Mədəniyyət

Günahlı dünyanın günahsız uşağı: Rənglərin dilini bilən azərbaycanlı dahi

17 Dekabr 2023 15:01
Baxış: 2 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onu əməliyyat edən məşhur rus həkimlərdən biri belə deyib: "O müqəddəsdir, Allah adamıdır". Elə sənətkarlar var ki, sağlığında ölməzlik zirvəsinə ucalır, bir növ ölümsüzləşir, başqa sözlə əbədiləşir. Səttar Bəhlulzadə kimi...

Milli.Az publika.az-a istinadən xəbər verir ki bu gün bənzərsiz rəssamın doğum günüdür. 114 il əvvəl dünyaya gələn rəssamı yad edirik.

Səttar Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakının Əmircan qəsəbəsində Bəhlul bəy və Hökümə xanımın ailəsində anadan olub. Səttar Bəhlulzadə ilk təhsilini məhəllə məktəbində alıb. Orta təhsil aldıqdan sonra 1927-1931-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxuyub. İstedadlı gənc rəssam yaradıcılığa o dövrdə yaxşı tanınan və sevilən rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə "Kommunist" qəzetində başlayıb.

Hələ sağlığında müasirləri onu "Aramızda gəzən dahi" deyə çağırırdılar. Özünün isə təbii ki, bundan xəbəri yox idi. Tərifi xoşlamazdı. Çəkdiyi əsərləri üzünə tərifləyəndə də haldan-hala düşər, daxili aləminin işığı duyulan nadir gözlərini nəhayətsiz bir nöqtəyə zilləyərək "İşləyirik də... hələ çox şey eləmək lazımdı" deyib söhbətin yönümünü dəyişməyə çalışardı.

Gözəllik onun Tanrısı idi. Səttar elə bil gözəlliyi duymaq, onu başqalarına kəşf etməkdən ötrü yaranmışdı. Çoxlarına adi görünən dağa, daşa, gülə, çiçəyə, müxtəlif donlu ağaclara hopmuş cüzi gözəllikdən belə heyrətlənə bilirdi. Sonra da bu heyrətini elə bir biçimdə kətan üzərində əbədiləşdirirdi ki, başqaları da bu ecazkarlıq qarşısında heyrətini gizlədə bilmirdi. Doğrudan da rəssamın əsərlərində təbiətin gözümüzdə adiləşən guşələri elə heyrətamiz ifadə vasitələri ilə çəkilib ki, sanki insan oğlu ilə təbiət bir-birinə meydan oxuyur. Biri ağlasığmaz gözəllik yaratdığı, digəri isə bu gözəlliyi dərindən duyduğu üçün.

"Qudyalçay vadisi", "Qızbənövşəyə gedən yol", "Doğma düzənlər", "Cıdır düzü", "Muğanda bahar", "Dədəgünəş", "Qədim Şamaxı", "Naxçıvan dağları", "Abşeronun tacı", "Xəzər gözəli", "Torpağın arzusu", "Kəpəzin göz yaşları", "Bazardüzü ətrafı", "Azərbaycan nağılı" və "Mavi nağıl" əsərləri bu fikirlərin bariz nümunəsidir.

Səttar Bəhlulzadənin özünəməxsus aləmi var idi. O, fəlsəfəyə bağlı bir insan idi. Ona görə də yaratdığı əsərlər onun daxili dünyasını açır. O, qeyri-adi bir insan idi və bu qeyri-adiliyini öz əsərləri ilə hamıya nümayiş etdirib. Əzmkar və fədakar, sənətini çox sevən və bütün həyatını öz sənətinə həsr edən bir adam olub Səttar. Bu insan heç vaxt şan-şöhrət, ad, mükafat dalınca getməyib. Çoxlarını düşündürən belə şeylər onu heç vaxt maraqlandırmayıb. O, çox sadə və təvəzökar şəxsiyyət idi. Səttar Bəhlulzadə insanların ruhunu və zövqünü oxşamaq, "Həyat gözəllikdir" həqiqətini sənətilə sübut etmək üçün öz taleyini, şəxsi həyatını ədəbi sənət yolunda qurban verən nadir sənətkarlardan idi.

Səttar Bəhlulzadə heç vaxt evlənməyib, tək-tənha ömür sürüb. Amma onun gizli sevdiyi bir qadın olub. Sevdiyi qızla birlikdə Moskvaya, Vasiliy İvanoviç Surikov adına Rəssamlıq İnstitutunda təhsil almağa gediblər. Səttar Bəhlulzadə qızı nə qədər çox sevsə də, sevdiyi qız ona həmişə bir dost kimi yanaşıb. Bir müddətdən sonra onun sevdiyi qız başqa birisi ilə ailə həyatı qurur, lakin çox keçmir ki, onların birgə həyatı baş tutmur və ayrılmalı olurlar. Deyilənlərə görə, onları birləşdirən iki cəhətdən biri onların hər ikisinin rəssam olması idisə, digər bir cəhət hər ikisinin mavi gözlü olması idi. Səttar Bəhlulzadənin hamıdan gizli saxladığı məhəbbəti - Xalq Rəssamı, qrafika ustası Maral Rəhmanzadə imiş.

Onu həm də Azərbaycan təbiətinin məcnunu adlandırırlar. Füzulini çox sevərdi. Füzulinin qəzəllərinə olan vurğunluğunu o, hər zaman belə dilə gətirir. "Mənim bir rəssam kimi yetişməyimdə üç müdrik sənətin: qədim xalça və miniatür sənətimizin, bir də ki, Füzulinin odlu-alovlu poeziyasının böyük təsiri olub".

Füzuliyə olan sevgisini rəssam bir dəfə daha qəribə və özünəməxsus formada büruzə verir. Dekabrın 15-də ad gününü qeyd edən Səttar başına yığışan yaxın adamları ilə yeyib-içdikdən, gülüb-danışdıqdan sonra o biri otağa keçib oradan xeyli şam gətirir. Sonra onların hamısını yandırıb masanın üzərinə, pəncərələrin qarşısına qoyur. Evin işıqlarını söndürüb belə bir təklif edir:"Gəlin ağır-ağır "Şəbi-hicranı" oxuyaq". Otaqda olan hər kəs onunla birgə oxumağa başlayır. Qaranlıq otaqda yanan şamların şöləsi, divarlarda əks olunan kölgələr və Səttarın üz-gözünə dağılmış saçları, parlaq baxışları Füzulinin qəzəli ilə ahənglik yaradır. Və həmin an bəlkə də elə Səttar bir neçə dəqiqəlik də olsa, Məcnuna çevrilir.

Səttar Bəhlulzadə bənzərsizliyini şərtləndirən təkcə onun çəkdikləri, yaratdıqları deyildi. O, elə bir insan kimi də bənzərsiz, əvəzsiz idi. Olduqca ürəyiyumşaq və əliaçıq insan idi. Bir nümunə ilə bunu çox asan sübüt etmək olar:

Yetmişinci illərin ortalarında "Ulduz" jurnalında Səttar Bəhlulzadənin rəsmlərinin çapından bir neçə aylıq qonarar yığılıbmış. Jurnaldan tez-tez ona zəng edib qonorarını almağa çağırırlarmış. Günlərin bir günü rəssam "Ulduz"un redaksiyasına gəlir və soruşur:

- Nə qədər qonorarım var?

Cavab verirlər:

- Min beş yüz manat.

Səttar Bəhlulzadə fikrə gedir və əlini cibinə atıb siqaret tapmayanda onun başına yığışmış jurnalın əməkdaşlarına deyir:

- Mənim min beş yüz manatımı köçürdərsiniz yetimxanaların birinə. Ancaq üstümdə də pul yoxdur, gərək mənə bir qutu "Avrora" tapasız!

Nə qədər böyük ürəyə sahib olasan ki, o pulun hər manatına ehtiyascın ola-ola onu başqalarına köməyin dəysin deyə istifadə edəsən. Bax budur Səttar Bəhlulzadə böyüklüyü!

Şəxsi maşını da yox idi. İstəsəydi ala da bilərdi, amma elektrik qatarını onu Əmircandan şəhərə aparıb gətirən ən gözəl minik sayırdı. O, sanki həyatdan, təbiətdən götürdüyü sadəliyə və təbiiliyə haram qatmaq istəmirdi. Səttar sözün əsl mənasında bu günahlı dünyanın günahsız uşağıydı. O, günaha batmadı. Çünki buna nə vaxtı nə zamanı, nə də ki, istəyi oldu.

Bu gün Azərbaycanla yanaşı, dünyanın ən müxtəlif ölkələrində, o cümlədən nüfuzlu muzey və şəxsi kolleksiyalarda Səttar imzalı rəngkarlıq və qrafika əsərləri ən dəyərli hədiyyə kimi qorunur və saxlanılır. Minlərlə əsərini Səttar Bəhlulzadə təmənnasız olaraq ürəyinə yatan adamlara hədiyyə edirdi. Başqa sözlə desək, o, heç kimə əsər satmayıb. Çünki Səttar belə Səttar idi...

Çox da uzun ömür yaşamayan Səttar Bəhlulzadə oktyabrın 14-də 64 yaşında cismani köç edib, heç vaxt olmadığı övladı tək sevdiyi anasının yanına gedir. Özünün vəsiyyət etdiyi kimi Əmircan qəsəbəsində - anasının uyuduğu məzarlıqda dəfn olunur.

Səttar Bəhlulzadənin çox qəmli gözləri vardı. Amma bu qəmli gözlərlə o, dünyanı həmişə sevgi, sevinc, eşq dolu görürdü. Bu gün ondan miras qalan sənət əsərləri bunun ən sadə və bariz nümunəsidir. Demək ki, Səttar Bəhlulzadə günəşi hər zaman parlayacaq, rəsmlərindəki solmayan izi kimi...

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.