Mədəniyyət

Gecə oxusu: Veyl quyusu

16 Sentyabr 2012 01:00
0 Şərh     Baxış: 842
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Veyl Quyusu

Şərqin göbəyindən, insanlığın kötüyündən - zülmün heç bitmədiyi bir yerdən  göyün yeddinci qatına iki inilti ucalır. Min ildir bitməyən bu iniltilər insanların kar olmuş qulaqlarına nələrisə pıçıldayırlar. Bu pıçılıtılar yer üzündə bir torba ət kimi dolaşan insanlara əslində azadlığın- ruhun nirvanasını çatdırmağa cəhd etsələr də, onların cəhdi yayda əriyən, qışda donan su  adlı maddə kimi formasını dəyişib zamanın dolanbaclarında əriyir.- Qoca, ağ saqqalına əlini çəkərək yarı türk, yarı ərəbcə nitqi ilə məni ovsunladı.

İranla İraqın sərhəddində rast gəldiyim bu qoca sanki əsrlərin o tayından gəlmişdi.  Sinəsinə qədər düşən ağ saqqalı əyninə geydiyi paltarla həmrəng idi. Belinə bağladığı kəndir dolanıb çiyinlərindən keçərək qarnının üstündə çarpazlanmışdı. Damarları çıxmış əllərinin və qollarının üzərində saysız fırlar var idi. Çiynindən asılan xurcunu və təbərzini insanda qəribə hiss yaradırdı. O, namazdan sonra quru torpağın üzərində bardaş qurub oturmuşdu. Yediyindən mənə də, təklif etdi. İmtina etdiyim zaman, dişsiz damağını göstərəcək dərəcədə gülümsəyib:

- Nəfsini niyə zorlayırsan? Xoşun gəlirsə ye!

- Nəfsim məndən böyük ola bilməz. İstəmirəmsə istəmirəm.

- Gəncliyinə görə iddian böyükdür. Dünya, böyük iddialıları məhv etməkdə daha maraqlıdır.- O, yavaş səslə pıçıldadı.

- Sən də sehr cadu edirsən min ilin o tayından gəlmiş dərvişlər kimi? -Mən marağımı boğa bilməyib soruşdum.

- Bax, görürsən yenə insani nəfsin önə keçdi. Biz bizə öyrədiləndən artığına əl atmarıq.Xeyir və şəri incə xətt ayırır. O xətti keçənlərin, xeyirə qayıtması isə Harutla Marutun dönüşü  kimi bir şeydi. - O, ağzındakı son tikəni udub ardınca su içdi və məni səyahətimi yarıda buraxacaq qədər maraqlı söhbətinin dairəsinə saldı...

- ...Nəfs və şəhvətin insanı quyuya salacaq qədər qüvvəli olduğunu bilirsənmi?! Insanın quyusu nədir ki? Insanın içi girdabdır, dərin girdab. Amma insan insandır, mələk deyl ki...Amma insanın, mələkləri belə qısqandıracaq imtiyazları var. Bizə əsrlərdən süzülüb gələn sehr və duaları onlar öyrədiblər. Harut və Marut. - O, dərindən nəfəs alaraq həlim səsi ilə söhbətinə davam etdi.

- Mələklər iblisin asiliyindən min il sonra insanların imkanlarına və nankorluğuna üsyan etdilər. Əlləri yox, axı, mələklərin qanadları olur. Hə, qanadları imkan verdiyi qədər kainatdan süzüb Yer adlı kürəyə baxdılar. Burada formaca balaca, iddiaca böyük insan adlı varlıqları süzdülər. Asiləri,  səslərini başına atıb sual etdilər: "- Niyə yaratdığına bu qədər imkanı verirsən? Niyə nankorluğuna zaman tanıyırsan?"

" - Onlara nəfs və şəhvət verdim. Onların bu imtahandan çıxmamış mənə qovuşmaları imkansız" - suallarına qeybdən cavab gəldi.

" - Bir kəpənək qədər yaşayan insanın asiliyinə yalnız nəfs və şəhvətmi səbəbdir?! Bu ki, sadədir. Bu qədər üsyanın kötüyündə bu dura bilərmi?" yenə sual etdi qar kimi bəyaz varlıqlar.

" - Seçın öz aranızdan ən təqvalısını, ən sarsılmazını. Qoy bir imtahan olsun məndən sizlərə.Verim ona nəfsin ən acgözlüsünü, şəhvətin ən sönməzini."- Hatifdən ucaldı səbur səs.
Dilləri təsbeh və salamdan qeyrisinə dönməyən bəyaz varlıqlar iki möhtəşəm və ən təqvalı mələkləri- Harut və Marutu seçdilər. Onlara  insan görkəmi bəxş etdi Aləmlərin sahibi. Sevginin, nifrətin, kədərin, nəfsin və şəhvətin hamısından ən çoxunu verdi onlara. Bir də onları  getdikləri məqsədlə tanış etdi.

Dünyanın saysız sabahlarından biri açılanda Günəşlə eyni zamanda endilər Yer kürəsinə Harut və Marut.

Səhərin ilk şəfəqlərində Bablin əsas darvazalarının birindən girdilər. Həmişə yuxarıdan süzdükləri insanların arasında olmaq onlara ayrı bir duyğu yaşadırdı. Qanadları alınmış bu varlıqlar soyuğun, aclığın və yer dəyişmənin verdiyi üşəntinin qarışığı olan əcaib bir hiss ilə insan kütləsinin arasında əsas meydana doğru irəliləyirdilər. Insanlar onların uzun saçlarına, qəribə parlaq geyimlərinə hey dönüb baxırdılar. Az keçməmiş adiləşmə adlı külək əsdi hər iki tərəfin ustündən. Daha elə diqqətli süzmədilər bir- birlərinini.

Şəhərin tam ortasında olan meydanda dar ağacının yanındakı kürsüyə çıxdılar. Insanlara səsləndilər. Onların gurlayan səsinə zənginlər taxtrəvanlarını aparan qullarına çığırmaqla, kasıb-kusublar isə yüklərini yerə qoymaqla reaksiya verdilər. Günəşın qarşısını kəsmiş bu iki adam onların qarşısında dağ kimi ucalırdı. Əllərini qaldırıb insanların uğultusunu kəsdilər. Hər kəs maraq içində bu iki əcnəbinin nə deyəcəyini gözləyirdi.

- Ey insanlar,  sabah elə bu zaman burada toplaşın. Sizə əkinlərinizi, mal-qaranızı , qızıllarınız bol edəcək üsul öyrədəcəyik.

- Niyə bu gün yox?

- Siz kimsiniz?

- Sizə niyə inanmalıyıq?!

Suallar yağış kimi səpələndikcə onlar camaatı maraqda qoyaraq, səbrlə kütlədən ayrıldılar. Gəldikləri darvazadan çıxaraq Babili tərk etdilər.

Gecəni səbirsizlik qılıncının üstündə keçirən insanlar dan yeri ağaran kimi özlərini şəhər meydanına çatdırdılar. Yenə günəş doğuldu və bu iki əcnəbi- Harut və Marut şəhərə girdilər. Onlar, insanlara kainatın ən gizlin sirrlərini  dedilər. Onlar yalnız xeyirə istifadə olunması şərti ilə sehr öyrətdilər.

Həmin gün bitab, yorğun görünüşlə şəhəri tərk etmək istəyəndə qarşılarında ay parçası tək bir varlıq gördülər. Üzündən rübəndini çəkən bu varlıq bütün gözəlliyi ilə onları ovsunladı. Sanki ətrafda bu qadını görən yox idi. Qadın özündən də gözəl səsi ilə onlardan qəribə bir xahiş etdi.

- Siz ki belə qüdrətlisiniz, onda mənə də kömək edin.- deyəndə  dodaqları sanki qızıgül ləçəyi kimi alqırmızı oldu.

- Deyin, xanım. - deyə Harut həyadan allanmış üzünü gizlətmək  üçün başını aşagı dikdi.

- Mənim yanımdakı bu yaramaz uşağı öldürün - deyə sanki yerin altından qəfil çıxmış kimi yanındakı uşağı göstərdi.

- Biz Allah quluyuq. Günah etmirik. Biz siz insanlara sehr öyrədirik. Amma bunu pis məqsədlər üçün heç vaxt etmirik. - Marutun amiranə səsindən sonra qadın dönüb getdi. Gəldiyi kimi də qaranlığa qarışdı.

Hər gecə ismi-əzəm oxuyub səmaya yüksələn bu mələklər insan olmanın ağrısını çiyinlərindən atmamış səhər olurdu. Yenə gecəni sabah edib Babilə endilər. Tarlaları bol məhsul verən, işləri yolunda gedən, eşidən- bilən hər kəs şəhər meydanına toplanır daha artıq nələrsə öyrənməyə cəhd edirdilər.  Nəfs vurub kəllə çarxa çıxdıqca insanlar tamahlarını yığışdıra bilməyib daha çox şey istəyirdilər. İşlərini bitirmək üzrə olduqda yenə o qadın yerdən çıxmış kimi mələklərin qarşısnda bitdi.Harut qadının xoş ətrini duyan kimi başını qaldırdı. Dünənki gözəliyyinin beş qatını nümayış etdirən qadın Harutun zəif nöqtəsini tutmuş kimi gözlərini ondan ayırmadan soruşdu:

- Buyrugunuz nədir, xanım?

- Mən sizə nə təklif edim ki, dünən dediyimi edəsininz?

Marut təhlükəni daha ciddi qəbul edərək onu uzaqlaşdırmağa çalışdı.

- Bacı, insan canı almaq yalnız Allaha məxsusdu. Biz sən deyənlərdən deyilik. Bunu bil və mənim səbrimi  yoxlama.

- Bəs mən?! Mən də sizin xoşunuza gəlmirəm? Bəlkə gecəni birlikdə keçirək?- qadın sualına Marutun qəzəbli baxışlar ilə cavab alaraq susdu və qanı qaralmış şəkildə onlara sağ ol belə demədən yenə qaranlığa qarışdı.

İnsanlar onlara öyrədilənlərin içində pisliyin qoxusunu tez duydular.Onlar əlindəki sehrli sözləri tərs yazdılar, tərs yönə qoydular. Neçə ər arvadın arasını açdılar, neçə evə bayquş ulatdılar. Harutla Marut elmlərini insanlara verdikcə xəbərdar etdilər Allahın varlığından onları. Cəhənnəm əzabını, qiyaməti xatırlatdılar. Insanlar nəfslərinə uyub özlərinə sərf edəni dinləməyə üstünlük verdiyindən ruhlarını həbs etdilər can adlı keçici məkanda.

Harutun ağlı başından çıxmışdı. Gecə ismi-əzəm oxuyub çıxdığı göylərdə belə alatoranda gördüyü o qadının ətrini unuda bilmirdi. Hopmuşdu bütün insan və mələk toxumalarına bu qadının eşqi. Səhər Babilin meydanında işlərini qurtaranda Harut gözlərini dikdi yenə alatoranın içinə. Ona elə gəlirdi ki, O, hər an qaranlıqdan ulduz kimi axacaq və yenə məlahətli səsi ilə nə isə deyəcək. Artıq şəhəri tərk etmək vaxtı idi. Harut ayaqlarını sürüyə-sürüyə Marutun qətiyyətli addımlarına güclə çatırdı.

- Bu da artıq  son. Bizim missiyamız bitdi. Bu gecə gedirik və qayıtmayacayıq. Nəfs və şəhvətin bizi yıxa bilmədiyini sübut etmiş olacayıq.

Marutun səsi Haruta uzaq ulduzlardan gələn kimi təsir edirdi. Dərddən az qala başını itirmək üzrə idi. Marut ismi -əzəmi oxumaq istəyəndə cəld onun əlindən yapışaraq:

- Sənə yalvarıram. Bir az da, artıq qalaq.

- Niyə? - Marut təəccüblə ona tərəf döndü.

- Bilmirəm, amma buralar o qədər xoşuma gəldi ki,..

Marut ona fikir vermədən ismi - əzəmi oxumağa başlayırdı ki, ətraflarını sarmış zülmət işıqlandı. Bu buludların arasından çıxan ay deyildi. Bu, bütün bəşəriyyəti bir an içində ulduzlardan alıb yerin yeddinci qatına quyulaya biləcək qadın adlı varlıq idi. Harut,qadın səsini çıxarmadan belə onun gəlişini duydu. Qadın, əlindəki xurcunu yelləyərək çılğın bir səslə:

- Mən sizi kimi zalım və kinli deyiləm. Budur siz gedirsininz. Olsun ki, mən səhv etmişəm. Şeytana uymuşam, amma ən azından bu gün gəldim ki, siz məni əfv edəsiniz.
Marut qadının sözlərini eşidəndən sonra duanı oxumaqdan vaz keçıb, bu işıqlı varlığa baxmağa başladı. Qadın isə onlara fikir vermədən  xurcunu açaraq onların qarşısında nəfis bir süfrə düzəltdi. Ay da əyri qılınc kimi buludların arasından sıyrılıb çıxmışdı. Zəif ay işığı zərif tül kimi yerin üzərinə sərilmişdi. O, yanındakı balaca oğlanın köməyi ilə yeməkləri düzür və tam məlahəti ilə sanki "mən burdayam və siz bunu görməməkdə hələ də israrlısınız" deyirdi.

- Sən bilən qadının son çıxış yolu və son qurnazlığı nə ola bilər?- qoca sanki mənə qəfildən qissənin canlı bir insan tərəfindən nağıl edildiyini xatırlatdı. Mən yalnız bu zaman ayağımın uyuşduğunu hiss etdim.

- Pul və qadının yoldan çıxartmadığını başqa nə yoldan çıxarar? Bəlkə qadın doğurdan da  peşman olub.- deyə qeyri- müəyyən cavab verdim.

O isə nurani üzünə yaraşmayan hiyləgərliklə gülümsəyib sözünə davam etdi.

- Qadın xurcundan sonuncu şeyi- şərab sürahisini çıxardı. O, piyalələrə şərab süzəndə Marut yerindən duraraq  süfrədən aralandı.  Onların arasında  mübahisə düşdü. Eyni insanların mübahisələri kimi. Onlar- o iki mələk xeyir və şər kimi üz-üzə durdular. Sonda nəfsin qələbə çaldığı Marut süfrəyə oturdu. Onlar başlarını itirənə qədər içdilər və sərxoş mələklər insanın belə çətinliklə cürət edə biləcəyi işləri törətdilər. Onlar əvvəl qadının ilk xahişini yerinə yetirdilər. Yanında gətirdiyi balaca oğlanı öldürdülər. Sonra səmaya yüksəldikləri duanı ona öyrətdilər. Son etdikləri isə..  Hər ikisinın ilk və son olaraq o qadınla zina etmələri oldu.Sonra bayıdılar. Günəşin ilk şəfəqləri doğulanda  ayıldılar.Artıq gec idi, çox gec idi.

- Allah öz mələklərini əfv etdimi?

- Səncə?

- Elmim çatmaz. Cavabı təxmin belə edə bilmərəm.- Mən günahkar adam kimi utana-utana dedim.

O, mənim cavabımdan razı qalmış adam kimi sakit tövrlə davam etdi

- Qadın o gecə ismi-əzəmi oxuyub göylərə qalxdı. Axı, Allah onu çiçəkdən xəlq etmişdi.O bir sınaq idi. O, bir imtahan idi. Allah bu gözəl imtahanı qiyamətə qədər ən parlaq ulduza çevirdi. Bəs mələklər? Onlar isə peşmnçılıq və zəlalət içində gecə çılpaqladıqları bədənlərini toz-torpaqla örtməyə çalışır və səhra boyunca Allah deyə çığırırdılar. Onların bəkləntisi bizim zamanla ölçülməz. Onlar fəryad etdilər, ərşə çatacaq qədər füğan etdilər. Bu dəfə Allah onlarla danışmağa belə hacət görmədi. İki mələk gəldi onlara Harut və Maruta mələk olduqlarına görə cəza seçmə haqqına malik olduqlarını bildirdilər. Onlara ya qiyamətə qədər cəzanı, ya da qiyamətdən sonrakı cəzanı təklif etdilər. Onlar isə: "-Biz qiyamət günündən qorxuruq. Allah bizə qiyamətə qədərki cəzanı uyğun görsün" deyə əmrə amadə qullar kimi boyunlarını bükdülər. Allah onları yer kürəsində dərin bir quyuya  həbs etdi. Onlar orada qiyamətə qədər suya bir qarış məsafə ilə ayaqlarından asıldılar. Ta qiyamətə qədər bu mələklər bir damcı suyun fərağı ilə su quyusunda  həbs olundular.

Dərviş, bu son cümləni də deyərək ayağa qalxdı. Mən onun getməyindən təlaşa düşərək tez dilləndi.

- Bəs o quyu? O quyunun adı nədir?

- Veyl quyusu. - o, bunu deyərək xurcununu çiyninə keçırdi.Onun alatoranda uzaqlaşan sulietinin ardınca qışqırdım:

- Bəs o quyu haradadır?

Onun getdiyi istiqamətdən əsrarəngiz bir səs eşitdim:

- Ma kaanə mədaa, fəmaa səyə`tiikə fəeyyn. Qum! Fəğtənimil-fursatə beynəl-ədəmeyyn.*
Mən alatoranda sübh namazı qılmaga tələsən insan qafiləsinə baxaraq turist çadırımın qarşısında bardaş qurdum və qarşı tərəfdəki qədimi quyunun qaralan ağzına tamaşa etməyə başladım.

* Nə olubsa keçib(yoxdur), nə də gələcəksə hanı(yoxdur)? Qalx! Bu iki yoxluq arasında fürsətdən faydalan.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.