Aktrisa Zülfiyyə Məmmədovanın Milli.Az-a müsahibəsi.
- Zülfiyyə xanım, siz "Həyat, sən nə qəribəsən" serialı ilə daha çox tanındınız. Tamaşaçılar da elə bilirlər ki, siz də rejissorların çəkdiyi "yoldan ötən" insanlardansınız. Amma Bələdiyyə Teatrında çalışdığınızdan bir çox insanların məlumatı yoxdur. İstərdim bu haqda danışaq...
- Mən 2006-cı ildə İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsinə daxil olmuşam. Xalq artisti Amaliya Pənahovanın kursunda oxumaqla yanaşı, 2007-ci ildə Bakı Bələdiyyə Teatrında işə düzəlmişəm. Elə o vaxtdan bu günə kimi həmin teatrda çalışıram. Xeyr, sözün düzü, heç vaxt özüm haqda "yoldan ötən" kəlməsini eşitməmişəm. Çünki tamaşaçı o dəqiqə yoldan ötən ilə 8 il teatrda çalışan aktrisanı ayırd edə bilir. O ki qaldı yoldan ötənlərə... Bilmirəm, mən aktyorların bioqrafiyası ilə məşğul olmuram. Ümidvaram ki, dediklərimi olduğu kimi çap edəcəksiz.
- Sizin xəbəriniz yoxdur ki, bu gün seriallarda çəkilənlərin bəziləri bu sənətə aidiyyatı olmayan insanlardır?
- Mənə elə gəldi ki, siz məndən müsahibə almaq istədiyinizdə yalnız mənə aid suallar verəcəksiniz. Daha bilməzdim ki, məndən başqa hər kəs haqqında danışılacaq.
- Nədən qorxursuz ki?
- Mən həyatda heç vaxt qorxmamışam. Əgər qorxsaydım, ümumiyyətlə müsahibəyə gəlməzdim (gülür).
- "Həyat, sən nə qəribəsən" serialında oynayarkən bu rol ilə tamaşaçıların nifrətini qazanmaqdan qorxmurdunuz?
- Serialdakı rolum sırf mənfi deyil. Onu həyat mənfiləşdirib. Əgər vəziyyət mənfini tələb edirsə, mən bunu mütləq o cür oynamalıyam. Elə işin də gözəlliyi ondadır ki, sən tamaşaçıların yadında mənfi bir insan kimi qalırsan. Xeyr, mənfi rollardan qorxmuram.
- Zülfiyyə xanım, bizim teatr və serial sənətimiz üçün bəzi rollar var ki, onları oynamaq hələ tezdir. Yəni qəbul edilmir. Bu tip rollara dəvət almısız?
- Xeyr, hələ ki, açıq-saçıq rollara dəvət almamışam. Dəvət alanda sizə cavabı deyərəm. Bu mənimlə rejissor arasında olan bir söhbət olar, bunun da kənar şəxslərə aidiyyatı yoxdur. Bilirsiz, necədir?.. Aktrisa ümumiyyətlə komplekssiz olmalıdır.
- Amma sizdə kompleks hiss edirəm...
- Komplekssiz insan yoxdur.
- Amma Naibə Allahverdiyeva, Fatma Mahmudova, Nahidə Orucova bu tip rollarda çox oynayıblar. Tamaşaçılar tərəfindən də qəbul olunub...
- Bəli, oynayıblar. Özü də çox gözəl də alınıb.
- Ailəlisiz?
- Xeyr, ailəli deyiləm. Allahın yazdığı bir gün var, o gün çatanda hər şey gözəl olacaq. İnşallah.
- Nağılların gerçək olmasına inanırsız?
- Ümidsizlik şeytandan, ümid isə Allahdandır. Ümidsə ən son ölür. Şükür bu günümə. Niyə də inanmayım?
- Amma inanmıram ki, sizin kimi gözəl xanıma evlilik təklifi edənlər olmasın...
- Elçilərim çox olub, lap çox. Amma o lazımlı adam onların içərisində olmayıb. Evlilik elə bir incə təklifdir ki, yaxından tanımadığın, varlığına 100 faiz bələd olmadığın adama "hə" deyə bilmirsən.
- Sevə bilmirsiz?
- Sevə bilməyən insan ümumiyyətlə yaşaya bilməz...
- Demək ki, sevmisiz...
- Nə vaxtsa sevdiyimi xatırlamıram..
- Gəlin paltarını geyinmədən də xoşbəxt olmaq olur. Amma bəzi qızlar sırf o günü gözləyirlər. Bəs siz?
- Toy xoşbəxtlik deyil, amma xoşbəxtlik toydan başlayır. Unutmayaq... Hər subay xanımın arzusudur ki, gəlinlik geysin. Allah bütün xanımlarımıza gəlinlik qismət etsin. Əsas insanın günü ağ olsun, ağ gəlinlik geyimi olmasa da olar... Yanında səni başa düşən həyat yoldaşının olması daha vacibdir.
- İdeal kişi, sizcə, necə olmalıdır?
- Səmimi qəlbdən deyirəm, bilmirəm necə olmalıdır. Mənim aləmimdə güvənə bildiyim, mənim ümüdlərimi puç etməyəcək, sözündə duran kişi ideal kişidir.
- Övladınıza nə ad fikirləşmisiz?
- Yox, bunu heç vaxt, heç kimə demərəm. Sirdir.
- Sirlərinizi kiminlə bölüşürsüz?
- Anamla...
- Depressiya yaşamısız?
- O halı hər kəs yaşayır. Bu normaldır...
- Ən çox nə vaxt depressiyaya düşürsüz?
- Çəkim artanda depressiyaya düşürəm. Arada bir kilo alıram.
Əli Rəhimoğlu
Milli.Az