Mədəniyyət

Fuad İbrahimovun qastrol səfərləri - FOTO

28 Mart 2023 13:43
Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Musiqi həyatımızın vacib mərkəzlərindən biri olan M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası peşəkar musiqiçilərə göstərdiyi xüsusi diqqət ilə hər zaman seçilməkdədir.

Filarmoniyanın aparıcı yaradıcı simalarından biri Bakı Kamera Orkestri və Almaniya Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovdur.

Fuad İbrahimov nəinki ölkəmizdə, həmçinin, ölkəmizin hüdudlarından kənarda mütəmadi olaraq qastrol səfərləri ilə çıxış edir. Məhz bu səfərlədən ikisi mart ayında baş tutmuşdur.

İlk konsert martın 4-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmişdir. Burada "Auditorio Nacional de Musica"("Madrid Milli Musiqi Auditoriyası") səhnəsində "Orquesta Clasica Santa Cecilia"nın (Santa-Çeçiliya Klassik Orkestri) konserti təşkil olunmuşdur.

Proqramda dahi alman bəstəkarları Lüdviq Van Bethovenin 8 nömrəli F-Dur, op.95 və Feliks Mendelson Bartoldinin 2 nömrəli B- Dur, op.52 simfoniyaları səsləndirilmişdir.

Növbəti qastrol səfəri isə martın 10-da Latviyanın paytaxtı Riqa şəhərində baş tutmuşdur. "Great Guild" ("Böyük Gildiya") sarayında keçirilən tədbirdə Latvijas Nacionālais Simfoniskais Orķestris (Latviya Milli Simfonik Orkestrinin) konserti izləyicilərə unudulmaz anlar yaşatmışdır. Konsertin repertuarına L.V.Bethovenin "Eqmont" Uvertürası, Piano və orkestr üçün 4 nömrəli G-Dur, op.58 Konserti və görkəmli çex bəstəkarı Antonin Leopold Dvorjakın 9 nömrəli "Yeni Dünyadan" simfoniyası daxil olmuşdur. Konsertin solisti latviyalı pianoçu Daumant Liepinşd idi. Baş tutan tədbir Radio 3 kanalı vasitəsilə translyasiya olunmuşdur. Böyük maraqla qarşılanan konsert latviyalı musiqişünasların da diqqətini cəlb etmiş, onlar tərəfindən şərh olunmuş və Fuad İbrahimovdan müsahibə götürülmüşdür. Dirijor qeyd edir ki, baş tutan müsahibədə Azərbaycan musiqisi haqqında verilən suallar xüsusən diqqətəlayiq olmuşdur.

Azərbaycan dirijorluq məktəbinin layiqli davamçısı olan Fuad İbrahimova yeni-yeni ideyalar və onların reallaşmasını, uğurlarının davamını diləyirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.