Bu ilin yanvar-aprel aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 121 061 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 faiz azdır. Dörd aylıq göstəricinin 18 440-ı (15,2 faizi) ilkin, 102 621-i isə (84,8 faizi) təkrar qeydiyyatın payına düşüb. Bunlar isə bir il əvvələ nisbətən müvafiq olaraq 34,1 və 32,2 faiz azdır. Yanvar-aprel aylarında fərdi yaşayış və bağ evi üzərində 17 896, mənzil üzərində 26 445, torpaq sahəsi - 72 951, qeyri-yaşayış binası - 1 047, qeyri-yaşayış sahəsi - 2 470, əmlak kompleksi - 240, çoxmərtəbəli yaşayış binası üzərində isə 12 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Rəqəmlərdən də göründüyü kimi, əmlakların qeydiyyatı prosesində azalma müşahidə edilir. Bəs bunun səbəbi nədir?
Milli.Az "Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir:
Qiymətlər qalxıb, bazarda durğunluqdur
Əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının azalması əsasən bazarda alqı-satqı əməliyyatlarının azalması ilə əlaqədardır: "Rəqəmlərdən də görünür ki, bu ilin birinci rübü ərzində həm ilkin, həm də təkrar mənzil bazarında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında azalmalar müşahidə edilib. Bunun əsas səbəblərindən biri mənzil bazarındakı qiymətlərdir. Keçən il mənzillərin qiymətində xeyli yüksəliş müşahidə edildi. Demək olar ki, 30 faizə qədər artım olduğunu söyləyə bilərik. Amma bu ildən başlayaraq qiymətlər o dərəcədə qalxdı ki, bu, alqı-satqı prosesinə də təsir göstərdi. Hazırda daşınmaz əmlak bazarında alıcı qıtlığı yaşanır. Bu da notarial qaydada alqı-satqı əməliyyatlarının azalmasına təsir edib".
Yaxın zamanda qeydiyyat məsələsi həllini tapacaq
R.Qasımzadə bildirdi ki, yaxın zamanda əmlakların qeydiyyat məsələsi öz həllini tapacaq: "Mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı sənədsiz evlərin qeydiyyatının bu il ərzində başa çatdırılması planlaşdırılır. Ölkədə, xüsusilə də Bakı şəhərində mənzillərin qeydiyyata alınması ilə bağlı son tamamlanma işləri gedir. Bunun üçün xüsusi portal üzərindən fəaliyyət həyata keçirilir. Həmin portala qeydiyyatı olmayan evlərlə bağlı müraciətlər də qəbul ediləcək".
Sənədləşmə prosesi tədricən aparılır
"Azərbaycan Rieltorlar Assosiasiyası"nın direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə düşünür ki, rəqəmlər əvvəlki illərdə də bu səviyyədə idi. Əksinə, əvvəlki illərdən fərqli olaraq bu il təkrar qeydiyyat daha çox gündəmdədir: "Əmlak bazarı aktivdir. Deməzdim ki, keçən illə hansısa fərq var. Amma onu da nəzərə almalıyıq ki, bu il qiymət artımı əvvəlki illərlə müqayisədə daha durğundur. Mülkiyyət hüququnun qeydiyyatı məsələsi dayanmayan prosesdir. Nəzərə almalıyıq ki, ölkəmizdə 600-700 min arası mülkiyyəti tanınmayan, sənədsiz əmlaklar mövcuddur. Onların sənədləşmə prosesi hökumət tərəfindən tədricən aparılır. Bir çox hallarda sənədləşmənin təkrar qeydiyyatıdır. Məsələn, torpağı bir çox vətəndaş alır, amma bölərək sənədləşdirir. Bu, həyətyanı sahələrə də aiddir. Bir çox ərazilər olub ki, bələdiyyə torpaqlarından verilib, yaxud onların üzərində evlər tikilib. Müəyyən qəsəbələr salınıb ki, onların da sənədləşmə prosesi gedib. Bu o demək deyil ki, alqı-satqı çox olub. Bu o deməkdir ki, daha çox sənəd verilib".
Vətəndaş məcbur qalıb əmlakın dəyərinin 40 faizini ödəyir
Rieltor Mülkədar Rüstəmov isə azalmanı iki səbəblə əlaqələndirir: "Birincisi, son zamanlar qiymətlərin süni şəkildə artırılmasıdır. Xüsusilə ötən ilin sentyabr və oktyabr aylarından mənzil sahibləri satışa çıxardıqları əmlaklara dəyərindən 15-20 faiz artıq qiymət təyin edərək mənzil bazarını şişirdilmiş həddə çatdırdılar. Onlar elə düşünürdülər ki, ipotekaya tələbat çoxdur, mənzilləri satılacaq. İpoteka fondu isə müştəri mənzil tapdığı zaman dərhal pul ayırmır. Qiymətləndirmə şirkəti göndərir, evin real dəyərini monitorinq edir. Bundan sonra mənzilin bazar dəyərinə uyğun qiymət çıxarılır. Satıcılar mənzilin qiymətini baha qoyduqda istədiklərinə nail ola bilmirlər. Belə olduqda da yük müştərinin üzərinə düşür. 20-30 faiz ilkin ödəniş edilməlidir, amma vətəndaş məcbur 40 faiz ödəyir. Amma bank da limit qoyur. Evin qiyməti bazar dəyərindən yüksək olduqda bank ev almaq istəyən şəxsi məcbur edir ki, ilkin ödənişi artırsın. Çünki mənzil sahibinin pulu ödənilməlidir. Cəmi 40-45 gün vaxt verilir. Alıcı çatdırıb pulu ödəyə bilmədikdə vaxt bitir. Belə olduqda müştəri fikrindən daşınır. Böyük rəqəmlərlə bazara daxil olan mənzil sahiblərinin bəziləri artıq fikrindən daşınıb və daha uyğun qiymətlər qoyur. Çünki alıcılıq qüvvəsi aşağıdır".
Payızda qeydiyyat artacaq
M.Rüstəmov qeyd etdi ki, gələcəkdə torpaq sahələri üzrə qeydiyyat daha da artacaq: "Sənədsiz evlər məsələsinin köklü şəkildə həll ediləcəyi gözlənilir. Əmlak Məsələləri Dövlət Xidmətində siyahıyaalma işləri həyata keçirilir. Çox güman ki sentyabr-oktyabr ayları ərəfəsində bu məsələ yekunlaşacaq. Bakının müxtəlif rayonlarında mövcud tikili həyət evləri kənd təsərrüfatı torpaqları üzərində tikilib. Bu torpaqlar yaşayış məntəqəsi torpağı statusu ilə əvəzlənəcək. Torpaq sahələri, sənədsiz evlər özəlləşəndən sonra statistikada kütləvi artım baş verəcək. Bu zaman vətəndaşların evini satması da asanlaşacaq, bank əməliyyatları apara biləcək, girov qoyacaq, sənədli evlər ipoteka predmetinə çevriləcək. Bu da bazarda rəqabətin çoxalmasına səbəb olacaq. Qarşıdakı aylarda bazar aktivləşəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun