Mədəniyyət

“Üç gün, üç fərqli heyət, bir möhtəşəm ‘Turandot’ – dünya opera ulduzları Bakıda!”

9 Oktyabr 2026 19:16
Baxış: 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

24, 25 və 27 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünya opera sənətinin şah əsərlərindən biri olan Cakomo Puççininin "Turandot" operasını Heydər Əliyev Sarayında tamaşaçılara təqdim edəcək. Üç günlük premyera Azərbaycan opera sənətinin həyatında əlamətdar hadisələrdən biri olmaqla yanaşı, beynəlxalq səviyyəli sənət əməkdaşlığının parlaq nümunəsi olacaq.

Beynəlxalq opera səhnələrində tanınan ifaçılar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri ilə eyni səhnədə çıxış edəcəklər. Üç gün ərzində fərqli ifaçı heyətləri və dirijorlarla təqdim olunacaq tamaşa hər nümayişə özünəməxsus bədii xarakter və ifaçılıq rəngarəngliyi qazandıracaq.

Premyeranın ilk günü - 24 oktyabrda - dirijor pultu İtaliyanın tanınmış dirijoru Beatriçe Veneziyə həvalə olunacaq. Turandot partiyasını İtaliya opera səhnəsinin tanınmış sopranosu Karmen Cannattasio, Kalaf partiyasını isə Azərbaycanın Xalq artisti Yusif Eyvazov ifa edəcək. Liu obrazında Əməkdar artist Afaq Abbasova, Timur rolunda Xalq artisti Əkrəm Poladov, Pinq rolunda Əməkdar artist Anton Ferştandt, Panq rolunda Fəhmin Əhmədli, Ponq rolunda Əməkdar artist Tural Ağasıyev, İmperator Altoum rolunda Əməkdar artist Əliəhməd İbrahimov, Mandarin rolunda isə Orxan Cəlilov səhnəyə çıxacaqlar.

25 oktyabr tarixində tamaşa Əməkdar artist Fəridə Məmmədovanın ifasında Turandot obrazı ilə təqdim olunacaq. Kalaf partiyasını Çilidən olan tenor Dieqo Qodoy ifa edəcək. Həmin gün Liu obrazını Əməkdar artist İnarə Babayeva, Timur obrazını İqor Yadrov, Pinq obrazını Mahir Tağızadə, Panq obrazını Məhəmməd Şəmmədov, Ponq obrazını Əməkdar artist Tural Ağasıyev, İmperator Altoum obrazını Əməkdar artist Əliəhməd İbrahimov, Mandarin obrazını isə Orxan Cəlilov canlandıracaqlar. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev olacaq. Bu nümayiş eyni zamanda Fəridə Məmmədovanın 50 və səhnə fəaliyyətinin 30 illik yubileyinə həsr olunacaq.

27 oktyabr tarixində üçgünlük premyera silsiləsinin son tamaşasında Turandot obrazını Əməkdar artist İlahə Əfəndiyeva, Kalaf obrazını isə Əməkdar artist Fərid Əliyev ifa edəcəklər. Liu partiyasında Fatimə Cəfərzadə, Timur rolunda Xalq artisti Əkrəm Poladov, Pinq rolunda Əməkdar artist Anton Ferştandt, Panq rolunda Fəhmin Əhmədli, Ponq rolunda Əməkdar artist Tural Ağasıyev, İmperator Altoum rolunda Əməkdar artist Əliəhməd İbrahimov, Mandarin rolunda isə Orxan Cəlilov çıxış edəcəklər. Tamaşanın dirijoru Mustafa Mehmandarov olacaq.

Hər üç tamaşanın yaradıcı heyətinə quruluşçu rejissor Mikayıl Mikayılov, quruluşçu rəssam Mustafa Mustafayev, icraçı rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysterlər - Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılov daxildir.

Opera sənətinin möhtəşəmliyini canlı ifada yaşamaq və üç fərqli solist heyətinin təqdimatında "Turandot"un sehrli dünyasına səyahət etmək istəyən bütün operasevərlər 24,25 və 27 oktyabrda saat 19:00-da Heydər Əliyev Sarayında bu tarixi tamaşanın şahidi olacaqlar.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.