümün qabağında onun ifaçısı durur. Düşünürəm ki, onun bu sözləri deməyə haqqı var, ya yox.

- Yəni ünvanlanmış mahnılar və ifaçılar olur.

- O da nəzərə alınır. Qəlbimin sevgisindən doğan mahnılar çoxdu. Bunu konkretləşdirmək istəməzdim. Etiraf edim ki, sifarişlə yazdığımız mahnılar da olur. Elə sovet dövründə də sifarişlə yazdığım mahnılar olub.  Hansısa bir bayrama, vətənə, matəmə, tarixi günlərə ünvanlanmış mahnılarımız da var. Mən bir tərəfdən bəxtəvərəm ki, mənim yazdıqlarımın əksəriyyətini yaxşı müğənnilər oxuyub, yaxşı bəstəkarlar nota çevirib. Onlar da mənə borcludu, mən də onlara. Bunlar müştərək sevgi yaradır.

- İsmayıl müəllim sevəndə güclü yazır, ya sifarişli, pul olanda?

- Sizcə necə olar. Sevməsən yazmaq mümkün deyil. Təbii ki, hər iki halda, sevgini qoyursan ki, mətn gözəl alınsın. Hansı məcrada yazsam da, orda mənim üslubum, nəfəsim var. Mənim öz xırda yolum var. Mən Azərbaycan şeriyyatından kənar deyiləm axı. Məndən də əvvəl yazanlar olub. Azərbaycanda şairlər də çoxdu. İndiki mahnılara söz mətni yazmaq sizin üçün o qədər də asan gəlməsin. Çünki hər şeydən yazılıb, bu gün informasiya bolluğu var. Biz həm türkdilli, həm xarici musiqilər eşidirik. Dünyanın artıq nədən yazdığını bilirik. Ümumi bənzərliklər var. Amma hərəsində bir şair qəlbi, münasibət var.

- Şair qəlbi tez-tez eşqə düşür?

- (Gülür) Qızım, mənim o yaşım deyil.

- Axı siz şairlər deyirsiz ki, sevgi yaşa baxmır...

- Məni hamı yaxşı tanıyır. Ümumi şəkildə soruşursunuzsa, onu deyə bilmərəm. Mənim öz sevdiyim var, ömür-gün yoldaşım.

- Onu necə, xoşbəxt edə bilmisiz?

- İnsanın sevgisi tək bir insana aid deyil. Həyat keçdikcə sevgi şaxələnir. Övlada, nəvəyə və sair. Mən yaşadığım bu günü sevirəm. Mən vətənimi də sevirəm. Yazdığım şeirlərin elə çoxu da vətənlə bağlıdır.

- Hansı bəstəkarlarla işləmək sizin üçün asandır? Onunla həmin ruh dünyasına daha tez düşə bilirsiz?

- Zaman keçdikcə bəstəkarlarla işbirliyim də dəyişir. Misal üçün, 78-ci illərdə Əlibaba Məmmədovla çalışırdım. Ondan sonra Eldar Mansurovla, Cavanşir Quliyevlə, Oqtay Rəcəbovla, Mobil Babayevlə, Tofiq Babayevlə, Emin Sabitoğlu ilə və digərləri ilə işləmişəm. Sonra gənclər gəldilər. Hüseyn Abdullayev, Vaqif Gərayzadə, Vüqar Camalzadə. Çoxdular. Yaradıcı insan ünsiyyətdə olanda münasibətlər tənzimlənir. Hərənin öz üslubu, öz çəkisi var. Necə ki, bağçada hər gülün öz ətri olur, yaradıcılıqda da belədir. Mənim üçün öndə dayanan sənət əsəridir. Əgər mahnı sevilirsə, sevgisini tapırsa, bu, mənim üçün ən böyük qiymətdir.

- Mətnlərinizi hansı müğənninin ifasında daha çox sevmisiz?

- Elə müğənnilər çoxdur. Misal üçün, İlqar Muradov, Azərin, Zülfiyyə Xanbabayeva, Röya, Aygün Kazımova, Nisə Qasımova, Flora Kərimova, Tünzalə Ağayeva və başqaları. Bu adları çox çəkmək olar. Onların hərəsinin özünəməxsus ifa tərzləri var.

- Bəs hansısa mahnının mətnini verəndən sonra müğənninin ifasında eşidəndə peşman olmusuz?

- Peşmançılıq olub, amma o məndən asılı olmayıb. Bəstəkar kimin üçünsə yazıb, seçim bəstəkara aid olub. O qatar gedəndən sonra isə onun dalınca baxmazlar.

- Həyat sizin üçün hansı rənglərə boyanıb?

- Ay da... Sevdiyim rəng desəydiz, deyərdim ağla, qara.

- Niyə ağ-qara? Burda da bir məntiqi məna var? Həyat sizin üçün elə ağ-qaradan ibarətdir?

- Belə də demək olar. Rəngarəng də demək olar. Biz yaşayırıq, qarşıdan çox şeylərlə qarşılaşa bilərik və həyatın müxtəlif mərhələlərində həyatı fərqli rəngdə görmək mümkündür. Tanrının yaratdığı 7 rəng talemizin müxtəlif günləri, saatlarıdır. Elə gözəl an olar ki, o sənin üçün qırmızı görünə bilər. Ya da elə bir an ola bilər ki, qaram rəngə boyanar. Ancaq ağ və qara rəngləri çox bəyənirəm. Klassik rəngləri sevirəm. Buna baxmayaraq qəmgin insan deyiləm.

- Həyat yolunda neçə rəngi artıq keçmisiz?

- Onu  deyə bilmərəm. Bircə onu bilirəm ki, tanrının yaratdığı həqiqi rənglər bizim dostumuzdu.Yaranmış hər bir canlı yaşamaq hüququna malikdi. Biz də ömrümüzü bir nəğməyə bənzətsək, günlərimizi misra-misra yaşayırıq. Bu ömrün nəqarəti də var, bəndləri də, zilL yeri də var, bəmi də. İnsan çalışmalıdır hər gününü sevərək, sevilərək yaşasın. Əgər mən nəğmələrimdə sevilirəmsə, bu mənim bəsimdi.

- Həyatın zil məqamlarında ağlayan vaxtlarınız necə, olubmu?

- Niyə olmayıb ki? Olub. Həyat tək qazancdan ibarət deyil axı. Həyatın itkiləri də olur. İnsan əzizlərini itirir, gözləmədiyi anda həyat özünün pis tərəfini göstərir. Həyat həm göz yaşı, həm də sevincdi. Qadınlar ağlaya bilirlər, kişilər isə içində ağlayır. Həyat bu çətinliklərdən keçirkən, səni bərkidir. Bir şeyə sevinirəm ki, misralarımda bunu aşılaya bilirəm. Son mahnılarım qəlblərə daha çox yaxın olub, hərə özünə aid nəsə tapır. Misal üçün müğənnilərin populyar olmasında, sevilməsində mənim də əməyim var. Elə mahnı da olur ki, məhz sözlərinə görə dinlənir, sevilir.

- Röyanın da Röya olaraq sevilməsində sizin şeirlərin rou olubmu?

- Mən  bu barə çox danışıb, özümü tərifləmək istəmirəm.  Qısa deyim. Röyanın uğurlarında mənim sözlərimin müəyyən mənada rolu var. Onun oxuduğu bir neçə sevilən mahnının mətn müəllifi mənəm. Demək onun oxuduğu mahnılarda mənim də  qəlbim var. Mənim qəlbimin naləsi o mahnılarda hiss olunur. Misal üçün Röyanın ifasında məhşur olan "Səninəm", "Əlvida" və digərləri. Röya ona ürək verib oxuyub. Orda mənim də ruh dünyamın səsi var.

Tahirə Məmədqızı   
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.