Mədəniyyət

Azərbaycanın xalq artisti: "Yaşar Nuri mənim..." - FOTOSESSİYA

13 Mart 2014 02:00
2 Şərh     Baxış: 4 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti Zərnigar Ağakişiyeva teletamaşalardakı rollarının maraqlı tarixçələrini Milli.Az-a danışdı.

Tamaşaçıya enerji ötürmək üçün səhnədə daha əlverişli imkan olsa da, heç bunu da teatrda çalışan hər aktyor bacarmır, o ki qaldı ekran arxasından tamaşaçını qığılcımlandırmağa, bu, ümumiyyətlə, nadir həzzlər sırasına aid təzahürdü. İstedadlı, bacarıqlı aktyor olub rolun öhdəsindən məharətlə gələrək, ədəbi material müəllifinin və rejissorun ideyalarını kifayət qədər parlaq canlandırmaqla enerji ötürücülüyünün arasında, yəni ona doğru çox xəfif pillə var. Zərnigar Ağakişiyeva tamaşaçılarına məhz bu nadir həzzi yaşadan, o pilləyə qalxan sənətkarlardandı. Onun tele və kinoekran (təəssüf ki, kinorejissorlar bu aktrisanın potensialından çox az istifadə ediblər - S.B.) qəhrəmanlarının ötürdüyü enerjinin doğurduğu duyğunu Sofi Lorenin filmlərindən aldığımız enerji ilə müqayisə etmək olar - hər iki aktrisa ekranın o üzündən bu üzdəki tamaşaçını "yandırmaq" iqtidarındadı.

Ümumilikdə səhnənin və ekranın, ayrıca olaraq, televiziya tamaşalarımızın kraliçası olan Zərnigar xanımla on il ərzində ikinci dəfə baş tutan söhbətimiz zamanı hər bir rolundan danışanda hansısa məqamda həmin obrazın üz ifadəsini, ədasını fraqmental tərzdə yenidən canlandırırdı. Oxucular üçün bunu təsəvvür etmək çətin olmaz, çünki Zərnigar xanımın yaratdığı müxtəlif və maraqlı qadın obrazları onları nəinki heyranlıq, məhəbbət və hörmət dolu məktublar, poetik parçalar yazmağa da ruhlandırıb. Özü də bu poetik parçaların qələmə alınma tarixi ötən əsrin 80-ci illərində donub qalmayıb, 2000-ci illərə qədər aktrisanın çoxsaylı tamaşaçılarında şairlik duyğusunun təravətini saxlayıb.

Dosye:

Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. Bakıda Ticarət-Kooperativ Texnikumunu və Moskvanın Kooperativ Texnikumunun nəzdindəki reklam işi üzrə dekorçu-rəssam kurslarını bitirdikdən sonra 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Akademik Milli Dram Teatrında, ilk tamaşası, 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. 2011-ci ilə qədər bu teatrın səhnəsində Azərbaycan və dünya klassik və müasir əsərlərinin tamaşalarında müxtəlif xarakterli obrazlar yaradıb, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə və Azərbaycan Televiziyasının çəkdiyi teletamaşalarda yaddaqalan xarakterlər canlandırıb.

Aktrisa 1982-ci ildə Azərbaycan SSR-in əməkdar artisti, 2000-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Z.Ağakişiyeva "Teletamaşalar" rubrikamızın qonağı olduğu üçün onun iştirak etdiyi televiziya tamaşalarının və rollarının siyahısını təqdim edirik:

"Ötən ilin son gecəsi"ndə Həmidə (1978), əsərin müəllifi Anar, qur. rej. R.Həsənoğlu, "Mehmanxana sahibəsi"ndə Mirandolina (1978), əsərin müəllifi K.Qoldoni, qur.rej.L.Məmmədbəyli, Ə.Zyadxanov, televiziya rejissoru T.Vəliyev, "Köhnə dəbli komediyada Lidiya Vasilyevna (1981), əsərin müəllifi A.Arbuzov, qur.rej. B.Məmmədov, "Kökdən düşmüş piano"da Qayınana (1982), əsərin müəllifi Mövlud Süleymanlı, bədii rəhbər Ramiz Həsənoğlu, qur.rej. L.Cabbarova, "Kişilər"də Rəxşəndə (1984), əsərin müəllifi A.Məmmədov, qur.rej. l.Məmmədbəyli, televiziya rejissoru Kərim Kərimov, "Sarıköynəklə Valehin nağılı"nda Ceyran (1985), əsərin müəllifi İ.Əfəndiyev, qur. rej. L.Məmmədbəyli, "Atayevlər ailəsi"ndə Dilşad (1987), əsərin müəllifi İ.Əfəndiyev, quruluşçu rejissor L.Məmmədbəyli, televiziya rejissoru T.Vəliyev, "Ordan-burdan"da Firuzə (1987), Ü.Hacıbəylinin felyetonları əsasında, qur.rej.R.Həsənoğlu, "Mən sənin dayınam"da Silvana (film, 2001), əsərin müəllifi Elçin, qur. rej M.Bədirzadə.

Z.Ağakişiyeva:

- Televiziya tamaşası janrında ilk təcrübəm 70-ci illərin əvvəllərində efirə gedən, amma fondda qalmayan hekayə axşamlarında baş tutub. Belə hekayə axşamları çox çəkilirdi, müvəqqəti teleproqramlar kimi. 75-ci ildə isə Kərim Kərimov general Həzi Aslanovun həyatından bəhs edən "Pəncərədən daş gəlir..." adlı tamaşa hazırladı. Tamaşada Həzi Aslanovun həyat yoldaşı Xavər xanım obrazı mənə həvalə olunmuşdu. Süjetə görə tamaşaçılar onun yaşlı vaxtını, Həzi Aslanovu xatırladığı dövrünü görməli idilər.

Mənə ümumxalq şöhrəti gətirən tamaşalardan ikisi 78-ci ildə çəkilmiş "Ötən ilin son gecəsi" və "Mehmanxana sahibəsi" tamaşaları oldu. O vaxt bütün televiziya tamaşalarının ilk məşqi "Azdrama"nın dördüncü mərtəbəsində, indi studiya kimi fəaliyyət göstərən böyük məşq otağında olurdu. Orda birinci məşqimizi edib sonra telestudiyaya gedirdik. Teatrdakı məşq otağında bu tamaşanın ilk məşqini edəndə Anar müəllim dedi ki, elə bil bu əsəri mən yazmamışam. Görünür, məşq prosesində əsərin ən yaxşı mənada özümüzünküləşdirdiyimizi müşahidə etmişdi. Bu tamaşa o vaxtlar nəinki Azərbaycanda, bütün SSRİ-də məşhurlaşan Anarın eyniadlı hekayəsi əsasında hazırlandığı üçün çox böyük əks-səda doğurmuşdu. Oradakı Həmidəni sevməmək mümkün deyil.

- O obraz sizdən 20-25 yaş böyükdü. Tamaşada sizin bu yaşda görünməyiniz süni, yapma təsir bağışlamır. Halbuki bəzi aktyorlarımızı müxtəlif film və tamaşalarda yaşlarından böyük rollarda çox qeyri-təbii şəkildə yaşlanma qrimində görmüşük. Mənə elə gəlir ki, sizin aktyorluqdan öncəki rəssamlıq meyliniz, bacarığınız və birinci ixtisasınızın da bu sahəyə uyğunluğu öz işini görüb, hətta qrimçiyə kömək də etmisiniz. Elədi?

- Bəli. Qrimi, demək olar ki, həmişə özüm etmişəm. Özüm etməsəm də, bu işi heç vaxt bütünlüklə qrimçinin ixtiyarına verməmişəm, öz fikirlərimi də demişəm. Çünki qadın özü hamıdan yaxşı bilir ki, hansı qrim, hansı makiyaj ona uyğundu və yaraşır.

- "Ötən ilin son gecəsi" ilə bir ildə efirə "Mehmanxana sahibəsi" də çıxıb. Tamaşaçılar ilk dəfə hansını görüblər?

- "Ötən ilin son gecəsi"ni. "Mehmanxana sahibəsi" ondan sonra hazırlandı. Bu tamaşanın meydana gəlməsinin maraqlı tarixçəsi var. Bizim teatrın kostyum sexində Alla adlı bir kostyumer var idi. Mənim həm səhnə libaslarımı, həm də adi həyatda geyindiyim paltarları o tikirdi. Bir gün həmin kostyumer məndən soruşdu ki, "Mehmanxana sahibəsi" komediyasını oxumusan? Mirandolina obrazı sənə çox yaraşar. Mən də o əsərin azərbaycancasını tapana qədər ruscasını oxudum. Və fikirləşdim ki, belə şuxluğa kim rejissorluq edə bilər? Ağlıma heç kim gəlmirdi. Birdən Tədris teatrından tanıdığım Ədalət Ziyadxanov yadıma düşdü. Gümanım yalnız ona getdi. Fikirləşdim ki, əsərdəki bu çılğınlığı o, yaxşı çatdıra bilər. Zəng edib əvvəl əsərin azəricəsini ondan xəbər aldım ki, hardan tapa bilərəm. Dedi, məndə. Nizami muzeyinin qabağında görüşdük. Fikrimi Ədalətə açdım. Dedim ki, amma Lütfü müəllim (mərhum rejissor və aktyor Lütfü Məmmədbəyli - red.) mütləq tamaşanın ərsəyə gəlməsində iştirak etməlidi, çünki gözəl teletamaşaların yaradılması işində onun böyük təcrübəsi var...

Beləliklə, əsəri götürüb getdik AzTV-nin o vaxtkı sədri Elşad Quliyevin qəbuluna. Elşad müəllim onun "yaşıl işıq" yandırmasına ehtiyacı olanlara heç vaxt "yox" deməzdi. Telekanal rəhbəri kimi çox müdrik və bacarıqlı adam idi. Bizim ideyamızdan xəbərdar olanda da xeyir-duasını əsirgəmədi. Lütfü müəllimin televiziya teatrı sahəsindəki bacarığını və zəhmətini o da qeyd etdi. Mənim də ünvanıma kompliment söyləyərək dedi ki, Zərnigar xanım tamaşaçıların sevimlisinə çevrilib və klassik italyan komediyasının qəhrəmanı kimi onu görmək onlar üçün çox maraqlı olacaq. Elşad müəllim telekanal rəhbəri kimi tamaşanın ərsəyə gəlməsi üçün zəruri olan maliyyə məsələlərinin də həll olunacağını bildirdi. Tamaşanın taleyinin həll olunmasından arxayın olan kimi kostyumer Alloçkanın yanına gəlib ideyasına görə təşəkkür elədim. Mirandolina da ki heç bilmirəm necə oynadım...

- Elə oynadınız ki, ümumiyyətlə, yaradıcı heyətin əsərə yanaşması elə dəqiqdir ki, Mərkəzi Televiziyanın eyniadlı tamaşası bizim bu tamaşaya xeyli dərəcədə uduzur. Baxmayaraq ki, mərhum Natalya Qundareva geniş potensialı olan aktrisalardan idi, amma burada onun potensialı istifadə olunmadığından tamaşa çox sönük təsir bağışlayır.

- O vaxt bizim tamaşa ilə Mərkəzi Televiziyanın tamaşası efirə paralel verilirdi. Və bu fikirləri o vaxt da eşidirdik. Məncə, bunun səbəbi şimal soyuqluğundadı. Onlara bu cəhət təsir edib, ona görə tamaşa sönük alınıb. Biz və italyanlar isə bir-birimizə çox oxşayırıq. Ona görə İtaliya ədəbiyyatının ən tanınmış komediya ustalarından biri olan Qoldoninin bu əsəri bizim versiyada öz təbii çılğınlığında, emosionallığında alınıb. Hətta yadıma gəlir ki, İtaliyada turist səfərində olanda başqa bir ölkənin turist qrupu biz azərbaycanlıları italyan bilib fotoşəklimizi çəkmək istəyirdi.

- Sizə şöhrət gətirən tamaşalardan ikisinin adını çəkdiniz. Üçüncü yəqin ki, "Atayevlər ailəsi"ni nəzərdə tutursunuz?

- Bəli. Bu tamaşanın da yaradıcılığımda müstəsna yeri var. Mən mütləq qeyd etmək istəyirəm ki, istər teatrda, istər kinoda, istərsə də televiziyada bəxtimə düşən bütün rollara görə rejissorlardan savayı əsər müəlliflərinə, ədiblərə son dərəcə minnətdaram. Çünki aydın məsələdir ki, istedadla qələmə alınmış ədəbi material aktyor üçün böyük tapıntıdı. İstər "Ötən ilin son gecəsi", istər "Menmanxana sahibəsi", istərsə də "Atayevlər ailəsi" bu mənada xüsusi təqdimata ehtiyacı olmayan əsərlərdəndirlər. Yeri gəlmişkən, "Ötən ilin son gecəsi" tamaşasında Həmidənin bir pauza səhnəsi var. O pauzanın daxilində mən rollarımı xatırlayıb özümə bəzi suallar verirdim.

"Atayevlər ailəsi" tamaşası ilə bağlı sözümün davamında deməliyəm ki, bu tamaşadakı Dilşad obrazı, doğrudan da, yaradıcılığımda böyük önəm kəsb etdi. Mənim aktrisa olmağımı bir qədər narazılıqla qarşılayan atam məhz bu tamaşadan sonra mənim seçimimi qəbul etdi, hətta kənddə hörmətinin artdığını da dedi. Əks-səda doğurması üçün bu tamaşanın bütün cəhətləri var idi. Üstəgəl ən görkəmli sənətkarlar ora cəlb olunmuşdular. Mən də bu sənətdə ilk addımlarını atan aktrisa kimi onların arasında idim... Lütfü müəllimə Dilşad roluna məni dəvət etməyi Məlik Dadaşov məsləhət görmüşdü. Bir gün "Azdrama"da məşq vaxtı gördüm ki, ikisi də oturub zalda, Məlik Dadaşovun xəbəri var imiş ki, Lütfü müəllim bu əsəri televiziyada tamaşaya qoymaq istəyir, təklif edib ki, Dilşadı Zərnigar yaxşı oynayar. "Atayevlər ailəsi"nin yaradıcı heyəti nə qədər görkəmli idisə, bir o qədər də səmimi idi - yaradıcılıq sayəsində qəlbən bir-birimizə o qədər bağlanmışdıq ki, tərəf-müqabilləri olaraq bir-birimizdən aldığımızı artıqlamasıyla verirdik.

- Teletamaşalardakı obrazlarınıza əlavələriniz olub?

- Dilşad obrazının heç bir əlavəyə ehtiyacı yoxdu. Amma təbii ki, aktyorlar obrazlarına əlavələr edirlər. Rejissorun yozumuna, müəllifin ideyasına hörmət həddini keçmədən. Bəzi cavan aktrisalarda müşahidə edirəm ki, rejissorun dedikləri ilə razılaşmırlar. Yəqin ki, məndə də cavanlıqda belə hərəkətlər olub. Amma o hallarda olub ki, rejissor məni inandıra bilməyib. Ümumiyyətlə isə bütün rejissorlarla iş prosesim rahat keçib. Əlavələrə gəlincə isə "Kökdən düşmüş piano" tamaşasından danışa bilərəm. Əsər qəhrəmanın qayınanasının qızının evindəki deyinmə səhnəsi ilə başlayır. Tamaşada rejissor nəzərdə tutmuşdu ki, qayınana dəbdəbəli görkəmdə olsun. Yəni qızının evinə gəlib və deyir ki, hanı sənin yaşamağın, budu sənin yaşamağın?! Bu səhnə məndə alınmırdı. Nə qədər məşq edirdim, süni alınırdı. Bu vərdiş məndə tədris teatrından qalıb - rolun bircə sözünə inanmasam, o obrazı ifa edə bilmərəm. Gərək xarakteri bütünlüklə özümdən keçirim. Qayınananın bu hikkəli sual-nidasının səslənməsi üçün də təkan lazım idi.

Nəhayət, ağlıma təzə mizan gəldi, qərara gəldim ki, rejissorla məsləhətləşib onu əlavə edək. Fikirləşdim ki, qayınananın kürəkəninin ünvanına belə deyinməsi üçün variantlardan biri o ola bilər ki, gəlib qızıgilə, hamamlanıb, hamam xalatında, başında qətfə oturub mətbəxdə, qızı ona çay süzüb, amma çayla içməyə evdə qənd yoxdu, qayınana, hələ ki, səsini çıxarmır, sonra qızı o vaxt 15 qəpiklik "paçka" şorbalar olurdu, onlardan bir "paçka" bişirib boşqablara çəkib anasının qabağına qoyanda qayınana içində bir dənə vermişeli də olmayan bu duru şorbanın görünüşünə dözə bilmir və deyir ki, hanı sənin yaşamağın, budu sənin yaşamağın?! Özü də təklif eləmişdim ki, operator qaşığı şorbayla üç dəfə doldurub-boşaltmağımı iri planda çəksin. İki dəfə ilə kifayətlənib. Bu mizandan sonra qayınananın həmin monoloqu təbii alındı...

- Monoloq demişkən, çox zövqlə hazırlanmış "Köhnə dəbli komediya" tamaşasındakı Qayınanadan tam fəqrli obraz olan Lidiya Vasilyevnanızın da monoloqları kifayət qədərdi. Bu tamaşaya dəvət olunmağınız necə baş verib?

- Bir gün rejissor Bünyad Məmmədov Tədris teatrına gəlib dedi ki, Aleksey Arbuzovun bu əsərinin teletamaşa versiyasını hazırlamaq istəyir. Süjeti iki nəfərin - Lidiya Vasilyevna ilə Rodion Nikolayeviçin ünsiyyəti üzərində qurulan bu dramatik komediyada tərəf-müqabilimin Əli Zeynalov kimi istedadlı, aristokrat xasiyyətli, etalon aktyorlarımızdan olan səhnə ustası olmasından böyük məmnunluq, məsuliyyət və qürur hissi duydum. Onun nüfuzu çox böyük idi. O nəslin aktyorlarını tamaşaçılar yoğurmuşdular. Və həmin sənətkarlar bu münasibəti xərcləmirdilər. O dövrün səhnə xadimləri şəhərin bəzəyi idilər. Mənim təəssüratım məhz bu cürdü. Məşqlər və çəkiliş vaxtı Əli Zeynalovla aramızda qarşılıqlı hörmət, səmimiyyət var idi. O, məni layiqli tərəf-müqabili kimi qəbul etmişdi. Bütün tamaşa boyunca bu əməkdaşlıq çox yaxşı baş tutdu. Nəinki o, mənim üçün, mən də onun üçün maraqlı tərəf-müqabili olduğuma görə tamaşa alındı.

- "Ordan-burdan" teletamaşasında sizi fərqli ampluada görüb yenidən kəşf etdik. Həm də bu tamaşada növbəti dəfə Yaşar Nuri ilə tərəf-müqabili oldunuz. Onunla bağlı sizdə hansı təəssürat qalıb?

- Yaşar mənim ən sevimli tərəf-müqabillərimdən biri idi. O komediyanı intellekt üzərində quran nadir aktyorlardan idi. "Ordan-burdan"dakı Firuzə, əlbəttə, maraqlı obrazdı (gülərək əlavə edir). Amma onu bığına görə sevmirəm. Bığ ayrılıqda normal bığdı, sadəcə, mən bığa yaraşmıram.

Çox şadam ki, yeniyetmələr də bu tamaşalara baxırlar. Hətta bir dəfə Dənizkənarı Pakrda iki yeniyetmə oğlan məni tanıyıb çəkildiyim film və teletamaşalar haqqındakı təəssüratlarını bölüşdülər, fikir yürütdülər... Çox təəccübləndim, həm də çox sevindim ki, belə gənc olmalarına baxmayaraq, o teletamaşaları, o filmləri görüblər. Onlarla söhbət eləmək mənə çox xoş təsir bağışladı. Belə düşüncəli, həm də düşündüyünü savadlı, düzgün ifadə etməyi bacaran gənclər adama böyük ruh yüksəkliyi bəxş edirlər...

Samirə Behbudqızı
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.