Ölkə

"Müharibədən sonra üstümüzə çox böyük yük düşür" - Elmir Səfərli

1 Dekabr 2020 16:00
Baxış: 2 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan işğal altında olan torpaqların azad edilmə əməliyyatı 10 noyabr tərəflər arasında bağlanmış bəyanatla sona yetdi".

Bunu Milli.Az-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

İqtisadçı bildirib ki, hərbi müharibə yerini diplomatik, siyasi, elmi müharibəyə verdi:

"İndi Qarabağ məsələsinin daha sürətli həll edilməsi və daha da önəmli nəticələr əldə edilməsi üçün yeni bir mərhələ başlayıb. 44 günlük müharibənin bitməsi yerini diplomatik, siyasi, elmi müharibəyə təqdim etdi. Bu müharibələrdən biri də Qarabağ regionu ilə bağlı istənilən sahəyə uyğun elmi tədqiqatların aparılması və beynəlxalq databazalarda indekslənən jurnallarda çap edilməsidir. Məsələn, təsadüfən JSTOR elmi databazasına nəzər yetirdim və Qarabağla bağlı ortalama 700 civarında elmi tədqiqat ortaya çıxır ki, bunların böyük əksəriyyəti demək olar ki, erməni və onları dəstəkləyən ölkələrin düşüncələrini əks etdirən tədqiqatlardır. Yalan da olsa adamlar nəyisə yazıb elmi olaraq insanların diqqətinə çatdırır. Amma boynumuza alaq ki, biz bu baxımdan çox geridəyik. Bu tədqiqatları oxuyanlar nəyi başa düşməlidir və ya necə qəbul etməlidir sizcə? Bu baxımdan üstümüzə çox böyük yük düşür. Məsələn, mənim təklifim - bütün elm adamları öz sahələrinə uyğun bu il ən azı 2 elmi iş ortaya qoya bilər. İqtisadiyyatdan tutmuş tarixi araşdırmalara qədər. Milli Elmlər Akademiyasında, Araşdırma İnstitutlarında, Tədqiqat Mərkəzlərində, eləcə də, beyin inkişafı mərkəzlərində bundan sonra aparılacaq mövzuların tədqiqatı və tədqiq olunmuş mövzuların praktik tətbiqi  Dağlıq Qarabağ və ətraf rayonlar üzərində aparılmalıdır. Təbii ki, bu tədqiqatların aparılmasına da dövlət və özəl müəssisələr xüsusi dəstək göstərməlidir. Bununla əlaqəli olaraq bir sıra şərtlər və təkliflər irəli sürülə bilər:
 
1) İlkin olaraq elm və təhsil mərkəzlərində sahələrə uyğun olaraq araşdırma mövzuları müəyyənləşdirilməli, bu mövzuların aktuallıq prinsipləri ortaya qoyulmalı və müzakirə olunmalı, eləcə də, əldə olunan nəticələrin effektivliyi nəzərdə tutulmalıdır.

2) Qarabağla bağlı sahələrə uyğun aparılacaq tədqiqatlara material və məlumat bazası tam açıq və əlçatan olmalıdır. Bu anlamda, bəzi statistik rəqəmlərin əldə edilməsi, xüsusi siyasi, hərbi və iqtisadi sirr təşkil etməyən məlumatların dövlət tərəfindən təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

3) Aparılan tədqiqatlar müxtəlif beynəlxalq dillərdə aparılmalı, xüsusi elmi platforma və databazalarda indekslənən jurnal, məlumat kitabçası və eləcə də, portallarda dərc edilməli, bir çox ölkələrin, universitetlərin əldə edə biləcəyi resurslarda paylaşılmalıdır.

4) Aparılan tədqiqatlar aktuallıq baxımından həm də işğaldan azad olunmuş rayonların inkişaf konsepsiyasına dəstək məqsədli həyata keçirilməli, bu tədqiqat xüsusi olaraq layihə şəklində dövlət orqanlarına təqdim olunmalı, və eyni zamanda regionun stratejik yol xəritəsinə daxil olan mövzuların tətbiqində xüsusi rol almalıdır.

5) Qarabağ zonasında müəyyən yatırım edəcək investorlar belə araşdırmasını, xüsusi layihə şəklində tədqiqatlara əsaslanaraq apara bilərlər. Bu həm tədqiqatçıların maliyyələşməsinə yardımçı olacaq, həm də, investorların yatırımları ilə bağlı ilkin planlamasında xüsusi əhəmiyyət kəsb edən mövzuların aydınlaşmasına gətirib çıxaracaq.

6) Elm, təhsil mərkəzləri beynəlxalq fondlardan xüsusi maliyyə vəsaitləri cəlb edərək, Qarabağla bağlı həqiqətləri tədqiq edib, beynəlxalq platformalara daşıya bilərlər. Bu da öz növbəsində regionun tədqiqatı ilə bağlı bir növ investisiya hesab oluna bilər.

Düşünürəm ki, bu çərçivəni daha da genişləndirmək olar. Bununla bağlı xüsusi müzakirələr həyata keçirilməli, bütün elm, təhsil və beyin mərkəzləri birləşməli, bütün gücünü ortaya qoyaraq bu sahədə fəaliyyətini doğrultmalı və beynəlxalq arenada Qarabağla bağlı həqiqətlərə uyğun məlumatların əks olunmasını həyata keçirtməlidir".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.