Mədəniyyət

Günel Məmmədova: "Onları birdəfəlik basdırmışam" - FOTOSESSİYA

20 Aprel 2016 21:40
1 Şərh     Baxış: 9 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Günel Məmmədovanın Milli.Az-a müsahibəsi

- Günel, bir-birinin ardınca bir neçə serialda çəkildiniz. Türkiyədən də sizə dəvət gəlmişdi. Niyə bu layihə reallaşmadı?

- Həmişə demişəm ki, xaricdə çəkilməyi, əcnəbilərlə işləməyi çox sevirəm. Çünki onlarla bərabər çalışmaq mənə çox maraqlıdır. Özünüz bilirsiniz ki, mənə türk seriallarından da təklif gəlmişdi. Amma məlum olmayan səbəblər üzündən reallaşmadı. Mən özüm də onlardan çox şey öyrənirəm. Əlbəttə ki, yenə təklif gələrsə, böyük məmnuniyyətlə çəkilərəm.

- Obrazlarınızı bir-birindən necə fərqləndirə bilərsiz?

- Əslində hər bir obrazın özü fərqlidir, insan həyatıdır və mən Günelin obrazıma baxışı, münasibəti və obraz olaraq obrazın belə baxışını həyata keçirməkdir. Bu təbii ki, bir fərd və aktrisa kimi individual yanaşmadır. Ona görə də bu, məncə, müqayisə olunmayan amildir.

- Bəzən yerli aktrisalarımız türk seriallarından nəyisə yamsılayırlar. Bu, sizcə, xoşagələn haldır?

- Türkiyə bizim qardaş ölkəmizdir. Biz axı sırf niyə onlar kimi oynamalıyıq, təqlid etməliyik? Unutmamalıyıq ki, bizim özümüzə məxsus dəyərlərimiz, yaşam tərzimiz var. Axı biz bir deyilik. Fərq etmir nə rol oynayırsan, harada oynayırsan. Əsas odur ki, onu necə oynayırsan? Əgər sən rolunun öhdəsindən layiqincə gəlirsənsə, onda lap Afrikada ol, sənə qiymət veriləcək və zəhmətin yerdə qalmayacaq. Bizim ən böyük problemimiz kimisə təqlid etməkdir. Biz özümüz olsaq, filmlərimiz də, seriallarımız da daha maraqlı olar. Bəs necə olur ki, biz köhnə filmlərimizi sevə-sevə izləyirik, amma yeni filmlərimizi tənqid edirik? Amma onu da deyim ki, sırf filmləri götürsək, təbii ki, hamısına şamil etmirəm.

- Sizcə, seriallarımızda nə çatışmır?

- Dediyim kimi, özümüz olmaq çatışmır. Kimlər kimisə serial çəkmək lazım deyil. Özümüzü unutmayaraq özümüz kimi çəkmək lazımdır.

- Günel hansı obrazında özü olub?

- Əgər təqlidi nəzərdə tutursunuzsa, Günel həmişə obrazlarda özü olub. Pis olsa da, özü olub. Yox, əgər siz obrazların xarakterini nəzərdə tutursuzsa, əlbəttə ki, orada mən də, müşahidələrim də, mütaliələrim də, fantaziyalarım da var.

- Günel, bir gənc aktrisa kimi teatrda işləmək sizi yormayıb ki?

- Xeyr, mən əslində həm teatrı, həm də kinonu çox sevirəm, bunları ayıra bilmirəm. Teatrda insanlar gəlib səni canlı izləyirlər. Sonda onların xoş sözləri, alqışları nəyə desəniz, dəyər. Elə olur ki, işin çoxluğundan yorulursan, amma insanlardan müsbət enerjini alandan sonra bütün yorğunluğun gedir. Mən sənətimi həddindən artıq çox sevirəm.

- Teatrınızda kimə həsəd aparırsınız?

- Teatrda heç kimə həsədlə baxmıram. Həsəd başqadır, öyrənmək başqa. Mən hamıdan nələrsə öyrənirəm.

- Ən pis xususiyyətiniz hansıdır?

- Mən bilmirəm nə dərəcədə pisdir, amma çox kinli insanam. Nə yaxşılığı unuduram, nə də pisliyi.

- Kinli olub illərdir küsülü qaldığınız sənət dostunuz varmı?

- Küsülülüyüm kinli olmaqla deyil. Sadəcə həyatda elə hadisələr baş verir ki, onları və əməlləri heç vaxt bağışlamaq olmaz. Xətt çəkdiyim andan o insanlar mənim üçün mövcud olmurlar. Ümumiyyətlə, mənim dostum ailəmdir. Sənətdə isə iş yoldaşlarım var.

- Dostlarınızdan çox vəfasızlıq görmüsüz?

- Əlbəttə. Mən satqınlığı və əsas da çörək itirən məxluqları birdəfəlik basdırıram. Ümumiyyətlə, mən mehribanlığı daha üstün tuturam və indiyə qədər üstündən birdəfəlik xətt çəkdiyim 4 insan var. Onları da bağışlaya bilmərəm.

- Kimdir onlar?

- Mən dedim axı, onları basdırmışam. Ölü haqqında danışmaq bizə düşməz (gülür).

- Günel bizim aktrisalara açıq-saçıqlıq nə dərəcədə yaraşır?

- Mən özümdən danışa bilərəm, başqalarını müzakirə etməyə haqqım yoxdur. Açıq-saçıqlığın yaraşıb-yaraşmadığı haqqında heç nə deyə bilmərəm. Hərənin öz seçimi və baxışı var.

- Sizi hansı rol məşhurlaşdırıb?

- Mən "məşhur" sözünü sevmirəm. Əsas insan olum. Azərbaycanda isə məşhurluq bu gün var, sabah yoxdur. Əsas mənim gördüyüm işlərdir. Onlara qiymət versinlər, yaxşını pisdən ayırsınlar. Mənim üçün məşhur o şəxsə deyilir ki, ölkəsindən kənarda da özünü tanıda bilib.

- Amma yəqin ki, sizi məşhurlaşdıran rolunuz olub.

- Siz çox gözəl bilirsiz ki, mən uşaqlıqdan həm vətənimdə, həm də xaricdə çəkilirəm. Sırf aktyorluq sənətimdə iki dönəm olub ki, mənim aktyorluq bacarığımın başqa tərəflərini də rejissorlar göstərməyə imkan veriblər. Mən istər filmlərdə, istərsə də teatrda müsbət baş qəhrəmanları oynamışam. Teatrda isə mənim ilk və indiyə qədər də sevimli rolum "Çimnaz xanım yuxudadır" tamaşasında Nabat rolu olub, ekran işində isə "Ləkə" serialındakı Arzu rolu.

- Deyərdim ki, bu rol sizin üçün yeni bir obraz idi.

- Bəli, düz qeyd etdiniz. Bu rolda rejissorlar məni necə görüblərsə, artıq məni yalnız mənfi obrazlara dəvət edirlər. Amma əvvəl mən mənfi obraz istəyəndə deyirdilər ki, sənin üz cizgilərin və səs tonun mənfi obrazları yaratmağa mane olur. İndi isə filmlərdə müsbət rollara həsrət qalmışam (gülür).

- Əslində kimdənsə qisas almaq üçün çarpışan bir xanım siması var sizdə. Gözlərinizə baxanda bu daha aydın hiss olunur.

- (gülür). Nə qisas? Siz mənim gözlərimə diqqətlə baxın. Gözlərimdə xoşbəxtlik, sevgi var. Həyat gözəldir və bu həyatı bu cür mənasız qisaslara xərcləmək düzgün deyil. Mən nəyin qisasını alım ki? Həm də həyat o qədər qısadır ki, bilmirsən, sabah başına nə gələcək. Hər anı dəyərləndirib son an kimi yaşamalısan. İnsan öz enerjisini yalnız yaxşı nələrəsə xərcləməlidir, boş, mənasız intriqalara, nə bilim, dedi-qodulara, qisasa, bir sözlə, lazımsız şeylərə yox.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.