Rusiya

Rusiya rahibələrdən Avropada təbliğat casusu kimi istifadə edir - KİV

21 İyun 2025 23:41
Baxış: 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Estoniya hökuməti Kremlin Baltikyanı regiondakı uzaq bir monastır vasitəsilə Avropaya qarşı aparılan hibrid müharibə çərçivəsində rus təbliğatını yaymaq üçün rahibələrdən istifadə etdiyini bildirir. 

Milli.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Estoniyadakı Rus Pravoslav Kilsəsinin rahibələri Avropaya qarşı aparılan hibrid müharibədə Rusiya təbliğatının yayılmasında istifadə olunur.

Rahibələrlə Estoniya hökuməti arasındakı münaqişə, onları Moskva Patriarxlığı ilə əlaqəni kəsməyə məcbur edən yeni qanundan qaynaqlanır.

Estoniyanın şərqində yerləşən Pyukhtitski monastırı, din, millətçilik və imperiya nostaljisini birləşdirən "Rus Dünyası" ideologiyasının simvolu sayılır.

Estoniyanın şərqində yerləşən və rəsmi olaraq dünyəvi işlərdən uzaq olduğunu bəyan edən Pyukhtitski monastırı, əslində Qərbdə guya dini azadlıqların təhdid altında olduğunu iddia edən Kreml yönlü fikirləri yayır.

Rus Pravoslav Kilsəsinin rahibələri ilə Estoniya hakimiyyəti arasında davam edən münaqişənin mərkəzində, onları Patriarx Kirill ilə əlaqələri kəsməyə məcbur edən yeni qanun dayanır. Qeyd edək ki, Kirill Ukrayna müharibəsinin açıq tərəfdarıdır.

Monastır isə bu əlaqələri kəsməkdən imtina edir, kilsə qanunlarını əsas gətirir və Estoniya hakimiyyətini "geosiyasi məsələlərdə neytrallığı" pozmaqda ittiham edir.

Lakin Estoniya Daxili İşlər Nazirliyi bu "neytrallıq" iddiasını rədd edir və bildirir ki, monastır əslində Rusiyanın informasiya müharibəsinin bir hissəsidir və Qərbi guya günahsız pravoslav rahibələrə təzyiq göstərən aqressor kimi təqdim edir. Nazirlik həmçinin yeni qanunun monastırı bağlamağa yönəldiyini inkar edir.

Estoniya hökumətinin sözçüsü Martin Tulit "The Telegraph"a müsahibəsində bildirib ki, bu monastır sadəcə dini müəssisə deyil, Estoniya ərazisində Rusiyanın və Moskva Patriarxlığının təbliğ etdiyi "Rus Dünyası" ideologiyasının simvoludur. Bu ideologiya din, millətçilik və imperiya nostaljisini birləşdirir.

Onun sözlərinə görə, monastırın baş rahibəsi Filareta Kalatsova 2011-ci ildə Patriarx Kirill tərəfindən şəxsən təyin edilib və Estoniya tarixinə dair Rusiyanın rəsmi baxışlarını təbliğ edir.

Estoniya Rusiyanı mövcudluq üçün təhlükə kimi görməyə davam etsə də və Ukraynanı fəal şəkildə dəstəkləsə də, ölkədə təxminən 300 min rusdilli sakin yaşayır.

Monastırın baş rahibəsi Filareta isə Kremlə yaxın olmaq ittihamlarını qətiyyətlə rədd edir və bildirir ki, rahibələr sadəcə sakit və dua dolu bir həyat sürmək istəyirlər.

"Bizim həyatımız sadədir - dua və əməyə əsaslanır. Biz bu dünyadan çıxmışıq ki, Tanrıya qulluq edək," - deyə o, bildirib.

Ukrayna müharibəsində Moskva Patriarxlığının dəstəyinə və hücumlardan öncə silahların təqdis olunmasına münasibət bildirən Filareta deyib ki, monastır Kirillin bəyanatlarına görə məsuliyyət daşımır:

"Hər bir müharibə faciədir. Yalnız əsgərlər yox, uşaqlar, qadınlar, qocalar da ölür. Güllə və qumbara körpəni əsgərdən ayırmır. Ağlı başında olan insanlar başa düşür ki, müharibə böyük faciədir."

Monastırın niyə, məsələn, Konstantinopol Patriarxlığının tabeliyinə keçmədiyi sualına Filareta cavab verib ki, bu, kilsə qaydalarına zidd olar. Çünki yeni qanunun əsas tələb etdiyi budur: Rus Pravoslav Kilsəsi ilə kilsə əlaqələrinin tamamilə kəsilməsi.

Sözügedən qanun, Estoniya Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun zorla dəyişdirilməsini dəstəkləyən və ya maliyyələşdirən dini təşkilatlarla əlaqəni qadağan edir.

Moskva Patriarxlığı Ukraynadakı müharibəyə açıq dəstəyi səbəbilə bu qanuna əsasən belə bir təşkilat hesab olunur. Qanun əvvəlcə Estoniya Prezidenti Alar Karis tərəfindən "çox geniş" olduğu əsas gətirilərək veto edilsə də, dəyişdirilmiş formada parlamentə yenidən təqdim olunub və 68 lehinə, 17 əleyhinə səslə qəbul olunub.

Rahibə Filareta bildirib ki, monastır bu qanuna tabe olmaq niyyətində deyil. Yeni dəyişikliklər nəticəsində monastır artıq xüsusi hüquqi statusa malik hüquqi şəxs kimi fəaliyyət göstərə bilməyəcək. Sadəcə hüquqi imtiyazlar olmadan dini icma kimi fəaliyyətini davam etdirə biləcək.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.