Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi başa çatıb.
APA-nın xəbərinə görə, mərhumun cənazəsi Akademik Milli Dram Teatrından qaldırılıb və dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.
Şair I Fəxri Xiyabanda atası, xalq şairi Səməd Vurğunun məzarı yaxınlığında torpağa tapşırılıb.
Mərhumun ruhuna dualar oxunub.
---------
14:18
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi keçirilir.
Trend-in məlumatına görə, Azərbaycanın xalq şairi Söhrab Tahir Vaqif Səmədoğlu barədə danışaraq bildirib ki, onun ölümü çox ağır itkidir: "Sıralarımızdan böyük bir şair getdi. O tez getdi, hələ 20 il də yaşaya bilərdi. Vaqif böyük Səməd Vurğunun oğlu olsa da, onun öz yolu, öz cığırı oldu".
Xalq şairi ilə vida mərasimində qohumları, tanınmış ictimai-siyasi xadimlər, bir çox yazıçılar, şairlər, aktyorlar iştirak edirlər.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında deyib ki, V. Səmədoğlunun ölümü Azərbaycan ədəbiyyatı üçün böyük itkidir: "Səməd Vurğun ailəsi sonbeşiyini, Azərbaycan ədəbiyyatı böyük şairini, mən dostumu itirdim. Vaqif ölümdən yazsa da, həyatı çox sevirdi. O, bizə kişi kimi yaşamağı, ölümü kişi kimi qarşılamağı öyrətdi".
Dövlət müşaviri Kamal Abdulla isə çıxışında bildirib ki, V. Səmədoğlunun itkisi ədəbiyyatın böyük itkisidir. K.Abdulla deyib ki, onun qədər daxilən azad adam tapmaq çətin məsələdir: "Onun həyat sevgisi, təbəssümü hər kəsin qəlbində yaşayacaq. Vaqif Səmədoğlu öz həyat fəlsəfəsi, öz həyat baxışı olan insan idi".
V.Səmədoğlu I Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) 2015-ci il yanvarın 28-də ömrünün 76-cı ilində vəfat edib.
Vaqif Səmədoğlu 1939-cu il iyun ayının 5-də Bakı şəhərində anadan olub. O, 1956-cı ildə Bülbül adına musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb, sonralar Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib.
Allah rəhmət eləsin!
Milli.Az
----------
15:36
Böyütmək üçün şəkillərə klikləyin.























---------
14:18












