Mədəniyyət

Unudulmaz Firidun Şuşinski

9 Avqust 2012 10:09
0 Şərh     Baxış: 1 646
Tarın, kamanın, xalq mahnılarımızın ünvanına iynə ucu boyda yersiz bir söz deyilsəydi, haradasa təhrif olunsaydı, yanlışlığa yol verilsəydi, dərhal həyəcan təbili çalaraq musiqi dünyasında baş verən nöqsan və qüsurları tənqid atəşinə tutardı. Sözünü kəskin, amma dürüst deyərdi. Çoxumuzun yadındadır, bu cəfakeş, yorulmaz musiqi tədqiqatçısı televiziya verilişlərində musiqimizdən necə həvəslə, təsiredici şəkildə danışardı. Firidun Şuşinski musiqi mədəniyyətimizin tarixini öyrənən ilk tədqiqatçıdır. Ona qədər bu sahədə heç kim geniş və mükəmməl tədqiqat aparmamışdır.

Əgər XIX əsr Şuşa ədəbi mühitini, ədəbiyyatını, musiqi aləmini dərindən bilmək istəyiriksə, üç şəxsiyyətin əsərlərini oxumaq kifayət edər: Mir Möhsün Nəvvab, Firidun bəy Köçərli və Firidun Şuşinski. Bəstəkar Fikrət Əmirov yazırdı: "Azərbaycan musiqi mədəniyyətinin tarixi inkişaf yolunu, muğam ifaçılarının tərcümeyi-halını və yaradıcılıq taleyini bilmək istəyənlər mütləq Firidun Şuşinskinin əsərlərini oxusunlar, xüsusilə də "Azərbaycan xalq musiqiçiləri" kitabını vərəqləsinlər. Kitabın hər səhifəsində oxucu yeniliklə üzləşir. Muğam sənətinin korifeyləri, klassik musiqiçilər göz önündə dayanır".

Həqiqətən də bu kitabda tanınmış xanəndə və çalğıçılara, muğam ustası olan musiqişünaslara geniş yer verilmişdir.

Firidun Şuşinski XIX əsrin görkəmli xanəndəsi Hacı Hüsüdən başlamış Xan Şuşinskiyə qədər yaşamış el sənətkarlarının demək olar ki, hamısının həyat yollarını mükəmməl surətdə araşdırıb. O, arxivlərdə ciddi axtarışlar apararaq Azərbaycanı demək olar ki, kənd-kənd gəzmişdi. Vaxtilə qocaman xanəndələrlə, musiqi həvəskarları və incəsənət xadimləri ilə görüşərək xatirələr toplayıb, mətbuat tarixinin dərin qatlarına baş vurub, bir sözlə, uzun illər səbr və inadla, əzab-əziyyətə qatlaşmaqla Azərbaycan xalqının mənəvi xəzinəsinə qiymətli töhfələr bağışlamışdı. Cəsarət və dəqiqliyi ilə seçilən Firidun Şuşinski ömrünü musiqi mədəniyyətimizin tədqiqində şam kimi əritdi. Boy-buxunlu, buxara papaqlı, kəhrəba təsbehli Firidun Şuşinski bu gün də yada düşəndə qəlbimizdə təzadlı duyğular dolaşır: həm sevinir, həm də kövrəlirik. Sevinirik ki, musiqi mədəniyyətimizin belə bir görkəmli nümayəndəsi olub. Kövrəlirik ki, taleyindən həmişə narahat olduğu muğamlarımızın növbəti çağlayışından, yeni mərhələsindən xəbər tutmadı.

Firidun Məhəmməd oğlu Həsənov (sonradan Şuşinski) 1925-ci ildə Şuşada dünyaya gəlmişdi. İlk təhsilini də doğma şəhərdə almışdı. Şuşa Müəllimlər İnstitutunu bitirdikdən sonra təyinatla Malıbəyli kənd məktəbinə göndərilmişdi. Cəmi dörd ay müəllim işləmişdi. On yeddi yaşı tamam olan kimi -  1942-ci ildə İkinci Dünya müharibəsi cəbhələrinə göndərildi. Uzun bir döyüş yolu keçdi. Əyninə əsgər paltarı geydiyi gündən çoxundan fərqləndi. "İgidliyə görə" medalını aldı. O, Vətənə sinəsi orden və medallarla dolu, alnıaçıq, üzüağ qayıtdı. Bir müddət Ağdam məktəblərində ədəbiyyat müəllimi işlədi. Ali təhsil almaq həvəsi Firidunu 1946-cı ildə Bakıya gətirdi. O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil oldu. Hələ gənclik illərində onu həmişə bir məsələ düşündürürdü: Qarabağın tarixi ilə ciddi məşğul olmaq, xüsusilə də Şuşanın şanlı keçmişini araşdırmaq. Ona görə də boş vaxtı olmurdu. Həmişə arxivlərdə çalışırdı. Yay və qış tətillərini də səmərəsiz keçirməzdi. Üzünü Qarabağa tutar, bu doğma yerləri oymaq-oymaq gəzər, xüsusilə də yaşlı adamlarla söhbət etməyi, onlardan öyrənməyi daha çox sevərdi. Firidun müəllim deyərdi: "Qarabağlı ağsaqqalın da, ağbirçəyin də sinəsində arxivlərdə olmayan məlumatlar yatır". Elə tələbə ikən də bu fərasətinə görə həm müəllimlərinin, həm də sənət adamlarının diqqətini çəkirdi. Həyatının unudulmaz anlarından biri də böyük şair Səməd Vurğunun 1948-ci ildə ona "Vaqif və Qarabağ" mövzusunda material hazırlamağı tapşırması oldu. Elə bil gənc Firiduna çox qiymətli bir hədiyyə bağışladılar. Səməd Vurğunun ona inanması, belə bir mövzunu etibar etməsi ürəyincə oldu. Firidun əslində bulaq kimi qaynayırdı. Məhz böyük şairin tövsiyəsindən sonra o öz yolunu tapdı. Əldə etdiyi faktlar, məlumatlar əsasında hazırladığı məqaləni şairin stolunun üstünə qoyanda sevincinin həddi-hüdudu yox idi. Səməd Vurğunun xeyir-duasından sonra həmin məqalə dərc edildi. Bu, onun ilk mətbu əsəri idi.

Sonrakı illərdə müəyyən sınaqlardan, ağrı-acılardan keçən Firidunun yazılarında tez-tez Nəriman Nərimanovdan sitat gətirməsi, onun haqqında sorğu-sual aparması kimlərinsə xoşuna gəlmədi. Hətta bu məsələ o qədər uzandı ki, həmin dövrdə Mircəfər Bağırov plenumların birində çıxışında "millətçi" Nəriman Nərimanova aludə olmuş bu tələbə haqqında belə demişdi: "Gör universitetdə iş nə yerə gəlib çatıb ki, Həsənov familiyalı bir tələbə bilməyə-bilməyə mənə müraciət edir ki, niyə Nərimanov unudulub. O, "nərimanovçuluq" xəstəliyinə tutulmuşdur".

Bu hikkənin mənəvi zərbəsi ağır olsa da, xoşbəxtlikdən repressiyaya ünvan göstərməkdə yubandı. Bu başıbəlalı tələbə, nəhayət, universiteti bitirdikdən sonra Bakıdakı 45 və 61 saylı məktəblərdə tarix fənnindən dərs dedi. Hər dəfə sinfə daxil olanda özü də hiss edirdi ki, ürəyi onu başqa səmtə çəkir. Beləliklə, müəllimliyin daşını ataraq musiqi tariximizin tədqiqatı ilə məşğul olmağa başladı. Doğulduğu şəhərin adını özünə təxəllüs seçərək Şuşanın da keçmiş günlərini araşdırdı.

Demək olar ki, vaxtının çoxunu keçmiş SSRİ-nin müttəfiq respublikalarında keçirirdi. Arxivlərdə, muzeylərdə, elmi kitabxanalarda araşdırmalar aparırdı. Qocaman xanəndə və çalğıçıların, incəsənət xadimlərinin qonağı olurdu, onların xatirələrini qələmə alırdı. Minlərlə sənət, fotoşəkil, afişa, konsert proqramı, qrammafon valı və s. nadir əşyalar toplayaraq əldə etdiyi materiallar əsasında bir sistem yaradırdı. Çalışırdı ki, musiqi mədəniyyətimizin açılmamış səhifələrini düzgün vərəqləsin. Nəhayət, bu cəfakeş tədqiqatçının ilk kitabı 1962-ci ildə işıq üzü görmüş "Şuşa" adlanır. Bunun ardınca "Cabbar Qaryağdıoğlu", "Seyid Şuşinski", "Tiflisin köhnə musiqiçiləri", "Azərbaycan xalq musiqiçiləri" və s. kitabları oxuculara çatdırıldı. İki kitabı - biri gürcü, digəri rus dillərində çıxandan sonra qəribə təqiblərə, təzyiqlərə, tənqidlərə, iftiralara məruz qaldı Firidun Şuşinski. Bu barədə ümummilli lider Heydər Əliyev söhbətlərinin birində demişdi: "Xatirimdədir, mən hələ Mərkəzi Komitənin birinci katibi seçildiyim ərəfədə Şuşa haqqında bir kitab çıxmışdı. Müəllifi Firidun Şuşinski idi. Bu kitabı çox gözümçıxdıya salmışdılar, xüsusən ermənilər. Təəssüf ki, Bakıda olan ziyalılar bu kitabın qəti əleyhinə çıxırdılar. Həmin kitabı mənə çatdırdılar. Oxudum, gördüm ki, yaxşı kitabdır... Nə isə, mən o zaman ermənilərin hücumunun qarşısını aldım...".

Beləliklə də ulu öndər Heydər Əliyevin göstərişi ilə bu qeyrətli tarixçinin təqib edilməsinə son qoyuldu. Sonralar Firidun Şuşinski etiraf edirdi ki, Heydər Əliyev olmasaydı, bu qarğa-quzğunlar az qala dərimi soyacaqdılar. Sanki bununla da onun taleyində yeni bir mərhələ başladı.

Ötən əsrin 70-ci illərində Firidun Şuşinski ölkədə musiqi tarixçisi və tənqidçisi kimi tanınırdı. Yorulmaq bilmədən, böyük həvəslə elmi axtarışlarını davam etdirir, musiqi mədəniyyətimizin tarixini mükəmməl təhlilə çəkirdi. Bəstəkar Tofiq Quliyev deyərdi: "Milli musiqimizin bir çox yeni səhifəsini açan bu fitri istedadlı musiqişünasa Azərbaycan xalqı minnətdar olmalıdır".

Bu sözlərdə böyük həqiqət var. Çünki Firidun Şuşinski məhz ilk dəfə oxuculara Şuşanın "Sazəndə dəstələri", "Musiqi məclisləri", "Şərq konsertləri" və musiqiçiləri haqqında geniş məlumat verdi. Uzun illər apardığı tədqiqatlar nəticəsində 60-a yaxın musiqiçini sənətsevərlərə tanıtdı. Xalq musiqiçiləri və onların ölməz sənəti haqqında yazdığı sanballı monoqrafiyalar musiqi mədəniyyətimizin ən qiymətli və dəyərli nümunələridir.

O, uzun illər Azərbaycan televiziyasında "İfaçılıq sənəti" verilişini aparardı. Çoxunun yadındadır ki, bu veriliş o dövrdə televiziyamızın ən yaxşı, populyar və dəyərli proqramlarından hesab olunurdu. Həqiqətən də milli musiqimizin, xalq mahnılarımızın, muğamlarımızın keşiyində sanki silahlı əsgər kimi dayanmışdı. Ömrünün qürub çağında onun işıq üzü görən son kitabı "Musiqişünasın düşüncələri" adlanırdı. Təəssüf ki, taleyin bir qəribəliyi də onu ömrünün bu çağında haqladı. Yenə haqsızlığa məruz qaldı. Onun tənqidi, iradı, ən başlıcası, qocaman bir tədqiqatçının düşüncələri, fikirləri ilə razılaşmayanlar Firidun müəllimə hücum və yazdıqlarını təftiş etməkdən, "səhv" axtarmaqdan, yozmaqdan  çəkinmədilər. Heydər Əliyevin Bakıya qayıdışı onları susdurdu. Milli lider Firidun Şuşinskini yaxşı tanıyır və dəyərləndirirdi.

Bu gün o kitabı vərəqləyəndə anlamaq olmur ki, niyə Firidun müəllimə etiraz edənlər vardı? O, 1997-ci ildə haqq dünyasına qovuşdu. Çox məsələdən narahat getdi. Doğulduğu Şuşası erməni əsirliyinə, uzun illərin əzab-əziyyəti ilə yazıb üzə çıxardığı kitabı isə təpkiyə məruz qalmışdı. Amma zaman hər şeyi öz yerinə qoyur. Budur, yenə də xatirələrimizdə əziz və hörmətli yerindədir Firidun Şuşinski! Hansı musiqiçini, xanəndəni araşdırmaq istəsək, mütləq onun ədəbi irsinə müraciət edirik. Efir məkanının musiqili meydanlarında, səhnələrdə baş alıb gedən xoşagəlməz halları da görəndə istər-istəməz deyirik: "Allah sənə rəhmət eləsin, Firidun Şuşinski! Əgər yaşasaydın, özünəməxsusluğunla, şirin Qarabağ ləhcəsində bircə kəlmənlə əsl adlarını ustalıqla üzlərinə deyərdin!"

O, Şuşada doğulmuşdu, Əlizadələr nəslindən idi. Ömrü boyu da şərəflə yaşadı. Azərbaycan mədəniyyətinin, musiqisinin, xalq mahnı və muğamlarımızın tədqiqatçısı, təbliğatçısı və qətiyyətli keşikçisi olmaq missiyasını da ləyaqətlə yerinə yetirdi. Bu səbəbdən də onu yaxından tanıyanlar yaxşı bilirlər ki, bu unudulmaz insan hansı məziyyət və xidmətlərin sahibi idi. Musiqi tariximizi bütün incəliklərinə qədər əzbər bilirdi. İndinin özündə onu xatırlayanda bir kəlmə tez-tez işlədilir: Firidun Şuşinski dərya idi.

"Azərbaycan"
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.