Mədəniyyət

Tamilla Ağamirova: "Bakı mənim üçün müqəddəs şəhərdir" - FOTO

19 Oktyabr 2013 13:14
1 Şərh     Baxış: 2 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
1957-ci ildə Qriqor Kozintsovun "Don Kixot" filminin televiziya ekranlarına çıxması ilə Bakıdan olan gənc aktrisa Tamilla Ağamirova üçün uğur zirvəsinə gedən yol açıldı.

Filmdə gözəl qrafinya Altisidora rolunu canlandıran aktrisa tezliklə geniş tamaşaçı auditoriyası qazandı və bir sıra filmlərdə baş rola dəvət edildi.

Bunların sırasına "Onun böyük ürəyi" (1958, rejissor Əjdər İbrahimov) filmində Səmayə, "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını aid etmək olar.

Tamilla Ağamirovanın həyat yoldaşı Nikolay Sliçenko (SSRİ xalq artisti, "Romen" teatrının bədii rəhbəri, qaraçı mahnı və romansların dünyaca məşhur ifaçısı) onun barəsində təəssüratlarını bölüşərkən deyib: "Tamillanın tayı-bərabəri yox idi. Onunla küçəyə çıxmağa adamın dözümü gətirmirdi. O, fövqəladə gözəlliyə malik qadın idi. Belə qadına rast gələrkən ona aşiq olmamaq mümkün deyildi. Yaxşı ki, o məni rədd etmədi, halbuki edə bilərdi".

Bu il Rusiyanın xalq artisti Tamilla Ağamirova 85 illik yubileyini qeyd edib. Trend tanınmış aktrisanı Moskvada tapmağa müvəffəq olub.

Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisasıdır. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb. Və indiyədək aktiv ictimai fəaliyyətlə məşğul olur. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistridir. Tamilla Ağamirova bir çox orden və mükafatlara layiq görülüb.

- Salam, Tamilla Sucayevna. Sizi yubileyiniz münasibətilə təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Siz 6 filmdə baş rolda oynamaqla Azərbaycan kinematoqrafiyasında parlaq iz buraxmısınız. Sizin uşaqlıq və gənclik illəriniz Bakıda keçib. Həmin günləri necə xatırlayırsınız?

- Təbrikə görə çox sağ olun. Çoxdandır Bakıda olmamışam. Həmin illəri xüsusi sevgi ilə xatırlayıram. O dövrdə çətinliklərə baxmayaraq böyük çoxmillətli ailə kimi yaşayırdıq. Kədər və sevincimizi bir-birimizlə bölüşürdük, köməyə ehtiyacı olanı darda buraxmırdıq, o illər insani münasibətlər böyük önəm daşıyırdı. Bakıya sonsuza qədər minnətdaram. Bakı uşaqlıq və gəncliyimin şəhəridir, orada hər şey gözəl idi. Valideynlərimin adı ilə bağlı olan Azərbaycan mənim vətənimdir. Onlar Bakıda dəfn edilib. Bilirəm ki, atamın qəbrində həmişə tər çiçəklər olur. O, Azərbaycan üçün çox şey edib. Bu yaxınlarda televiziyada Müslim Maqomayevə həsr edilmiş verilişi gördüm. Verilişdə Tamara Sinyavskaya Bakıda Fəxri Xiyabanda abidəyə gül dəstəsi qoyarkən kadra mənim atamın heykəli düşmüşdü. Bu, çox təsirli idi. Bakını tərk etdiyim gündən 60 ildən çox vaxt ötüb, lakin bu şəhər mənim yaddaşımda hələ də qalıb. Bakı mənim üçün müqəddəs şəhərdir. Bakıya gəlməyi çox istəyirəm, lakin yaşım və səhhətim buna imkan vermir.

- 50-60-cı illərdə təkcə Azərbaycanın deyil, həm də SSRİ kinematoqrafiyasının gözəl aktisalarından biri olmusunuz. Xeyli sayda pərəstişkarınız olsa da, ürəyinizi Nikolay Sliçenkoya verdiniz, artıq onunla təqribən 55 il birlikdə yaşamısınız. Ailə xoşbəxtliyinizin sirri nədədir?

- Görüşməli olan iki insan görüşdü. Necə deyərlər, bizim nikahımız göylərdə bağlanıb. Əgər əsl hisslər varsa, illər ötdükcə o hisslər daha da artır. Bizim çoxlu uşaq, nəvə, nəticəmiz var. Nikolay Alekseyeviç çox mehriban, maraqlı və istedadlı insandır. Ən maraqlısı odur ki, onun Azərbaycana qarşı çox incə və mehriban münasibəti var. Allah qoysa, zümrüd toyumuzu qeyd edərik.

- Allah qoysa - siz Azərbaycan dilində ifadə işlətdiniz. Moskvada Azərbaycan dilində ünsiyyət saxladığınız insanlar var?

- Əlbəttə, indiyədək hər şeyi başa düşürəm, lakin danışıq təcrübəm yoxdur. Düzdür, bəzən Moksvada bacımla Azərbaycan dilində bəzi sözlər işlədirik (gülür), yaxud Azərbaycanın Moskvadakı səfirliyində görüşlər keçirilən zaman bu baş verir.

- Azərbaycan filmlərində çəkilişlər barədə danışın. Hansı film daha çox ürəyinizcə olub?

- Mən Moskvada yaşayarkən və "Romen" teatrında çalışarkən Azərbaycan kinematoqrafiyasında çəkilməyə başlamışam, gözəl aktyor və rejissorlarla işləmişəm. Çox səmimi ab-hava var idi. Çəkiliş prosesi maraqlı keçirdi. "Don Kixot" filmində debüt etdikdən sonra Əjdər İbrahimovun "Onun böyük ürəyi" filmi çəkildiyim ikinci kino oldu. "Don Kixot"da Altisidora rolunu ifa etmişəm, lakin Səmayə rolu kinoda ilk əsas rolum olub. Çəkilişlərdən sonra məndə yalnız xoş təəssüratlar qalırdı.

- Oxucularımıza nə arzu edirsiniz?

- Gənclərə xoşbəxtlik, yaşlılara isə cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram. Arzu edirəm ki, hər evdə isti yuva olsun, kədər və qəmdən uzaq olasınız və hamını mehriban insanlar əhatə etsin. Hamıya ən xoş arzularımı çatdırıram. Mənim böyük sevgimi bütün Azərbaycana çatdırın.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.