"Nizami" Kino Mərkəzində 4 mart 2026-cı il tarixində respublikamızda ilk dəfə keçiriləcək Milli Koxlear İmplant Forumu 2026 baş tutacaq. Beynəlxalq Koxlear İmplant Gününə həsr olunan forum "Koxlear İmplantlı Şəxslərə Sosial Yardım" İctimai Birliyinin təşkilatçılığı ilə reallaşacaq.
Forumun əsas məqsədi ölkəmizdə koxlear implant daşıyıcılarının həyat keyfiyyətinin yüksəldilməsi, onların sosial inteqrasiyasının gücləndirilməsi və cəmiyyətin bu sahədə maarifləndirilməsidir.
Tədbir çərçivəsində neyrocərrahlar, otorinolarinqoloqlar, genetiklər, audioloqlar, loqopedlər və reabilitasiya mütəxəssisləri çıxış edərək koxlear implant əməliyyatları, reabilitasiya prosesi, erkən müdaxilənin əhəmiyyəti və sosial adaptasiya mövzularında geniş məlumat verəcəklər.
2022-ci ildə dövlət qeydiyyatından keçmiş birliyin sədri Mehriban Hüseynova bildirib ki, forumun keçirilməsində əsas məqsəd implant daşıyıcılarına dəstək olmaq və onların cəmiyyətdə layiqli yer tutmasına töhfə verməkdir. Onun sözlərinə görə, təşkilat fəaliyyəti dövründə yüzlərlə uşağın və gəncin sosial inteqrasiyasına dəstək göstərib və bu gün onların bir çoxu aktiv və uğurlu həyat yaşayır.
Sədr vurğulayıb ki, yaxın gələcəkdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi planlaşdırılır. O, həmçinin qeyd edib ki, koxlear implantlı şəxslərə göstərilən dövlət qayğısının yeni mərhələyə qədəm qoyması minlərlə ailə üçün mühüm sosial və humanist addımdır.
Qeyd edək ki, Azərbaycanda koxlear implant əməliyyatları ilə bağlı sosial və tibbi yanaşma 2015-ci ildən mərhələli şəkildə tətbiq olunmağa başlanıb. 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin bu məsuliyyəti üzərinə götürməsi isə həm uşaqlar, həm də böyüklər üçün yeni imkanlar açıb.
Xüsusilə əhəmiyyətli məqamlardan biri koxlear implant cihazlarının və nitq prosessorlarının hər 5 ildən bir dövlət dəstəyi ilə yenilənməsidir. Bu mexanizm valideynlərin maddi yükünü azaltmaqla yanaşı, uşaqların eşitmə, danışıq və sosial inteqrasiya prosesinin fasiləsiz davam etməsinə mühüm töhfə verir.
Milli Koxlear İmplant Forumu 2026-nın bu sahədə maarifləndirmə işinə, ictimai diqqətin artırılmasına və inklüziv cəmiyyət quruculuğuna mühüm töhfə verəcəyi gözlənilir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az





