Ölkə

"Bizi daha böyük fəlakətlər gözləyə bilər"

29 İyul 2020 14:43
Baxış: 8 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayın 5-dən sonra sərtləşdirilmiş xüsusi karantin rejiminin artırılması ehtimalı da var, yumşaldılma ehtimalı da var. Ehtimalı qoyduq bir kənara.

Bunu Milli.Az-a açıqlamasında həkim-nevroloq, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü Qalib Əsədov deyib.

O bildirib ki, koronavirus əvvəlki kimi daha aqressiv deyil:

"Mən düşünürəm ki, karantin rejiminin yumşaldılması hal-hazırda mütləqdir, lazımdır. Bir dənə avqust ayı qalıb. Əgər avqust ayında insanlar lazımınca istirahət edə bilməsələr, rayona gediş-gəliş açılmasa, çimərliklər açılmasa, payız aylarında bizi immun sistemi aşağı düşdükcə daha böyük fəlakətlər gözləyə bilər.

Koronavirusu ayaqüstü keçirən xəstələrin sayı həddindən çoxdur

Ona görə də düşünürəm ki, karantin rejimi yumşaldılmalıdır. Sosial məsafə, maska normalarını tələb edərək insanların istirahət hüququnu qaydasına qoymaq olar. Eyni zamanda virusun mutasiya edərək aqressivliyinin yumşaldığını görürük. Koronavirus əvvəlki kimi daha aqressiv deyil, daha çox can almır. Əksinə, ayaqüstü keçirən xəstələrin sayı həddindən çoxdur, evdə asimptomatik (simptomsuz) keçirən xəstələrin sayı həddindən artıq çoxdur. Bu, bizə onu deməyə əsas verir ki, karantin rejimi ehtiyatla yumşaldılmalıdır. İnsanlar rayona gedib-gəlməlidirlər. Məsələn, bu gün xarici dövlətlərə getmək mümkündür. İnsan test verir, əgər onda koronavirus yoxdursa, dünyanın istənilən ölkəsinə gedə bilər, amma burdan-bura rayona getməyə icazə vermirlər.

İnsanlarda kollektiv immunitet əmələ gələndən sonra virus öz-özünə yoxa çıxıb gedəcək, necə ki, SARS, MERS virusları getdi

İmmun sistemini gücləndirmək üçün, "D" vitamini balansını düzəltmək üçün çimərliklər açılmalıdır, istirahət məsələsi həll edilməlidir və virus get-gedə yumşalmağa doğru gedir, nəticədə kollektiv immunitet əmələ gəlməlidir. İnsanlarda kollektiv immunitet əmələ gələndən sonra virus öz-özünə yoxa çıxıb gedəcək və bizlə, bizim orqanizmimizlə birlikdə yaşamağa artıq öyrəşəcək. Necə ki, bundan əvvəl SARS virusu elə oldu, necə ki, bundan əvvəl MERS virusu elə oldu". 

Həkim-nevroloq qeyd edib ki, koronavirusa yoluxanların azalması insanlarda artıq kollektiv immunitetin əmələ gəldiyini göstərir:

"Tovuzda erməni təxribatı ilə bağlı ölkədə keçirilən kütləvi aksiyalarda heç bir sosial məsafə gözlənilmədi, heç bir qaydalara riayət olunmadı. Artıq o hadisədən 2 həftədən artıq vaxt keçib və biz indi koronavirusa yoluxanların sıçrayışla partlayışlarını görməli idik, amma görmürük, əksinə azalmasının şahidiyik. Bu, o deməkdir ki, insanlarda kollektiv immunitet əmələ gəlməkdədir. Ona görə də bu karantin tədbirləri yumşaldılmalıdır.

Bu saat insanlar gördüyü şeyə inanırlar. Ölkədə insanların əksəriyyətini hələ də məsuliyyətsizlik edib, qaydalara əməl etməməsi o deməkdir ki, biz inandıra bilmirik virusun varlığını, biz inandıra bilmirik bunun hansı fəsadlara gətirib çıxardığını. Bu istiqamətdə KİV-lərin üstünə böyük yük düşür.

Azərbaycanda 30-40 faiz insan virusun varlığına, ümumiyyətlə, inanmır

Onu insanlara inandırcı şəkildə çatdırmaq lazımdır. Elə çatdırmaq lazımdır ki, adam inansın. Bu gün Azərbaycanda 30-40 faiz insan virusun varlığına, ümumiyyətlə, inanmır. Bunu hansısa bir oyun kimi nəzərdə tuturlar. Bircə yalan məlumatın verilməsi artıq doğru məlumatlara da şübhə ilə yanaşmasına səbəb olur. Buna görə də hər şeyi olduğu kimi təqdim etmək lazımdır.

Karantin rejiminin uzadılması ölkənin iqtisadiyyatına da böyük zərbə vurur. Təbliğat doğru şəkildə olsa, insanlar da özünü qoruyarlar, qaydalara əməl edib, gedib işlərini də işləyərlər. 

Bu gün pandemiya dövründə vətəndaşlar 3 qrupa bölünür:

I. Qanunlara riayət edən vətəndaşlar - Hansı ki, qayda-qanunlara əməl edirlər və tamamilə adekvat olurlar. 

II. Cahil insanlar - Hansı ki, qanunları heçə sayır və ağlına gələni edir. Belə bir xəstəliyin, virusun olduğuna inanmır. Belələri tarixin bütün dövrlərində və bütün cəmiyyətlərdə var. Məsəl üçün, bütün kitablar yazır ki, kəməri taxmasan, avtomobil qəzaya uğrayarsa, ölə bilərsən, amma bizim yenə əksəriyyətimiz kəmərdən istifadə etmirik. Cərimə qorxusundan kəmərdən istifadə edirik. Məsuliyyətsiz insanlar təkcə virus məsələsində məsuliyyətsiz deyillər. 

III. Koronavirusdan həddindən artıq panika keçirib, həyəcanlanıb və nevroloji xəstəliyə düşən insanlar - Yəni biri var bunu normal qarşılayır, biri də var buna inanmır, məsuliyyətsiz yanaşır, biri də var bunu həddindən çox şişirdilmiş xəstəlik şəklində qəbul edir. Artıq bu şəxslərdə manyakal vəziyyət əmələ gəlir. Təmizlik, hər kəsdə şübhə oyatmaq, yuxu qaçır, panik-həyəcan-təşviş pozğuntusu əmələ gəlir. Bu vaxt artıq psixoloji xəstəliklər ortaya çıxır.

Mənə müraciət edən belə xəstələr çoxdur. Psixologiya elə bir şeydir ki, hər bir insanın özünün düşüncələri var və düşüncə xətaları var. Konkret onu narahat edən əsas məsələ nədir öyrənib, sonra ona uyğun olaraq müəyyən psixoterapiya seansı təyin olunur". 

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.