Ölkə

Vardanyan sərbəst ifadə verməkdən imtina etdi, sualları cavablandırmadı

25 Fevral 2025 20:57
Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 25-də davam etdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib.

Ardınca təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif olunub, lakin o, ifadə verməkdən imtina edib.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə itiham olunduğu cinayət əməlləri üzrə suallar verməyə başlayıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təqsirləndirilən şəxs R.Vardanyandan Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal olunması, azərbaycanlıların zorla didərgin salınması, əsir və girov götürülmüş şəxslərə işgəncələrin verilməsi və öldürülməsi, Azərbaycan Respublikasına maddi ziyan vurulması və digər faktlara dair münasibətini soruşub.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov, dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayev təqsirləndirilən şəxsin Azərbaycanın suveren ərazilərinin işğal olunmasına təkan verən hadisələr, Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və Davit Manukyanla münasibətləri, humanitar məqsədlər adı altında fəaliyyət göstərən "Avrora Humanitar Təşəbbüs Fondu", Rusiya Federasiyasının vətəndaşlığından çıxma və Ermənistan Respublikasının vətəndaşlığını qəbul etmə səbəbləri barədə suallar ünvanlayıb.

Eyni zamanda, Robert Köçəryan, Serj Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan Mikaeli, Zori Balayan və digərləri ilə əlaqələri barədə suallar verilib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə qondarma rejimin dövlət naziri vəzifəsinə təyin edilməsi qaydası, həmin vəzifəyə təyin olunmasına zəmanətin kim tərəfindən verilməsi, bununla bağlı məsləhətləşmələr apardığı insanların şəxsiyyəti, Azərbaycan Respublikasının əvvəllər işğal altında olmuş hansı ərazilərinə səyahət etməsi, "Biz və Bizim dağlar Ərazi İnkişaf Agentliyi" və "Artsaxın Təhlükəsizliyi və İnkişaf Cəbhəsi Hərəkatı"nın fəaliyyət istiqamətləri barədə suallar verib.

Bundan sonra R.Vardanyanın cinayət işinin materiallarında olan müsahibəsi nümayiş etdirilərək tərcüməçinin iştirakı ilə təqdiq olunub.

Dövlət ittihamçıları məhkəmədə nümayiş etdirilən müsahibədən irəli gələn bir sıra məqamlar barədə təqsirləndirilən şəxsə suallar ünvanlayıb, o cümlədən Ermənistan ərazisindən keçərək qanunsuz olaraq Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağa gəlməsi, keçmiş qondarma rejimin ərazisində dövriyyədə olan pul vahidi, həmin qondarma rejimin ərazisində Ermənistan Respublikasının pasportundan istifadə olunma səbəbi, Ermənistan Respublikasının silahlı qüvvələrinin orada yerləşməsinin məqsəd və əsasları, R.Vardanyan tərəfindən Azərbaycan və Erməni xalqlarının birgə yaşamasının qeyri-mümkünlüyünü ifadə edən, habelə xalqlar arasında nifrət və ədavəti oyadan xarakterə malik çıxışların edilmə səbəbi və məqsədi, qondarma rejimin maliyyələşdirilməsi forması və Ermənistan dövlətinin bu prosesdə iştirakı, "dövlət naziri" vəzifəsində qısa müddət olmasının səbəbi barədə suallar verib.

Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.