Ölkə

Koronavirusun qorxudan əlaməti - Saç tökülməsi 2 aydan çox davam edərsə...

31 Avqust 2020 14:23
Baxış: 2 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika və Avropa mütəxəssisləri sürətli saç tökülməsini də dünyada yüz minlərlə insanın ölümünə səbəb olan COVİD 19-un əlamətlərindən biri kimi göstərirlər.

Bununla bağı Milli.Az-a danışan həkim-infeksionist Məmmədova Nilufər saç tökülməsinin koronavirusla əlaqəsini açıqlayıb:

"Saç tökülməsi COVİD 19-un əlamətləri arasında yer almasa da, son günlərdə xəstəliyi 2-3 ay əvvəl keçirib sağalmış insanlar arasında bu şikayəti çox görməyə başlamışıq. Bu vəziyyətin "telogen effluvium" adlandırdığımız bir dermotoloji problem olduğunu düşünürük. Belə ki, stress, yüksək hərarət, keçirilən əməliyyatlar, fiziki və psixoloji travmalar, infeksiyalar bu halın meydana çıxmasına səbəb ola bilər. Nəzərə alaq ki, insanlar uzun müddət ev şəraitində qalmalı oldular. Bəzi insanlar maddi və mənəvi sıxıntılar yaşadılar, bəziləri işini itirdi, bu müddətdə saç tökülməsinə səbəb ola biləcək bir çox stress faktoru, təəssüf ki, insanlara xoşagəlməz təsir etdi. Həmçinin, COVİD-19 xəstəliyi vaxtı istifadə olunan bəzi preparatlar da saç tökülməsinə səbəb ola bilər. Güman edirik ki, bu müvəqqəti bir haldır".

İnfeksionist qeyd edib ki, əgər saç tökülməsi 2 aydan çox davam edərsə, mütləq şəkildə dermotoloqa müraciət edilməlidir:

"COVİD-19 xəstəliyini yüngül keçirənlərdə orqanizmin bərpası 2-3 həftə, ağır keçirənlərdə isə 3-6 həftə sonra mümkün olur. Bu bərpa müddətində orqanizmin bir çox vitamin və minerallara ehtiyacı var. Belə ki, dəmir, Zn, fol turşusu, B12 vitamini, D vitamini və s. nəinki saçlara, həmçinin bütün orqanizmə lazımdır. Bu vitamin və minerallarla zəngin qidalanma olduqca vacibdir. Lazım olarsa, həkim təyinatı ilə vitamin və mineral kompleksləri qidaya əlavə olunaraq qəbul edilməlidir. Ehtiyacı olan pasiyentlər mütəxəssis tərəfindən psixoloji dəstək almalıdır. Əgər saç tökülməsi 2 aydan çox davam edərsə və ya dairəvi boşluqlar halında tökülmələr müşahidə olunarsa, dermatoloqa müraciət etməlisiniz".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.