Ölkə

Distant təhsil şagirdlərdə hansı fəsadları törədəcək? - Psixoloqdan HƏYƏCAN TƏBİLİ

17 Sentyabr 2020 10:23
Baxış: 7 147

Son illər telefon, internet, sosial şəbəkə asılılığından əziyyət çəkən insanlar kifayət qədər artıb. Bura istənilən yaş qrupundan olan insanı daxil etmək olar. Pandemiya dövrü bu qəbildən olan insaların sayını xeyli artırdı. Onlayn görüşlər, tədbirlər və təlim-tədris nəticəsində cəmiyyətdən uzaq düşən vətəndaşların sayı çoxalmaqdadır. Bu amilin ən çox zərəri isə uşaqlar və yeniyetmələrə dəyir.

Belə ki, psixoloqlar təhsilimizdə məlum vəziyyətlə bağlı distant təhsilə keçiddən sonra dəyəcək zərərin miqyasını daha da artıracağını iddia edirlər.

Distant təhsilin zərəri nə ola bilər? 

Bununla bağlı psixoloq Vüsalə Əmiraslanova Milli.Az-a danışıb:

"Əvvəl-əvvəl pandemiyanın bir neçə ay davam edəcəyini düşündükləri üçün dərslərin bağlanması uşaqlar üçün toy-bayram oldu. Sevindilər ki, "evdə qalacağıq, dərslər olmayacaq, dincələcəyik", mart, aprel, may aylarını bu cür düşündülər. Sonra da yay gəldi, başları qarışdı, amma indi yenidən distant təhsilə başlayıblar. 

Distant təhsilə qayıtmaq istəməyən uşaqlar var. Ən çox diqqət əskikliyi, davranış pozuntusu olan, yəni müəllimi canlı belə qəbul etməyən uşaqlar onlayn təhsili də qətiyyən qəbul etməməyə başladı. Distant dərslər o halda ola bilər ki, uşaq ən azından həftədə 3-4 dəfə dərsə getsin, bir günü onlayn keçsin. Psixoloji olaraq canlı əsasdır, az qruplarla, 4-5 nəfərlə bunu təşkil etmək çox vacibdir. Distant təhsil böyük siniflər üçün, tələbələr üçün keçərlidir, uşaqlar üçün keçərli deyil. Uşaqlar canlı ünsiyyət qurmalıdırlar. Müəllimi hiss etməlidirlər, emosional bağ yaratmalıdırlar, həmyaşıdları ilə ünsiyyət bacarıqlarına yiyələnməlidirlər. Çünki bir azdan fəsadlar yaranacaq. 

Distant təhsil uşaqlarda eqoizm, özünə qapanma kimi problemlər yaradacaq, heç kəslə ünsiyyət qura bilməyəcəklər. Çünki onlayn belədir ki, kameranı söndürdün, danışmırsan, səni görmürlər, xəbərləri yoxdur və nəticədə sən qapandın özünə və yaxud da fikrin yayındı. Çox nadir uşaqlar dərsi sevirlər. Distant dərs zamanı təhsil batacaq, bunu mən psixoloq kimi etiraf edirəm. Dərslər ənənəvi qaydada keçirilməlidir. Böyük siniflər amma distant təhsil ala bilərlər, onlar onsuz da hazırlıqlara gedirlər. 9-11-ci siniflər repetitor yanına getdikləri üçün onlar həftənin iki günü ənənəvi qaydada dərs alsın, qalanını distant təhsil zamanı müəllimləri başa düşüb yola verəcək ki, hazırlığa gedirlər. Amma o şərtlə olmalıdır ki, uşaq məcburən o şüanın qarşısında oturmasın. 

Distant təhsilin ikinci fəsadı

Ana-ata gedir işə, uşaq qalır nənənin yanında. Nənəsini aldadır ki, mən onlayn dərsdəyəm, amma dəsrdə deyil, "iqra" oynayır. Ona valideyn nəzarət edə bilmir. Bu halda da uşağın telefona bağlılığı yaranır. Biz onları sonra o həyatdan ayıra bilməyəcəyik. Onsuz da, hamısının beyni artıq, demək olar ki, robotlaşıb, bundan sonra daha da fəsadları artacaq.

 

Ümumiyyətlə, 3 yaşa qədər uşaqlara telefon vermək olmaz, 3 yaşdan 6 yaşa qədər uşaqlara yarım saat icazə var, 11 yaşdan yuxarı 1 saat icazə var, 12-13 yaş arası uşaqlara 2 saat. Bu uşaq 4 saat necə dərs oxusun?  9-cu sinifdə oxuyan uşaq 6-8 saat necə onlayn dərsdə otursun? Onun qavrayışı, davranışı korlanır, diqqət pozuntusu, onurğa problemi yaranır, gözləri zəifləyir. Yəni, distant təhsil konkret ziyandır. Nə olursa olsun dərslər ənənəvi qaydada canlı keçirilməlidir xəstəlik varsa da, yoxsa da. İmmuniteti qaldıraq, vitamin terapiyası edək, tibbi maska ilə, əlcəklə getsinlər, sinifdə az şagird olsun. Tamamən distant təhsilə keçmək olmaz".

Təhməz Əsədov
Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.