Mədəniyyət

Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

12 Fevral 2024 13:57
Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

29 fevral tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Konsertdə İslama Abdullayeva (soprano) və Fəqan Həsənli (piano) öz ifalarını musiqisevərlərə təqdim edəcəklər. Proqramda bəstəkarın əsərləri səslənəcək.

Peşəkar klassik musiqi təhsilli İslama Abdullayeva əsasən klassik musiqi janrında, yerli və xarici bəstəkarların əsərlərinin ifası ilə tanınır.

Azərbaycan musiqi tarixində bir çox "ilklərə" imza atmış gənc, lakin təcrübəli ifaçı rəqəmsal platformalardakı özünəməxsus ifaları ilə seçilir, klassik əsərlərə öz yanaşması ilə yeni nəfəs qatır. İslama Abdullayevanın yaradıcılığında "Azerbaijani music" (2020), "Stabat Mater" (2024),  M. Müşfiqin şeirlərinə yazılmış musiqili kompozisiyalardan ibarət "1109" (2022) adlı albomlar xüsusi yer tutur. 2019-cu ildə Azərbaycanda ilk dəfə səhnələşdirilən V. Bellininin "Norma" operasında böyük uğurla Klotilda rolunu ifa edib. 2021-ci ildə Moskvada keçirilən M. Maqomayev adına VI Beynəlxalq Müsabiqəsinə seçilmiş ilk azərbaycanlı soprano olub. Həmin müsabiqədə İslama Abdullayeva jürilərin diqqətini çəkdi, çoxşaxəli peşəkar ifaçı olması ilə yadda qaldı.

Fəqan Həsənli Bakı Musiqi Akademiyasının piano fakültəsini professor T. Seyidovun sinfində bitirmişdir. Bakıda keçirilən müsabiqədə Qran-pri mükafatına layiq görülmüşdür. Gürcüstan və Bolqarıstanda keçirilən beynəlxalq müsabiqələrdə 1-ci yeri qazanmış, laureat adına layiq görülmüşdür. Gənclər mükafatı laureatıdır. Q.Qarayevin üçsəsli fuqasının, C.Qarayevin sonatasının ilk ifaçısıdır. Müxtəlif illərdə ABŞ, Rusiya, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Estoniya, Bolqarıstan və digər ölkələrdə müsabiqə, festival, konfranslarda həm solist, həm də konsertmeyster kimi çıxış etmişdir. 2019-cu ildə M.Rostropoviç adına beynəlxalq festival çərçivəsində keçirilən konsertdə dünya şöhrətli  E.Bronfmanla birlikdə çıxış etmişdir. 2022-ci ildə Macarıstanın Mendelson Kamera orkestri ilə həm pianoçu, həm də ilk dəfə olaraq dirijor kimi çıxış etmişdir. 2023-cü ildən Mikpro yayım şirkəti ilə əməkdaşlıq edir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.