Mədəniyyət

Aktyor Vidadi İsmayılın həyat və yaradıcılığına həsr olunmuş tamaşa səhnələşdirilib - FOTO

28 May 2011 22:51
Baxış: 4 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünən "Səda" Tədris Teatrında "YUĞ" teatrının aktyoru Vidadi İsmayılın (Həsənov) həyat və yaradıcılığına həsr olunmuş "Ömürlərə köçən ömür" adlı tamaşa səhnələşdirilib.

Quruluşçu rejissoru Türkan Əlizadə olan estrada xarakterli tamaşada aktyorun 30 illik teatr və kino fəaliyyətindən epizodlar onun tələbələrinin ifasında nümayiş olunub.

Tamaşada xalq artisti Ramiz Əzizbəyli, teatrşünas, tənqidçi Aydın Talıbzadə, şair Ramiz Rövşən, xalq artisti Ağakişi Kazımov, Dövlət Pantomima Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadənin, əməkdar artist Məmmədsəfa Qasımovun Vidadi İsmayılın sənət fəaliyyəti barədə fikirlər səsləndiriblər, Dövlət Pantomim Teatrının və "YUĞ" teatrının yaradıcı heyətinin ifasında nömrələr nümayiş olunub.

Vidadi İsmayıl "Qala", "Yalan", "Burulğan", "Fatehlərin divanı" kimi filmlərdə baş rollar, "Bəyin oğurlanması", "Burulğan", "Təxribat" və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Avtobioqrafiya:

Vidadi İsmayıl oğlu Həsənov 16 iyul 1958-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1980-1984). Gəncə Dövlət Teatrında (1978-1979), Tədris Teatrında (1984-1989), Yuğ Teatarında (1989-cu ildən) aktyor kimi çalışıb. Dövri mətbuatda müntəzəm yazılarla çıxış edir. Radio-tamaşaların rejissor və aktyoru olub (M.Süleymanlı "Köç", Füzuli "Həqiqətüs-süəda", "Kitab-i Dədə Qorqud - müqəddimə"). Şeirlər kitabı çapdan çıxıb ("Şair olmaq istəmirəm", Qanun nəşriyyatı, H.Vidadi İsmayıl adı ilə). Bard janrında musiqi ifaçısıdır. Müxtəlif şairlərin sözlərinə bu janrda 40-yaxın musiqi bəstələyib və ifa edib. Tədris Teatrında "Qaçaqlar" (Şiller), "Herastatı unudun" (Q.Qorin), "Poçt şöbəsində xəyal" (Elçin), "Benzindoldurma məntəqəsi" (B.Radoyev), Yuğ Teatrında "Salam" (Şəhriyar), "Oğul" (Dədə Qorqud dastanı əsasında), "Açar" (N.Gəncəvinin "Sirlər xəzinəsi" əsəri əsasında), "Albalı bağı" (A.P.Çexov), "Dəhnamə" (Ş.İ.Xətai) və s. tamaşalarda iştirak edib. Zəfər Yaradıcılıq Mərkəzində Şekspirin "Afinalı Timon" tamaşasında 3 rolda iştirak edir (rejissor Azərpaşa Nemət). Müəllim kimi onun rəhbərliyi altında Tədris Teatrında "Xanımın təşrif buyurması" (F.Dürre Matt), "Yudif" (A.Tamsaari), "Şadlıq sorağında" (V.Rozov), "Biz necə iş görürük" (C.Məmmədquluzadə, Ü.Hacıbəyov) tamaşaları hazırlanıb. Tələbələrin Beynəlxalq Teatr Festivalında (2005, Tbilisi) kursu ilə iştirak edib ("Yuxu" tamaşası, rejissor: V.Həsənov). 2009-cu ildə "Axın" Teatr Məktəbini təsis edib. "Axın" Teatr Məktəbində "Etiraf", A.Şaiqin "Tıq-Tıq xanım", Y.Səmədoğlunun "220 nömrəli otaq" tamaşalarına quruluş verib. Tükdilli xalqların 2-ci Beynəlxalq Teatr Festivalında özünün quruluş verdiyi "Dədə Qorqud" monotamaşasındakı işinə görə "ən yaxşı aktyor" mükafatına layiq görülüb (Ufa, 1996). Tallinfilm kinostudiyasının istehsalı olan "Güruh" filmində (Банда) meksikalı rolunda çəkilib. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dosenti, Yuğ Teatrının aktyoru, "Axın" Teatr Məktəbinin təsisçisi və rəhbəridir.

Filmoqrafiya:

BƏYİN OĞURLANMASI  - Musa
BURULĞAN  - Adil
YUMRUQLARLA SOLO - quldur
QOZBEL  - qozbel
LEYLİ VƏ MƏCNUN (III) - Leylinin atası
İŞARƏNİ DƏNİZDƏN GÖZLƏYİN - komandanın yavəri
QALA - Əbül müəllim
EHRAM TV - qısqanc ər
HÖKMDARIN TALEYİ - Cavad xan
ŞEYTAN GÖZ QABAĞINDA - brokonyer
TƏXRİBAT - mayor
YALAN - Yavər
YUXU YADDAŞI - ata
220 NÖMRƏLİ OTAQ - Ssenari müəllifi

Milli.Az















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.