Mədəniyyət

Azərbaycanlı aktrisa: "Bəs həyat yoldaşımın vicdanına nə gəlib?" - FOTOSESSİYA

14 İyul 2016 21:12
26 Şərh     Baxış: 9 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aktrisa, əməkdar artist Kəmalə Hüseynovanın Milli.Az-a müsahibəsi.

- Kəmalə xanım, bu günlərdə sizi teleaparıcı kimi Space TV-nin efirində gördük. Sizin istəyiniz idi teleaparıcı kimi fəaliyyət göstərmək yoxsa, sadəcə olaraq gələn təklifi qəbul etdiniz?

- Təklif mənə Space TV-nin rəhbəri, görkəmi rejissor Vaqif Mustafayevdən gəldi. O mənə dedi ki, 3 ay boyunca sizi "Hər səhər" verilişinin aparıcısı görmək istəyirəm. Mən də, çox böyük məmnuniyyətlə, onun bu təklifinə razı oldum. Həqiqətən də, teleaparıcı kimi fəaliyyətdə olmaq kimi bir arzum var idi. Artıq bir neçə həftədir ki, verilişin aparıcılığını edirəm.

- Yəqin ki, televiziya məkanında ilk dəfə olduğunuz üçün həyəcan da yaşamısınız. Efir həyəcanının səhnədəki həyəcandan fərqi nədir?

- Xeyr, ilk dəfə deyil. 3-cü kursda oxuyanda mən 2 il boyunca Aztv-də "Azərbaycan dilini öyrənirik" verilişinin aparıcısı olmuşam. Qısa da olsa bir neçə verilişləri də aparmışam. Amma canlı yayım, 5 gün gündəlik veriliş ilk dəfədir ki, mənə həvalə olunub. Təbii ki, ilk günlər çox şaşırdım, hansı kameraya baxacağımı bilmirdim. Həyəcan və təngənəfəslik də var idi. Efir həyəcanı səhnə həyəcanından fərqlənir. Çünki efirdə milyonlarla tamaşaçının qarşısında oluruq. Teatrda isə çox olsa, 400 insanın qarşısında tamaşa oynayırıq. Amma yenə də öz fikrimdə qalıram ki, aktrisalıq çətindir. Çünki sən həmişə hisslərində qalıb, hisslərinlə yaşamalısan.

- Hisslərdən ayrı düşmək olurmu?

- Desəm ki, mən hisslərdən qurtulmuşam, siz buna inanarsınız? Bir aktrisa üçün hisslərdən qurtulmaq, hisslə yaşamamaq nə deməkdir? Bütün insanlar hissslərlə yaşayır, sevinir, ağlayır, gülür. Hər bir məqamda hisslərimlə yaşayıram. Nə yaxşı ki, hisslərimləyəm. Bəzən bu, mənə əzab verir, amma bu əzab çox xoşdur. Bu əzab təmizliyə, işığa aparan bir əzabdır. Nə yaxşı ki, hisslərimdən doğan bu əzabları yaşayıram.

- Kəmalə xanım, teleaparıcılar artıq sizi özlərinə rəqib görürlərmi?

- Xeyr, məndən nə rəqib? İnanmıram (gülür). Müğənnilər, teleaparıcılar aktyorluq edəndə mən heç vaxt onlara rəqib gözü ilə baxmıram. Yəqin ki, onlar da mənə rəqib kimi baxmazlar. Mən, ümumiyyətlə, heç kimə rəqib deyiləm. Mən, sadəcə, yaşayan və öz sənəti ilə nələrsə yaratmaq istəyən biriyəm. Mən heç kimə rəqib olmaq istəmərəm.

- Aparıcılıq sənətini gələcəkdə də davam etdirəcəksiz?

- Bəli, inşallah. Yəqin ki, yaxın gələcəkdə daha böyük proytektimiz olacaq. Amma o zaman davam etdirəcəm ki, artıq efirlərdə seriala çəkilməyəcəm.

- Ola bilərmi ki, teatrı nə vaxtsa tərk edəsiz?

- Xeyr, birmənalı şəkildə heç vaxt olmaz. Heç vaxt!

- Amma gəlin razılaşaq ki, bəzən bezib usandığınız vaxtlar olub...

- Təbii ki, bezdiyim anlar olur. Amma bu, ailə ilə, övladlarımla və yaxud sənətimlə bağlı deyil. Sadəcə, tez-tez yaşamaqdan bezirəm. Elə bil yaşamaq çətin gəlir mənə.

- Nədir sizi həyatdan bezdirən?

- (Fikirləşir) Bu sualın cavabını heç kimə deməmişəm. Elə bir qüvvəm yoxdur ki, bu sualı cavablandırım. Bağışlayın, deyə bilmərəm.

- Aktrisanın taleyi həyatda hansı insanların taleyinə bənzəyir? Bir aktrisa kimi bu taleyi yaşamaqdan məmnunsunuz?

- Bir tərəfdən baxandan aktyorların, aktrisaların taleyi heç bir insanın taleyinə bənzəmir. Çünki biz zaman-zaman çox talelər yaşamışıq. Başqa sənətin sahibləri isə öz həyatlarını yaşayırlar. Bəzən bir obrazı oynayarkən onun təsirindən çıxmıram. Amma mən taleyimdən məmnunam. Taleyimin ağrısıyla, acısıyla və gözəlliyiylə bərabər yenə də ondan məmnunam.

- "Vicdan haqqı" serialından danışaq. Dilarə xəyanətə uğramış bir xanımdır. Azacıq da olsa bu xəyanət sizə həyatda hər hansı insanın xəyanətini xatırladırmı?

- Nəinki azacıq da olsa? Çox xəyanətləri xatırladır. Amma bir tərəfdən mənim üçün xəyanət deyilən bir şey yoxdur. Əgər ortada sevgi varsa, səhvən də olsa xəyanət olubsa və bağışla deyilirsə, bağışlamaq daha gözəldir..

- Larisa kimi bir qadın həyat yoldaşınızı əlinizdən alsa, günahı kimdə görərsiz?

- Əlbəttə ki, kişidə. Tutaq ki, bir qadın mənim həyat yoldaşıma vurulur. Bəs mənim həyat yoldaşımın vicdanına nə gəlib? Demək ki, bunun da arzusunda həmin xanımla yaşamaq var imiş. Günahı kişidə görürəm. Kişilər deyir ki, biz güclü cinsik, ağıllıyıq. Onda elə bu məqamlarda da güclü olduqlarını göstərsinlər. Bir xanım onları ayırmaq istəyəndə desinlər ki, xanım, yolunuzla gedin, mənim ailəm var.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.