Mədəniyyət

"Arxadan vurulan zərbə" - 40

17 Mart 2017 21:12
10 Şərh     Baxış: 2 811

Yaxud DTK-ya və kinematoqrafa töhfə

"Azərbaycanın kino incilərindən" rubrikasında qonaqlarımız "Arxadan vurulan zərbə"nin iştirakçıları və şahidləridir. Sevimli rejissorumuz, kinematoqrafiyamızda müəllif kinosunun ən parlaq nümayəndələrindən biri, ekran əsərləri kinokameranı violintək bağrına basıb duyğusallıq və ustalıqla dilləndirmək təəəssüratı doğurduğuna görə belə demək mümkünsə, kino sənətinin Paqaninisi Arif Babayevin doqquz filmindən yeddincisi olan bu ekran əsəri SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunsa da, qətiyyən sərtliyə köklənməməsi ilə diqqət çəkir. Çəkiliş anları haqqında təəssüratlarını bölüşən aktyorların hər biri Arif Babayev kimi rejissorla, Adil İsgəndərov kimi sənət xadimi ilə işləməyin aktyor üçün necə bir xoşbəxtlik olduğunu vurğuladılar.

Rasim Balayev: "...Cəbinin öldürülməsi epizodu çəkilən gün mənim ad günüm idi. Xahiş etdim ki, evə 5-6 nəfər qohum gələcək, bu epizodun çəkilişini çox uzatmayaq, mən çıxım gedim. Amma alınmadı, düz axşam onun yarısınadək dubllar davam etdi...

Rejissora, tərəf-müqabillərimə söz ola bilməzdi - biri o birindən peşəkar, bacarıqlı, yoldaşcanlı...İndi elə rejissorlar, elə aktyorlar var?..."

Amaliya Pənahova: "...Arif Babayev kimi rejissorla işləmək hər bir aktyor üçün xoşbəxtlik və zəngin məktəbdir. Məni Ziba roluna sınaqsız çəkmişdi. Oqtay Zibanı milis bölməsinə aparmağa gələndə qəhrəmanımın maşına çatarkən dediyi "ə, bu nə maşındı gətirmisən, başqa maşın tapılmırdı mənimçün?..." cümləsi mənim əlavəm idi, ssenari müəllifi də, rejissor da bu improvizəni uğurlu hesab etdikləri üçün montaja məruz qalmayıb".

Rafiq Əzimov:

- Əvvəla təşəkkür edirəm ki, bu filmin yubileyini ilk olaraq xatırladıb özünəxas şəkildə qeyd edirsiz. Və təbii ki, belə bir saytın uğurlu layihəsində bu filmə də yer ayrılması çox sevindiricidir. Həm də filmin 40 illiyi ilə bağlı tamaşaçılarla ilk görüşümüzün təşəbbüskarı olduğunuz üçün sizə ikiqat təşəkkür düşür.

Gözəl insan, gözəl rejissor olan Arif Babayevlə biz ilk dəfə 1973-cü ildə "Ömrün ilk saatı" filmində işləmişdik. Orda mənim ifa etdiyim Sadıq obrazı da ekranda üç yaş dövründə canlanır. Bəlkə də "Arxadan vurulan zərbə" filmində də müstəntiq Hüseynov obrazının üç yaş dövrünü ifa eləmək üçün məhz məni seçməyi buradan qaynaqlanıb. Görkəmli yazıçımız Elçinin ssenarisi əsasında çəkilən bu film "Azərbaycanfilm"in tarixində detektiv janrında çəkilən azsaylı filmlərdəndir. Sınaq çəkilişlərinə müxtəlif rollara namizəd olmaqla iyirmiyə yaxın aktyor dəvət olunmuşdu. Amma onların adları gizli saxlanılırdı ki, aktyorlara pis təsir etməsin və beləliklə də yaradıcı proses axsamasın. Maraqlı faktdır ki, "Yeddi oğul istərəm" filmindəki yeddi oğuldan beşini Arif Babayev bu filmə cəlb eləmişdi - Qəzənfər rolunun ifaçısı Şahmar Ələkbərov Gündüz Kərimbəyli, Bəxtiyar rolunun ifaçısı Həsən Məmmədov Əhməd Qəmərli, Şahsuvar rolunun ifaçısı olan məni müstəntiq Hüseynov, Cəlalı oynayan Ənvər Həsənovu Oqtay, Zalımoğlunu oynayan Ələsgər İbrahimovu Cabbarov rollarına çəkmişdi. "Yeddi oğul istərəm"də Gizir rolunun təkrarsız ifaçısı Hamlet Xanızadə isə bu filmdə İmaş obrazında çıxış etdi və çoxçalarlı, ampluasız aktyor bir daha sübut etdi. "Yeddi oğul istərəm"dən bircə Əbdül Mahmudovla rəhmətlik Elçin Məmmədov bu filmdə çəkilmədilər.

Əhməd Qəmərli roluna əvvəlcə Gündüz Abbasov təsdiq olunmuşdu. Amma bəlli olmayan səbəblərdən və hətta çəkilişlər də artıq başladığına baxmayaraq, o rola Həsən Məmmədovu məsləhət biliblər. O da rəhbərliyin təkidinə baxmayaraq, situasiyanın doğurduğu çox böyük tərəddüdlə çəkiliş meydançasına gəlmişdi. O, gələndə biz artıq Şəkidə çəkilişdə idik. Çəkilişlər müxtəlif məkanlarda aparılıb. Məsələn, müstəntiq Hüseynovun qatarla gəlib düşdüyü stansiya Xaçmaz stansiyası idi. Küçə ilə addımladığım epizod isə Zaqatalada lentə alınıb. Digər çəkilişlər Şəkidə, Mingəçevirdə, Pirəkəşküldə aparılıb. Filmin indi də maraqla baxılmasının səbəbləri əlbəttə ki, çoxdur. Əvvəla, təbii, inandırıcı ssenari... Mən o ssenarini oxuyanda film bütünlüklə gözlərimin önündə canlandı - obrazlar çox canlı təsvir olunmuşdu. Digər tərəfdən bu film SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 60 illiyinə həsr olunmuşdu və belə bir filmin istehsalına təbii ki, səy, diqqət ikiqat idi. Özü də ali kateqoriya ilə qəbul edilmişdi Moskvada. Aktyor heyəti çox bacarıqla seçilmişdi - adlarını çəkdiyim aktyorlarımızdan savayı əlbəttə ki, hamımızın ustadı Ədil İsgəndərov, Amaliya Pənahova, Rasim Balayev, Yusif Vəliyev kimi sənətkarlarımız da çəkiliş qrupumuzda idilər. Ümumiyyətlə, filmdə çəkilən və ya mənimlə tərəf-müqabili olan həmkarlarımın hamısı həvəslə işlədikləri üçün onları müşahidə etmək son dərəcə maraqlı idi. Bu mənada əlbəttə ki, Qurd Cəbrayıl obrazının parlaq ifaçısı Yusif Vəliyevin adı xüsusi qeyd olunmalıdır...

- Onun rolu canlandırmaq dərəcəsindən ekrandan tamaşaçıya vahimə keçir...

- Elədir. Yusif Vəliyev son dərəcə güclü aktyor və çox maraqlı tərəf-müqabili idi. Qurd Cəbrayılın müstəntiq Hüseynovu öldürmək istədiyi epizodun çəkilişi bir qədər gərgin keçdi. Hətta filmin ilk nümayişinə baxanda sizin qeyd etdiyiniz həyəcanı yaşamışdıq. Həm də bu həyəcan ikiqat idi - çəkiliş vaxtı keçirdiyimiz sırf tərəf-müqabili, personaj kimi həyəcanımız və tamaşaçı həyəcanımız bir-birinə qarışmışdı. Təbii ki, filmin ən həyəcanlı epizodu müstəntiq Hüseynovun bıçaqlanma epizodu idi. Zaqatalada çəkilən həmin epizodun uğurlu alınması üçün sirk artisti dəvət olunmuşdu, onun mənə, yəni müstəntiq Hüseynova tuşladığı bıçaq isə qaban bıçağı idi. Epizod çəkilməyə başlayandan əvvəl bir neçə metr uzaqdan bıçağı taxta dirəyi nişan alıb atdı və bir dəfə də olsun yayınmadı. Nəhayət, Arif dedi ki, gəl indi bunu epizodun içində çəkək. Deməli, Arif mənə dedi ki, birinci komandanı bıçaq atana verirəm, ikinci "əyil!" komandasını sənə verirəm. Bu vəziyyəti bir neçə dəfə çəkdik - təbii ki, mən arxaya baxmadan yalnız Arifin komandasına əməl edərək addımlayırdım və hər dublda da bıçaq başımın yanından ötüb dirəyə sancılırdı. Növbəti dublda Arif komandanı mənə bir az yubadaraq verdi. Və həmin anda başımın üstündən, saçıma nəyinsə toxunduğunu hiss etdim, çox da fikir vermədim, dedim yəqin bıçağın yeli imiş. Amma Arif başda olmaqla bütün çəkiliş qrupunun necə böyük həyəcanla ayağa qalxıb içlərini çəkdiklərini görəndə mən də vahiməyə düşdüm. Hamısı mənə yaxınlaşıb əllərini başıma sürtdülər görsünlər ki, başım yaralanıb, ya yox. Arifin rəngi sapsarı saralmışdı. Dərindən nəfəsini dərib dedi ki, ay Əzimov, deyəsən sənin anan namaz üstündə imiş... Mənim həyəcanlandığımı görüb ürək-dirək verib dedi ki, kinodur bu, yaxşı olacaq... Elə Qurd Cəbrayılla müstəntiq Hüseynovun keçən əsrin 30-cu illərindəki toqquşma epizodu da müəyyən çətinliklə başa gəlmişdi. Bu epizodlar Pirəkəşküldə də aparılmışdı, Qubanın Nügədi kəndində də. Çətinlik ona görə idi ki, bu filmdə qatırdan bir az böyük kolxoz atları ilə çəkilməliydik, çəkiliş aparılan məkan, balaca cığır isə dağın, uçurumun və çayın arasında idi, orda öyrəşmədiyimiz kolxoz atını çapmaq doğrudan da böyük çətinlik törədirdi. Amma cəmisi 20-30 metr at çapmalıydıq deyə, daha əlavə şəraitə ehtiyac olmadı. Daha doğrusu, çalışdıq ki, olmasın... Pirəkəşküldə Qurd Cəbrayılın dəstəsinin ardınca çapanda dar yolda döngə var idi. Daha kaskadyor dəvət etmədik, özümüz öhdəsindən gəldik o döngənin. "Yeddi oğul istərəm" filmində at sürmək bacarığı qazandığımıza görə elə bir çətinliyimiz olmadı. Şahmar Ələkbərovun qəhrəmanının müstəntiq Hüseynovla çay kənarındakı dialoqu, Qurd Cəbrayılı tanımaq üçün onu dəvət etdiyini dediyi epizod Mingəçevirdə çəkilib. Orda Gündüz Kərimbəyli müstəntiq Hüseynova 1930-cu illərə aid fotoşəkil göstərəndə Hüseynov təəccüblə soruşur ki, bunu hardan tapmısız? O yerdə Şahmarın özünəxas təbəssümlə gülümsəyərək sualı sözsüz cavablandırması tamaşaçıların ən çox diqqət yetirdiyi məqamlardandır. Doğrudan da, əsl kino, əsl kino aktyoru belə nüanslarda özünü büruzə verir və tamaşaçılar bunu çox yaxşı sezirlər.

Təəssüf ki, tərəf-müqabillərimin əksəriyyəti, həmçinin gözəl rejissor Arif Babayev haqq dünyasındadırlar və bu söhbətimizlə tanış olan tamaşaçılar sözsüz ki, aramızda olmayan, amma həmişə yerləri görünən sənətkarlarımıza rəhmət oxuyacaqlar.

Ənvər Həsənov:

"Arif Babayevlə tanışlığım 1966-cı ildə baş tutub. O, "İnsan məskən salır" filmini çəkəndə ustadım Adil İsgəndərovun köməkliyi ilə o filmdə rejissor köməkçisi kimi çalışdım. Adil müəllim müstəsna adamlardan idi, həm pedaqoq, həm də sənətkar kimi. Mən dörd il onun rəhbərlik etdiyi kinoaktyor studiyasında təhsil alandan sonra sənədlərimi İncəsənət İnstitutuna verdim, qəbul imtahanında məni görəndə dedi ki, ay Ənvər, sənə dünən diplom verdim ki... Özün də 3 gözəl filmə çəkilmisən, indi yenə gəlmisən? Mən də zarafatla cavab verdim ki, evdəkilər bir diplomun kifayət etmədiyini deyirlər, ona görə gəlmişəm... Müəllimim, tərəf müqabilim və ya səfər yoldaşım olduğumuz vaxtlarda hər zaman atalıq qayğısı və ustadlıq münasibəti görmüşəm ondan.

Arif Babayevlə uğurlu tanışlığımızın davamı olaraq "Uşaqlığın son gecəsi" filmində Murad rolunu mənə həvalə etdi... Uğurlu yaradıcılıq ünsiyyətindən savayı ikimizin də içərişəhərli olmağımız, hətta evlərimizin qonşu olması - bizim evimiz Məşədi İbad hamının üstündə idi, Kiçik Qala küçəsi, 24-də, onların evi Şirvanşahlar Sarayının yanında idi - münasibətimizi daha da məhrəm etmişdi. Onun İçərişəhəri necə bir həssaslıqla sevməsi və bu sevgini kino dilində çatdırmağı bacarması isə bəlli faktdır. Və hələ ikinci belə bir rejissorumuz yoxdur.

Bir gün mənə dedi ki, "Arxadan vurulan" zərbə adlı fimin çəkilişlərinə başlayıram, istəyirəm ki, könüllü drujina dəstəsinin rəhbəri obrazında çəkiləsən. Arif müəllimin özünəxas iş üslubu var idi və bu üslub ilk növbədə əsl kino təzahürünün meydana gəlməsinə xidmət edirdi. Onun hər bir filmi yaddaqalandı. "Arxadan vurulan zərbə" də bu mənada istisna deyil. Çəkilişlərimiz Şəki, Qax, Zaqatala, Mingəçevir, Xaçmaz, Quba və Qobustanda aparılıb. Filmin məsləhətçisi olan daxili xidmət polkovniki Sabir Hüseynovun məsuliyyətini, ədəb-ərkanlığını qeyd etməyə bilmərəm - üç aya yaxın davam edən çəkilişlər boyunca həmişə bizimlə oldu. Ssenaridəki süjet gerçək hadisədən qaynaqlanmışdı və Qurd Cəbrayıl obrazı reallıqda yaşamış belə bir şəxsin prototipi idi. Yusif Vəliyev bu obrazı şedevr səviyyəsində yaradıb. Hər dəfə filmə baxanda bunu etiraf etməmək mümkün deyil. Film ekranlara çıxandan az sonra günlərin bir günü "Sovetskiy ekran" jurnalını vərəqləyəndə gördüm ki, bizim bu filmə SSRİ-nin 17 milyon əhalisi baxıb. Bir kino xadimi üçün fəaliyyətinin belə faktlarla müşayiət olunması son dərəcə fərəhləndiricidir..."

Detektiv janrı kinonun ən sevimli janrlarından olmasını xüsusi vurğulamağa ehtiyac yoxdur. Oxucunun, və ya tamaşaçının detektiv süjetini fərqli maraqla izləməsini də həmçinin. Bir məqam mütləq xüsusi vurğulanmalıdır ki, sevilən nəsnə ötəri yanaşmada, bəsit, çiy yozumda təqdim olunanda bağışlanmaz səhv baş vermiş olur. Kino tariximizin az sayda detektiv nümunələrindən olan "Arxadan vurulan zərbə" ekran əsərinin belə səhvlər sırasından çox-çox uzaqda olmasını isə filmi hər dəfə seyr edəndə ən azı özlüyümüzdə etiraf etməyimiz sənətkarlarımızın və bizim xoşbəxtliyimizdir.

Samirə Behbudqızı

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Roker · 17 Mart 21:3480

    Klassika. Hemishe demishem Sovet dovru Azerbaycan kinosunun qizil dovrudu.

    Cavab yaz
  • Anonim
    Anonimka · 17 Mart 21:3880

    Chox sag olun,Milli.az bu meqaleye göre.Bu film Azerbaycan kinosunun shedevridi,bozbash "ulduzlarimiz"haqqinda oxumagdan gözlerimiz mozol olub.

    Cavab yaz
  • Anonim
    Hc · 17 Mart 21:4740

    Ən gözəl film,ən gözəl sənət əsəri.Allah qalan sənətkarlarimiza can sağlığı versin

    Cavab yaz
  • Anonim
    Il · 17 Mart 21:5630

    Menim dayimin yoldashi Gaxin iceri bazar deyilen kucesinde yashayirdi. O danishirdiki arxadan vurulan zerbe filmi bu kucede cekilib. O vaxt deyir kuceni iki terefden baglamishdilar,ve biz deyir yigilib tamasha edirdik cekilishe.Men her Gaxa nenem gele gedende o kuceye tez tez gederdik .cunki anamin emiside orda yashayirdi. Atilan bicag ise, menim anamin emisi gelin balkonlarinin direyine atilirdi. Her ora gedende o bicag izlerine baxardix. Nedense eziz Rafig muellim bu rayonun adini demedi.FIlm en cox sevdiyim filmlerden biridi.Seve seve baxiram.

    Cavab yaz
  • Anonim
    b · 17 Mart 22:1230

    Cetin birde hele kino ceksinler indikiler...cox suni cekirler adamin eti tokulur

    Cavab yaz
  • Anonim
    619 · 17 Mart 22:2150

    oooo sevdiyim filmlerden biri,belkede birincisi. kohne kinolarimiz yekdi: Gizil uchurum, Uwagligin son gecesi, Bir cenub weherinde,Ölsem bagiwla ve s.

    Cavab yaz
  • Anonim
    Nunu Sum · 17 Mart 22:5440

    Nolub ay arvad ?Deyəsən sözdü adama oxşuyursan?de görək. Zibanı apardılar. Necə?bıy başıma xeyir ə bu nə maşındı gətirmisən başqa maşın tapılmadı mənim çün .yaxşı keç keç çox danışma.ziba xanım necəsiz?adam belə yerdə necə olar?imkan verirsiz ki qaxılıb xarabamda oturum?

    Cavab yaz
    • Anonim
      ........ · 17 Mart 23:4020

      Yazdiginizi oxuyanda Amaliya xanimin sesi ile oxudum ele bil) heyf bele kinolardan(

      Cavab yaz
  • Anonim
    turqut · 18 Mart 00:1010

    YUSİF VƏLİYEVƏ ALLAH RƏHMƏT ELƏSİN.

    Cavab yaz
  • Anonim
    Maga · 18 Mart 08:4820

    Men bu kinoya baxmaqdan doymuram.cox gozel aktyorlar ve rejissor ishi.Anonimka demishken dirnaq arasi ulduzlarimizdansa bele meqalelere ustuluk verin.Her gun bir karifeyden yazin,retro mugennilerimiz yada salin.Tesekkur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.