Mədəniyyət

"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO

4 İyun 2026 21:00
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellektlə hazırlanmış "Düşmənə qarşı tək" adlı qısametrajlı filmin təqdimatı keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə dövlət qurumlarından rəsmi şəxslər, deputatlar, ictimaiyyət xadimləri, Natiq Qasımovun ailə üzvləri, şəhid ailəsi üzvləri, yaradıcı şəxslər, aktyorlar, rejissorlar, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri çıxış nitqi ilə açan Dilarə Əliyeva bildirib ki, bu film Natiq Qasımovun qəhrəmanlığından bəhs edən süni intellektlə hazırlanmış bir layihədir:

"Filmdə real aktyor, rejissor, qrim ustası və operator çalışmayıb, lakin buna baxmayaraq, yaradılan görüntülər mümkün qədər real təsir bağışlayır. Natiq Qasımov Mingəçevirdə kinoteatrda kino mexaniki kimi çalışıb və kinoya xüsusi marağı olub. Filmin ərsəyə gətirilməsi üçün Bakı Media Mərkəzinə müraciət etdik. Bu filmin yaranmasında göstərilən dəstəyə görə onlara təşəkkür edirik".

Filmin süni intellekt mütəxəssisi Sərvan Hüseyn də öz çıxışında Natiq Qasımov haqqında film çəkməyin onun ən böyük arzularından biri olduğunu bildirib:

"Natiq Qasımovun qardaşı və qardaşı oğluna göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Filmdə izləyəcəyiniz bəzi kadrlar Xocalıdan götürülmüş səhnələr əsasında süni intellekt vasitəsilə daha real vəziyyətə gətirilib. Səhnələrin 80 faizdən çoxu real görüntülərə əsaslanır. Süni intellektlə hissi tam şəkildə ötürmək çətin olsa da, bunun böyük ölçüdə bacarıldığımı düşünürəm. Ümid edirəm ki, filmi izləyənlər də bunu hiss edəcəklər".

Filmin layihə redaktoru Fariz Əliyev isə jurnalistlərə açıqlamasında film haqqında daha dolğun, ətraflı məlumat verib:

"Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş, süni intellektlə ərsəyə gətirilmiş 23-25 dəqiqəlik bu film, təbii ki, onun qəhrəmanlığını tam şəkildə ifadə etməyə kifayət etmir. Burada onun düşmənə qarşı mübarizəsi, beş gün beş gecə həmin məbədə qalxıb oranı müdafiə etməsi canlandırılır.

Bu filmdə heç bir real kadr yoxdur. Bu layihə Azərbaycanda bir ilkdir. Süni intellekt imkanlar yaratsa da, bir xeyli qadağaları da var. Xüsusən də müharibə filmi olduğu üçün. Amma fikrimcə, filmdə süni intellekt mütəxəssisi Sarvan Hüseyn işin öhdəsindən layiqincə gəlib.

Müharibə filmi olduğu üçün vacib məsləhətlərə də ehtiyacımız olurdu. Natiq Qasımovun ailə üzvləri bu işdə bizə böyük dəstək oldular, hekayəni danışdılar və bu da ssenarini formalaşdırmağa bizə kömək etdi.

Film "Soy Production" işidir. Süni intellekt filmində real operator, qrimçi yoxdur, aktyor yoxdur, hər şey masa üzərində hazırlanır.

Filmin istehsalı az məbləğ deyil. Bakı Media Mərkəzi maliyyə məsələlərində yanımızda oldu. Onlara təşəkkürümüzü bildiririk.

Bu süni intellektlə hazırlanmış film, eyni ölçülü real müharibə filmindən dörd dəfə ucuz başa gəlir".

Sonra film nümayiş olunub.

Filmin nümayişindən sonra isə söz Milli Qəhrəmanın qardaşına verilib.

Natiq Qasımovun qardaşı Nofəl Qasımov çıxışında bildirib ki, bu gün həm qürurlu, həm də təsirli bir gün olub.
O deyib ki, Natiq Qasımov kinomexanik işlədiyi vaxt müharibə filmləri göstəriləndə onu da özü ilə aparırmış:
"Deyirdi, bax gör nə qədər qəhrəman oğullar var. Mən də böyüyəndə qəhrəman olacağam".

Nofəl Qasımov bildirib ki, o, çoxlu müharibə filmlərinə baxıb, amma ilk dəfə aktyorsuz, real hadisələrə əsaslanan belə bir film izləyib. Onun sözlərinə görə, film o qədər təsirli olub ki, hisslərini saxlamaq mümkün olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.