Yuli Qusman: "Mən Azərbaycan haqqında danışmaq və oxumaq istəyirəm"
Qusman 70 yaşında? İnanmaq çətindir. Yuli Qusman heç vaxt vaxtını boşa verməyib. O, həmişə iş başında, dostların və zarafatların əhatəsindədir. Sağlam, müdrik, gənc... Əgər muzikl yoxdursa, kinodadır, kino yoxdursa, teatrda. Ya da özünün lətifələrini "Exo Moskvı" radiosuna danışır. Bu insanı bir neçə sətirlə təsvir etmək çətindir. Ona görə də yubileyi ərəfəsində özü danışsa, yaxşıdır.
"Mən ilk dezodorantı tələbə olanda görmüşəm"
- Məncə, siz hələ çox cavansınız. Demək olar ki, yeniyetməsiniz. Özünüzü belə hiss edirsiniz?
- Həqiqətən də belədir. Baxmayaraq ki, bunu boynuma almaq səfehlik ya bəlkə də çox gülməlidir. Ona görə yox ki, yeniyetmənin psixologiyası həmişə səfeh, köməksiz, sadəlövh və yaxud əksinə, ötkəm qalır. Sadəcə, mənə həmişə yaşamaq, oxumaq, baxmaq və eşitmək maraqlıdır. Və öz ətrafımda bu cür "yeniyetmə"lər kifayət qədər çoxdur. Düzdür, hərdən vücudum mənə "sakitləş" deyir. Ancaq tanış bir şair isə "Qəlb gecə-gündüz işləyir" - deyə yazıb. Hərdən mənə elə gəlir ki, mən artıq 9-cu sinifdə oxuyanda tamamilə formalaşmışdım. Sadəcə, təcrübə, bilik, ağıl və bəlkə, ustalıq o vaxtdan dəyişib.
- Bəs gözlərin parıltısı necə, qalıbmı?
- Əlbəttə, bunu özümdən uydurmamışam. Hamı fikirləşir ki, mən optimist və şən insanam. Amma 10 il bundan əvvəl məni Nyu-Yorkda "Linkoln-hostipalı"nın dəhlizi ilə əməliyyata götürəndə onda mənim üçün düyməsiz xəstəxana paltarında uzanmaq çox üzücü idi. Mən qapısı açıq olan bütün palataların qarşısından keçərək "Pasiyentlərə oktyabr salamı" deyə səslənirdim.
- Siz bu sözləri amerikan ləhcəsi ilə söyləyirdiniz?
- Təmiz rus dilində deyirdim. Mənə dəli kimi baxırdılar. Mən hələ narkozdan tam ayılmamışdım və qırıq-qırıq nəsə danışırdım - bu, reanimasiyada olmuşdu. "Dünyaya görünməyən göz yaşları dünyaya görünən gülüş kimidir" formulası pafoslu səslənsə də çox doğrudur. Eldar Ryazanovun filmindəki mahnını xatırlayırsınız: "Təbiətin pis havası yoxdur". Mənim atam narın yağışlar yağanda piyada gəzməyi xoşlayırdı.
- "İşdə məhəbbət macərası"ndakı həmin mahnıda daha bir misra var: "Getdiyin gün xeyir-dua verməlisən". Bu, o deməkdir ki, gedəndə də təbəssüm olmalıdır?
- Siz nə danışırsınız? Mən bu mövzuda nə 30 yaşında olanda danışmaq istəmişəm, nə də 70 yaşında... Necə getmək? Hara getmək? Mən həyatsevər insanam. İstirahət etməyi də o qədər sevmirəm. Filmi bitirəndən sonra yenidən tamaşa qoymaq istəyirəm. Optimizm - bu, keyfiyyətdir, bunu öyrədirlər.
- Əgər yıxılsan - ağlama, dərhal qalx...
- Bunun üçün qanadların olmalıdır. Heç olmasa, çox balaca da olmalıdır ki, uça biləsən. Mən 1943-cü ildə Bakıda doğulmuşam. Müharibə gedirdi. Amma biz bunu hiss eləmirdik. Real aclığın, soyuğun nə olduğunu bilmirdik. Ola bilsin ki, bu barədə mənə danışmaq asandır. Amma bu gün biz otururuq, kofe içirik, pəncərədən mavi səmanı seyr edirik, bir-birimizlə söhbətləşirik - bu, xoşbəxtlikdir. Yaxşı tamaşa, dadlı çörək kimi. Amma ən mühümü, öz işində sevinc tapmağı bacarmaqdır. Mənim atam Solomon Moiseyeviç Qusman bütün Qafqazda çox məşhur həkim idi. İngilis dili müəlliməsi olan anam Lola Barsuk isə çoxlu dərsliklərin müəllifi idi. İndi məndə, qızlarımda, həyat yoldaşımda, nəvələrimdə olan imkan onlarda yox idi. Atam xaricdə - Bolqarıstanda ömründə bir dəfə olmuşdu. O, 6 gün qaldığı ölkəni həmişə xatırlayırdı. Anam isə heç vaxt xaricə çıxmamışdı. O, ingilis dilini ölü dil kimi tədris edirdi. Onlar bir dəfə Moskvada Utyosovun konsertinə canlı qulaq asmışdılar. Bu barədə həmişə məhəbbətlə danışırdılar. Onların ağlına gələrdimi onların öz övladları 16 il müddətində Kino evinin direktoru olacaq, nəinki yerli məşhurlarla, hətta, Cek Noris, Federiko Fellini kimi dahilərlə tanış olacaq? Amma mənim valideynlərim tamamilə xoşbəxt insanlar idi. Bizim nə yaxşı mənzilimiz, nə maşınımız, nə bağımız vardı. Kommunal evdə yaşayırdıq. Professor maaşı o zamankı dövr üçün normal idi. Biz hətta evimizə cavan bir qızı qulluqçu kimi dəvət etmişdik. Yayda məni Kislovodska istirahətə apardılar. Mən ilk dəfə tələbə olarkən dezodorant gördüm və filtirli siqaretin qoxusunu da ilk dəfə onda daddım. İlk dəfə institutu qurtaranda mənə import tufli aldılar. Aspirant olanda isə ilk dəfə fin kostyumunu geydim. İlk odekolonu aeroportda vergisiz mağazadan aldım və mat qaldım. Orada nə qədər müxtəlif iyli odekolonlar vardı. Mən onların hamısını yoxladım. Kassaya yaxınlaşanda qız az qala bihuş olub yıxılacaqdı.
- Sizin üçün həqiqətən odekolonlar, kostyumlar maddi baxımdan çox əhəmiyyətli idi?
- Mən Banqladeşə, Baliyə və ya Polşaya səfəri çox da əhəmiyyətli hesab etmirəm. Yaxud o zaman yüksək valyutaya satılan, indi isə hər tində qəpik-quruşa olan cins geyinməyə can atmamışam. Bunlar insanın nə qəlbini, nə də xoşbəxtliyini müəyyənləşdirir. Bizim çox mehriban beynəlxalq şəhərimiz vardı. Orada kiminsə hansı millətdən olması, kimin varlı və ya kasıb olması haqqında düşünmürdülər. Bizim buraxılış sinfində 5 nəfər qızıl medala namizəd oldu, amma 2 nəfər - İqor Sarkisov və Saşa Saakyan layiq görüldü. Heç bir azərbaycanlı ala bilmədi. Mənim də adım medalçılar sırasında idi, amma ala bilmədim. Mənim rəsmxətdən "4" qiymətim
vardı.
Arvadım çarşabda gəzmir
- Tennis - bu, "Böyük şlyapa"dır? Nə qədər adam Yeltsinlə məsələni tez həll etmək üçün ora düşməyi arzulayırdı. Sizə də orada nəsə lazım idi?
- Yox... Mən ki birinci çağırışda Dövlət Dumasının deputatı seçilmişdim. Yeltsinə, Qaydara kömək etməyə çox çalışırdım. 80-ci illərin sonlarında onların hamısı Kino evində toplaşdı. Mən bütün deputatlıq fəaliyyətim dövründə bircə dəfə də maşından istifadə etmədim. Baxmayaraq ki, mən geosiyasət komitəsinin sədr müavini idim. Bir dəfə "Parlament xəbərləri"ndə oxudum ki, hansısa otaqda deputatlar yarı qiymətə "Jiquli" ala bilərlər. Mən buna çox sevindim və bütün Dumanı fırlandım. Ancaq həmin otağı tapa bilmədim. "Böyük şlyapa" bəhanəsi ilə mən çox oxumuşdum ki, guya orada yığışır, qərar çıxarır, iş görürlər. Ancaq mən buna oxşar bir şey görmədim. Biz Yeltsinlə sanatoriyaya getdik. Hələ İtaliyada onların parlamenti ilə yarışdıq. Bir dəfə Maksim Dunayevlə az qala məşhur Bern Borqu udacaqdıq. Orada Burbulis oynayırdı və o, o zaman dövlətdə ikinci adam idi. Mən onun dövlət bağında bir neçə dəfə olmuşam. Orada onun heç nəyi yox idi. Bəlkə o, brilyantlarını torpağa basdırmışdı? Mən hərdən oliqarx dostlarımın görüşdüyü yerlərə gedirdim. Onların ad günlərini hansı şəraitdə keçirdiklərini də görmüşəm. Bu oliqarxlar bir kənara çəkilir və nə haqdasa pıçıldaşırlar. Vaxt var idi bizi sevirdilər, amma indi unudulmuşuq, daha çağırmırlar...
- Siz nə vaxtsa rüşvət almısınız?
- Bircə dəfə də... Mən bir dəfə də olsun rüşvəti sınaqdan keçirməmişəm. Mən rüşvət haqqında nəzəri cəhətdən hər şeyi bilirəm. Yadımdadır, Kino Evinin direktoru olanda mənim yanıma gəlib deyirdilər: "Gəl gümüş məmulatlar köşkü açaq. Filan qədər sənin olsun..." Mən isə ata-anamın tərbiyəsinə rəğmən məğrurluqla "Qraf de La Fer üçün bu, çox az, Atos üçün çoxdur" - deyib imtina etdim. Əgər onlar mənə yüz milyon versəydilər, bəlkə bütün Kino evi alışıb yanardı.
- Bəs Mixalkov deyəndə ki, sizin Kino mərkəzində aksiyalarınız var...
- Tamamilə yalandır. Çünki mən o zaman onu məhkəmədə udmuşam. Mən qorxusuz və qınaqsız cəngavər kimi görünmək istəyirəm. Mən Tereza ana deyiləm. Amma nüfuz... Bu, mənim üçün vacibdir. Mən Kino Evinin direktoru olanda bir qəpik də götürməmişəm. Bir fincan çayı da pulsuz içməmişəm. Onda adamları yığıb dedim ki, mən bunu heç vaxt etmirəm. Əgər sizin haqqınızda eşitsəm, nəinki işdən qovacam, üstəlik tutduracam. Mən heç vaxt Berezovski, Qusinski kimi milyarder olmadım. Amma həmişə qazanmağı bacarmışam. Mən axı şoumenəm.
- Bəs sürücü ilə maşın sizdə haradandır?
- Mən çox maraqlı bir layihəyə rəhbərlik edirəm. Ancaq buna görə heç nə almıram. Ona görə Moskvada gəzmək üçün mənə sürücü ilə maşın veriblər. Ancaq onun benzin və kerosin xərclərini özüm ödəyirəm. Bu gün mənə bir neçə bənddən məişət şəraiti lazımdır. Normal sanitar şəraiti olan mənzil - vannası, duş kabinası...
- Yəqin ki, 13 otaqlı mənzil istəmirsiniz?
- Yox, amma 3 otaq mütləqdir. Yataq otağı, qonaq otağı və kabinet. Mən həqiqətən saraylarda yaşayan adamları başa düşmürəm.
- Eyni şeyi mən Maksim Qalkin haqqında da deyərdim.
- Mən Maksim Qalkinin istirahət etdiyi sarayı gördüm. Bu oyunlar mənə lazım deyil. Bax, mən sükan arxasında Moskvanın küçələri ilə gəzə bilmirəm. Amma Avropa və Amerikada - bütün dünyada özüm maşınla gəzirəm. Mən 9-cu sinifdən məharətlə maşın sürməyi bacarıram. Sadəcə Moskvada kobudcasına sürürlər. Hətta, 2 saat hamısını söyməklə tıxacda qalmışam.
- İşıqları yandırıb-sündürməyi sınaqdan keçirmisiniz?
- Bu, indi dəbdə deyil. Çünki mən qanunu bilirəm. Mənim qızım məşhur hüquqşünasdır və Amerikada yaşayır. Onun ingilis lordu olan həyat yoldaşı isə məşhur marketoloqdur.
- Arvadınız da Amerikadadır?
- Yox, o buradadır. O, sadəcə, Amerikaya onlara kömək etmək üçün nənə kimi gedir. Arvad ərin olduğu yerdə olmalıdır.
- Amma siz nədənsə onu heç vaxt nümayiş etdirmirsiniz...
- Mənim haqqımda 1-ci kanalda çəkilən filmdə onu ilk dəfə göstərdilər. Mən çox qapalı adamam.
- Həm də axı, o, ciddi Şərq qadınıdır?
- O, sözün bütün mənasında gözəl qadındır və çarşabda gəzmir. O, rus və fransız dilləri üzrə professordur. Valida Corctaun Universitetində işləyirdi. Onu həmin universitetə ömürlük professor kimi tam ştatda işləməyə çağırdılar. Ancaq o, imtina etdi. O, çox gözəl insandır. Nəvəmin adını isə anamın xatirəsinə Lola çağırmışıq. Təəssüf ki, o, rus dilindən daha çox ingilis dilində danışır.
Qusman əvvəlki deyil
- Sizin "Qorxma, mən səninləyəm" filminiz uşaqlıqdan sevdiyim filmlərdəndir. 30 il keçəndən sonra onun davamını çəkmək qərarına gəlmisiniz. Bu, təhlükəli deyil, axı heç kimdə əvvəlki kimi alınmayacaq?
- Bu, ümumiyyətlə, tamamilə başqa əsərdir. Əvvəla, onlar həmənki qəhrəmanlar deyillər, başqadırlar. Burada yeni, gənc nəsil var. Bu, muzikl deyil, sadəcə, mahnılardan ibarət filmdir. Həmin ekran əsərini köhnə "KVN" kimi sevənlər mütləq buna da baxmağa gələcəklər. Burada tamam başqa tarixçədir. Amma həmənki kimi mərhəmətli. Mən yenə də girişi mümkün olmayan sulara baş vurmaq istəyirəm. Burada yenidən 80 yaşlı Lev Durov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu oynayır. Mən Azərbaycan haqqında danışmaq və oxumaq istəyirəm. Mənə elə gəlir ki, biz qardaş olmasaq da, çox yaxın idik. Bu gün isə ayrı-ayrı mənzillərə dağılışmışıq. Hazırkı Azərbaycan haqqında az bilirlər. Mən filmin epiloqunda yeni Bakını göstərirəm. Kimisi deyir ki, "Bakı əvvəlki deyil", "KVN əvvəlki deyil", "Film əvvəlki deyil"...
- Qusman da əvvəlki deyil?
- Qusman istər-istəməz əvvəlki deyil. Sadəcə, keçmiş zamanla bağlı nəyin daha çox həsrətini çəkiriksə, bizim o qədər şansımız az olur. Sadəcə irəli getmək lazımdır. Gözəl keçmişi fasiləsiz xatırlamağa dəyməz.
Kaspi.az