Azərbaycan ən məşhur uşaq mahnılarından "Cücələrim" bütün dünyada trend olub.
Milli.Az xəbər verir ki, mahnının orijinal və remiks versiyaları sosial şəbəkələrdə aktiv şəkildə paylaşılaraq milyonlarla izlənir.
Mahnının ilk remiks versiyası geniş izləyici kütləsi olan xarici sosial şəbəkə səhifələrində paylaşılıb. Daha sonra 1959-cu ildə geniş auditoriyada ifa olunduğu kadrlar tapılıb və o da yayılıb. Bir müddətdir sürətlə paylaşılan mahnı daha geniş auditoriyaya çatdıqca barəsində reallığa uyğun gəlməyən qorxulu hekayələr uydurulub. Belə ki, musiqi bəstəkar Qəmbər Hüseynli, sözləri isə şair Tofiq Mütəllibova aid olan "Cücələrim"i daha böyük tamaşaçı qarşısında 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında Əməkdar artist Suğra Bağırzadə ifa edib. Müxtəlif səhifələr ifanın orijinal videosunu "sözlərini anlamır, hansı dildə olduğunu bilmirik, lakin qorxu hiss etdirir" başlıqları ilə paylaşırlar. Bir çox sosial şəbəkə istifadəçisi də musiqi və ifanın onlara qorxu hiss etdirdiyini, lakin sözlərin mənasını öyrəndikdən sonra bunu xoş bir uşaq mahnısı kimi dinlədiklərini yazıblar.
Bəzi səhifələrdə ifa ilə bağlı guya görnütülərinin SSRİ dövründə yaşamış bir qrup uşağın nasist Almaniyasının təcrübə qurbanı olmadan son anları olduğu qeyd edilir. Bəziləri də bu uşaqların kütləvi qırğına məruz qaldığını, ifanın yaxşı məna daşımadığını yazır. Lakin bir çox azərbaycanlı sosial şəbəkə istifadəçiləri paylaşımlara rəy bildirərək bunun sadəcə pozitiv bir uşaq mahnısı olduğunu bildirir, "Cücələrim" haqqında məlumatları qeyd edirlər.
Mahnının ifaçısı Suğra Bağırzadə də mahnının dünyada trend olması fonunda öz İnstaqram hesabında 1959-cu ildəki ifanı paylaşıb. Əməkdar artist mahnının yazılış tarixi, ilk dəfə ifa olunması ilə bağlı məlumatları qeyd edib.
Qeyd edək ki, "Cücələrim" uzun illərdir bütün dünyada ən çox tanınan Azərbaycan mahnılarında biridir. Mahnının musiqi ilk olaraq 1949-cu ildə ərsəyə gətirilib, daha sonra sözlər yazılıb. Məlumatlara görə, 1950-ci illərdə Azərbaycan kinosunun bir qrup nümayəndəsi Fransaya dəvət alır. Kino işçiləri həmin tədbirdə aktyor Çarli Çaplinlə görüşürlər. Çaplin qonaqların haradan gəlməsi ilə maraqlanır. Azərbaycan adı eşitikdən sonra pianonun arxasına keçərək "Cücələrim"in melodiyasını ifa edir və deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam yetirin".
Həmçinin, 1955-ci ildə İsveçrəyə gedən SSRİ nümayəndələrini təyyarə meydanında "Cücələrim" melodiyası ilə qarşılandıqları bildirilir. Elə həmin illərdə Çexoslovakiyaya dəvət alan sovet nümayəndələrini qarşılayanda SSRİ himni əvəzinə səhvən "Cücələrim" melodiyası ifa edilib.
1969-cu ildə "Cücələrim" məşhur Sovet cizgi filmi "Nu, poqodi!"nin bir bölümünə salınıb və azərbaycan dilində səslənib./globalinfo.az
Sosial şəbəkələrdəki paylaşımlardan bir neçəsini təqdim edirik:
Milli.Az