Beynəlxalq Muzeylər Günü münasibətilə Arts Council Azerbaijan QHT-si əfsanəvi "Suraxanı" Gəmi-Muzeyi ilə əməkdaşlıq çərçivəsində müəllif layihəsi olan "Rəssamların döyüşü" tədbirinin növbəti mərhələsini uğurla təqdim etdi.
18 may 2025-ci il tarixində Dənizkənarı Bulvarda yerləşən "Suraxanı" gəmi-muzeyinin göyərtəsində baş tutan tədbir çoxsaylı tamaşaçılar üçün yaddaqalan, rəngarəng və emosional bir sənət bayramına çevrildi. Bu dəfə rəssam Hüseyn Kəngərli və Ruslan Rüstəmov canlı performansda qarşı-qarşıya gəldilər.
Tədbirin açılış mərasimində "Suraxanı" Gəmi-Muzeyinin direktoru Tural İbrahimov və Arts Council Azerbaijan təşkilatının rəhbəri Dadaş Məmmədov çıxış edərək iştirakçılara uğurlar arzuladılar.
Rəssamlar üç raundda yarışıblar və hər raundun öz mövzusu olub:
• Dəniz,
• Güllər,
• və Ekspressiya.
İştirakçılar məhdud zaman çərçivəsində hər mövzu üzrə əsərlərini ərsəyə gətirdilər. Tamaşaçılar isə bu yaradıcı prosesin bütün mərhələlərini - ilk fırça toxunuşundan son nəticəyə qədər - izləmək və sonda qalibi müəyyənləşdirmək imkanı qazandılar. Səslər nəticəsində 2:1 hesabı ilə qalib Ruslan Rüstəmov seçildi.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələr və dövlət rəsmiləri də iştirak etdi. Onlar incəsənətin bu canlı və interaktiv formatına böyük maraq göstərərək layihəyə yüksək dəyər verdilər. Qonaqlar müxtəlif müsabiqələrə də qoşularaq əsl sənət və əyləncə dolu bir mədəniyyət axşamı yaşadılar.
Qeyd edək ki, Arts Council Azerbaijan Beynəlxalq Muzeylər Şurası - ICOM-un üzvü olduqdan sonra ölkənin müxtəlif muzeyləri ilə əməkdaşlığı genişlənmiş.
"Rəssamların döyüşü" Arts Council Azerbaijan tərəfindən 2024-cü ildə yaradılmış müəllif layihəsidir. Layihənin müəllifi və kuratoru Sona Quliyevadır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az