12:09
"May ayının 28-i saat 23:55-də Ləki stansiyasının ərazisində yük qatarı hərəkətdə olarkən "Mercedes-Benz" markalı minik avtomobili dəmiryol keçidinin bağlı vəziyyətdə olmasına baxmayaraq, keçiddən istifadə qaydalarını pozaraq qatara çırpılıb".
Milli.Az xəbər verir ki, bunu açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev deyib.
O, sürücüləri dəmiryol keçidlərinə yaxınlaşarkən qaydalara ciddi əməl etməyə çağırıb: "Dəmiryol keçidlərinə yaxınlaşarkən sürücülər yol kənarındakı işarələrə diqqət yetirməli, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etməlidirlər".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 29-da saat 00:20 -də Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə dörd nəfər (hər biri kişi cinsli olmaqla) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib:
"1988, 1992, 1994 və 1996-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilmiş, kəsilmiş yaraları və travmaları diaqnozları təyin edilib. Xəsarət alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib və hər biri ambulator müalicə üçün evə buraxılıb".
11:25
Ağdaşda avtomobil qatarla toqquşub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib.
Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan 1994-cü il təvəllüdlü Emil Lətifov, 1988-ci il təvəllüdlü Ceyhun Şirinov və 1996-cı il təvəllüdlü Pərvin Xasməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az