Mədəniyyət

Məşhur azərbaycanlı illahiyyatçı: «Bir Quran ayəsi yetər ki, onların dediklərini alt-üst eləsin»

26 May 2011 09:15
Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İlahiyyatçı-alim, şair-tərcüməçi Nəriman Qasımoğlunun Milli.Az xəbər portalına müsahibəsi:

Nəriman bəylə gözəl bir yaz günü "Sabir bağı"nda görüşdük. Necə deyərlər, kürəklərimizi Qala divarlarına söykəyib, maraqla söhbət eləməyə başladıq. Bu maraqlı söhbətdən şəxsən özümün də çox şey öyrənəcəyimi əvvəlcədən duyurdum. Necə ki...

- Nəriman bəy, Qurani-Kərimin dilimizə ilk bədii tərcüməsinin müəllifi sizsiniz. Quranla Tövratın fərqi nədədir - öncə buradan başlasaq yaxşı olarmı?

- Bilirsiz, Quranda bir ayə var: "Bu Qurani-Kərim ona görə nazil olub ki, öncəki kitabları təsdiq eləsin". Yəni əlahiddə bir yazı deyil. İlahi yazıda, ilahi sistemdən gələn bütün məlumatlar, deməli, ilahi mahiyyət olduğuna görə məzmunu bir-birindən fərqlənməməlidi. Çünki hamısı Allahın yazısıdı. Müsəlmanların iman şərtlərindən biri də budur, Qurandan əvvəlki kitablara da iman gətirsinlər, peyğəmbərlərə inansınlar. Müəyyən məzmun oxşarlığı hansındasa çox təbiidir. Çünki təkallahlı dinlərin qaynağı birdir - Tanrıdandı, Tanrı vahiddi. Onun informasiyasındakı oxşarlıq da təbiidi.

Amma Qurani-Kərim mətn olaraq, üslub olaraq, dil olaraq, dil möcüzəsi olaraq tamamilə fərqlidi. Başqa kitablardan onu fərqləndirən əsas cəhət onun dil möcüzəsidi. Ədəbi baxımdan yanaşsaq, bu, həm də sənət möcüzəsidi. Ona görə Peyğəmbərimizə vəhy gələndə ona iman gətirmək istəməyənlərin bəhanəsi də bu idi ki, guya bu, şairdi, peyğəmbər deyil. Ən uzağı, gələcəkdən xəbər verən kahindi.

- Bilirik ki, əksər peyğəmbərlərin möcüzələri olub. Bəs Məhəmməd peyğəmbərin möcüzəsi nədəydi?

- Quranda Peyğəmbərimizə aid olan əsas möcüzə - bilirsiz, başqa peyğəmbərlərin də möcüzələri olub - elə bu Quran ayələridi. Yəni bu ayələrin özü möcüzədi. Quranın əsli dil möcüzəsi kimi o dərəcədə möcüzəlidi - söhbət Quranın əslindən gedir - misal üçün, səslərin düzümüylə alleterasiya, sonra qulağa bəzən poetik baxımdan qafiyələnmiş ayələr, bəzi yerlərdə qulağı sərbəst, rahat buraxmaq üçün qafiyəsizlik, təkrirlər... Bütün bunlar, görünür, Rəbbimizin ilahi hikməti çatdırması üçün bir vasitəydi. O zaman ki, bu Qurani-Kərim o vaxtki ərəb toplumunu heyrətə gətirsin. Bu da ümumilə poeziyanı aciz buraxdı, poeziya dirçələ bilmədi. Bu mənada Quran çox fərqlidi.

- Quranın nazil olunmasından qabaq, cahiliyyə dövründə ərəblərdə poeziya çox inkişaf eləmişdi. Bəziləri də belə hesab edirlər, Quranın ortaya çıxması da bu poeziya inkişafının, bumunun pik nöqtəsiydi. Bu, nə dərəcədə məntiqə uyğundu?

- Bilirsiz, bu, poeziya inkişafının zirvəsi deyil. Əgər bu zirvəsiydisə, beləcə də qalardı poeziya. Bu ilahi hikmət mənim nəzərimdə ondan ibarətdir ki, o zamankı cahiliyyə dövründə adət-ənənələr mənhusdu. Geri qalmış mental dəyərlər cəmiyyətdə fəsad, əxlaqsızlıq, vəhşilik, yeni doğulan qız uşağının torpağa diri-diri basdırılması kimi ənənələrin geniş yayılmasına səbəb olmuşdu. Bu fəsadın miqyası çox geniş idi. O biri tərəfdən də poeziyanın inkişafı.


"Türklərin islamı qəbulu başqa cür görünür"


- Bəs bu nədən doğurdu?

- Əbu Bəkrin belə bir sözü də var: "Ərəblərin poeziyadan başqa heç nəyləri yoxdu". Yəni mənfi mənada. Hətta Quranda "Şairlər" surəsində şairlərin ünvanına çox böyük tənqidlər səsləndirilir. Eləmədiyini, elədiyini - deyirlər, bir söz vadisindən o biri söz vadisinə keçdim - deyirlər. Yəni ilahi hikmətlərdən kənar, boğazdan yuxarı söz oyunları... Sözün müqəddəsliyi qalmışdı kənarda, bu oyunların fonunda da əxlaqsız bir cəmiyyət vardı. Başqa bir sənət növü olmayan, inkişaf eləməmiş bir cəmiyyət. Elə bil, elə həmin poeziyanı məğlub eləmək, - ciddi poeziyanı yox, ciddi poeziya haqqında Quranda yaxşı ifadə keçir: "O şairlər ki, zülm çəkirlər, Allaha iman gətirirlər, bunların o biri şairlərə heç bir dəxli yoxdu" - bu mənada həmin o poeziyanın məğlubiyyəti, digər tərəfdən bu əxlaqsız cəmiyyətə yeni bir əxlaqın gəlməsi, yeni bir sistem, yeni dəyərlər və bir inqilabi dəyişiklik, təfəkkürə Peyğəmbərin timsalında aşılandı.

Belə bir nümunəylə yarımvəhşi qəbilələr halında yaşayan ərəb tayfalarının birləşməsi, habelə ilahidən bütün dünyaya yayılmış ismarıcın gücü, o ismarıcdakı hikmətin gücünün nə dərəcədə perspektivi olduğunu göstərirdi. Bunu da tarix təsdiqlədi, yəni təkcə ərəblərin ünvanına deyildi. Buna görə də İslam çox rahat yayıla bildi.

Bəzən işlənən "qılınc müsəlman" və s. ifadələr var ki, bunlar mənasız söhbətlərdi, son əsrlərdə ortaya çıxan məsələlərdi. Amma türk tayfalarının İslamı qəbulunda heç zaman psixoloji əngəl olmayıb. Çünki Tanrısına iman gətirən türk üçün bu, çox rahat idi.

- Turan Dursun adlı bir türk alim isə bir yazısında İslamın türklərə necə zorla qəbul etdirildiyini əsaslandırmağa çalışır...

- Bilirsiz, o xilafət coğrafi sərhədlərini genişləndirməyə çalışanda yerli əhalinin müqavimətinə rast gəlib. O hadisələr siyasi çarpışmalardı, dini toqquşmalar deyil. Siyasi məqsədlər güdən xilafət başçılarından fərqli olaraq, İslam türk inancına qarşı deyildi. At belində gəzən xanımlar, xanımı yanında olan xaqanlar olub. Bu mənada türk əxlaqında şəriətin qadağalarına da ehtiyac olmayıb. Fərqli cəhətlər bunlar olub. Amma əsas fundamental iman məsələsində çox yaxın olublar. Yaxın olduğuna görə də türklər ərəb xilafətində öz bacarıqlarıyla gəlib orduya yiyə durublar, xilafəti, hakimiyyəti ələ alıblar.

Osmanlı İmperatorluğunun 500 illik tarixində İslamı qoruyan vasitə kimi çıxış eləməsi, kütləviləşməsi və s. Geniş mənada götürüləndə türklər İslam dininə öz doğma dinləri kimi sahib çıxıb, öz imperatorluqlarını qurublar. Ona görə tarixə nəzər salanda, türklərin islamı qəbulu başqa cür görünür.

- Çox vaxt təsəvvüf, sufi ədəbiyyatını da İslamla bağlayırlar. Sizcə, sufi ədəbiyyatının İslamdan qabaqkı kökləri yox idimi?

- Sufilik çox qədimlərə gedib çıxır. İslamla bağlı deyil. Bu, sadəcə islami qiyafədə özünü göstərir. Bu da türk xalqlarında çox geniş yayılıb.

- Niyə türk xalqlarında?

- Bilirsiz, türklərdə şamançılıq var - hətta Kitabi-Dədə Qorqudda da bunun izlərinə rast gəlirik - bu başqa dinlərdə də var, elə hinduizmdə də var. Məsələn, Tanrıya tapınmaqdan ötrü vasitə arayıb, bir nəfərdən keçmək... Yəni ustadı, müəllimi vasitəsiylə çatmaq. Sufilikdə də mürid-mürşid məsəlləri var. Burda da müridi vasitəsiylə Allaha çatmaq istəyi var. Bu, xristianlıqda da belədi.

- İsanın 12 həvarisi...

- Bəli. Yəni bunlar var. Hərçənd teoloji baxımdan, Quran məntiqi baxımından bunu tənqid etmək olar. Təkallahlı dinlərin məntiqində vasitəçi, ümumiyyətlə, yoxdu.

- Bəs peyğəmbərlər?

- Peyğəmbərlər də vasitəçi deyil, onlar sadəcə, ötürücüdürlər. Ona görə də bunun kökü çox qədimlərə gedir. Amma orası da var ki, teoloji baxımdan nə qədər tənqid eləmək mümkündürsə, ancaq o biri tərəfdən də böyük bir mədəniyyəti, sənəti ərsəyə gətirib. Bizim böyük sənətkarlar sufilikdən kənar olmayıblar. Bu mənada sufilik İslamın məhsulu deyil.

- Azərbaycandakı sufi ordenləri necə?

- Azərbaycan ərazisində çox böyük, çox müxtəlif variantlarda sufi ordenləri olub. Hətta sufiliyin elə ordenləri olub ki, vəziyyətdən sui-istifadə ediblər, cəmiyyətdə müxtəlif düşüncənin daşıyıcısı olmaqdan ötrü forma tapıblar, sufiliyi seçiblər. Bəzən elə məqamlar olub ki, sufilik pərdəsi altında əxlaqsızlıq yuvaları baş alıb gedib. Onlara sufi demək olmaz. O zaman, bilirsiniz, klublar, əxlaqsızlıq yuvaları olmayıb. O zaman hansısa forma seçəndə bunu belə yollarla etməyə çalışırmışlar. Amma cəmiyyət həmişə onları dışlamağa çalışıb və s.

Biz sufilik, təsəvvüf deyəndə, gözümüzə yalnız işıqlı, gözəl şeylər görünür. Dində isə ifrat ola bilməz. Yəni bu pis mənadakı ifratçılığın sufiliyə, təsəvvüfə aidiyyatı yoxdu. Quranda bir ayə var ki, dininizdə həddinizi aşmayın. Yəni dünyanı unudub, yalnız axirətlə yaşamaq olmaz. Əgər bu dünya pisdirsə, o zaman Rəbbimiz niyə yaradırdı bu qədər gözəllikləri?

- Nə üçün Qərb dünyasında müsəlmanla terrorçu az qala eyniləşdirilir?

- Bilirsiz, xristian dünyasında artıq kilsənin dövlətdən ayrılmasıyla onun siyasətə qarışması yasaqdı. Xristian dünyasında din adına siyasət yürüdülmür. İslam dünyasında isə bir çox dövlətlərin konstitusiyalarında belə, Şəriət qaydaları var. Yəni İslam dini adına siyasiləşmə getdiyinə görə, daha doğrusu, İslam dini siyasi alətə çevrildiyinə görə, o din adından siyasətlər yürüdülürsə, o imici özləri yaradırlar müsəlmanlar. Belə bir imicin yaranmasında da müəyyən maraqlı qüvvələr var Qərbdə. Onu da vurğulamalıyıq ki, din pərdəsi ilə örtülməyə çalışan çeşidli terrorçular da var.


"Ən böyük islahat qaynağı elə Quranın özüdü"


- Üsamə bin Laden də "cihad edirəm" deyirdi...

- Bu yaxınlarda öldürülən Bin Laden din adına cihad edirdi, amma onun fəlsəfəsi sırf terrordu. Terror fəlsəfəsi, ümumiyyətlə, İslam dininin düşmənidi. Bir Quran ayəsi yetər ki, onların dediklərini alt-üst eləsin. Orda yazılır: "Başqasına nifrətlə özünü öldürən birbaşa cəhənnəmlikdi". Onlar gərək bu sözləri başlığa çıxarıb baxsınlar. Görsünlər onlar həqiqi dindən nə qədər uzaqdırlar.

Amma Şəriət qaydalarında elə məsələlər var ki, onlara yenidən baxılmalıdır. Bunlar ötən əsrlərdən qaıb. Bunlar Quran üsulunda nəzərdən keçirilməlidi. İslam aləmində bu mənada böyük bir din islahatçılığına ehtiyac var.

- Hansı formada görürsüz bu islahatı?

- İslahatçılığı çəkinmədən, cəsarətlə şəriət qaydalarına yenidən baxılmasında görürəm. Alimlər sözdə deyirlər, amma kütlə qarşısına çıxıb deyənləri yoxdu. Qorxurlar.

- Nədən qorxurlar?

- Nüfuzlarının itirilməsindən qorxurlar. Çünki o ənənələr artıq formalaşıb, cəmiyyətdə kök salıb, milliləşib, şüurlara həkk olunub, məişət səviyyəsində yer alıb. Gərək təfəkkürü silkələyəsən. Bu da böyük cəsarət tələb edir. Ən böyük islahat qaynağı elə Quranın özüdü. O kitab bu saat imkan verir ki, böyük islahatlar aparasan. Bu, ilahinin lütfüdü. Çünki o kitabın işığında hər şey daha aydın görünür. Əslində insanlar o kitabdan uzaq tutulur.

- Bunu da yəqin məqsədli şəkildə edirlər...

- Bilirsiz, öz məqsədlərinə uyğun gəlmədiyinə görə üz tuturlar uydurma hədislərə. Belə-belə İslamın qaynağında Qurandan uzaqlaşdırma gedir. Allah birdirsə, onun qaynağı da, İslamın qaynağı da bir olmalıdı. Başqa bir qaynağı onun qaynağına şərik qoşurlar. Bu mənada ehtiyac var ki, İslam dini mahiyyətinə uyğun olaraq tətbiq olunsun. Yəni ata-babalardan qalma bir din kimi yox.

Din xadimi Quran ayələrinə nəzər salanda onların izahına hədislərin gözüylə baxır, şəriət gözüylə baxır. Görməyəndə isə deyir ki, burada nəzərdə tutulub. Özündən mötərizə açır. Məsələn, Quranda daş-qalaq məsələsi yoxdu, amma mötərizədə yazırlar. Yoxdu Quranda. Bu Quranla daban-dabana ziddi. Amma daş-qalaq hələ də bəzi müsəlman ölkələrində həyata keçirilir. Halbuki bu kimi cəza növləri bütpərəstlikdən gəlir. Çox məsələlər var. Amma din xadimi olmayanların da bu məsələyə qarışmağı çox yerində olardı. Dini yalnız din xadimlərinin öhdəsinə buraxmaq olmaz. Məsələn, M.Ə.Sabir din xadimi deyildi axı. Bəs necə olurdu qarışırdı?

- Axundov da...

- Axundov məsələsi çox mübahisəli məsələdi. Çünki XIX əsrdə dəbə minmiş bir hərəkat var idi - ateizm, o da ola bilsin, onun təsirindəydi. Amma Sabir böyük mənada dindardı. Hətta buna görə Mirzə Cəlilin ona irad dolu məktubları da var. Belə bir adam savaş açır müsəlman adət-ənənəsinə, çürük mental dəyərlərə. Çünki Qurana dərindən bələdliyi var idi. Din, din xadimlərinin inhisarından çıxmalıdı! Çıxmasa, mümkün deyil. Əsas islahatçılıq da budur.

- İslamın milliliklə nə kimi əlaqələri var?

- Hə, gələk milliliyə. İslamla millilik bir-biriylə tamamilə vəhdətdədi. Bizdə nə yaxşı dəyərlər varsa, hamısı İslamla çox bağlıdı. Sizin indi məndən müsahibə götürdüyünüz bu ana dili də İlahinin ayələrindəndi. Quranda yazılır: "Sizin rənglərinizi, dillərinizi müxtəlif elədik". Hər bir dil insan üçün İlahiylə təmasa girmək vasitəsidi. Bu da indiki dövrdə islahatçılığın əsasını qoya bilər. Quran əsası olmayan, Quran dəstəyi görməyən, sonradan adət-ənənəyə keçən dəyərlərdən çox çətindi uzaqlaşmaq. Bunun dəyişmə yolları da çox çətindi. Sadəcə, bunlar gərək islahatçılıqdan keçsin. İslahatçılıq da hamımızdan asılıdı.

- Elə Hüseyn Caviddə də...

- Bəli. Məsələn, bu yöndə Hüseyn Caviddə nəhəng məsələlər qoyulur. Xüsusən də, "Şeyx Sənan"da. Oxuduqca Cavidin ruhuna dua deyirik ki, nə gözəl yazıb. Misal üçün, Şeyx Sənanı xatırlayaq. Vurulur Xumara. O da xristian qızıdı. Onu hər şeyə məcbur edirlər. Bir məqam gəlir ki, ona şərab da içirdirlər. Şərab içəndə maraqlı bir işarəylə təsvir edilir. İndiki din xadimləri bunu qəbul etməzlər. Ondan sonra da deyirlər indi Quranı yandır. Şeyx Sənan da deyir keşişə, al özün yandır.

Deyir yox, sənin əlinlə yandırılmalıdır. Onun da dilindən bu sözlər çıxır ki, sən necə rəva bilirsən İsa Məsihin, Həzrəti Məryəmin adları çəkilən kitab yansın?! Bununla hər şey bitir. O, elə bir yerə gəlib çıxır, buna qədərki şərtiliklər çox xırda görünür. Və onların ruhları qovuşur əslində. Bu, həm də xristiana bir ismarıcdı ki, "sən də yolunu azmısan, belə şiddət olmaz". Bu mənada gözəl yazar nümunəsidi. Bunu din əleyhdarı yaradanda çox maraqsız olur. Cavid də bunu məhz ilahi duyuma görə yarada bilib.

Əsəd Qaraqaplan
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.