Rusiyanın www.championat.com idman portalında şərhçi Yevgeni Slyusarenkonun birinci Avropa Oyunlarına həsr olunan "Bakıda Avropa Oyunları: Olimpiada burada olacaq" adlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, Y.Slyusarenko Avropa Oyunlarını müxtəlif aspektlərdən qiymətləndirərək bu mötəbər idman tədbirinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
"Bakı-2015"in miqyasına və təşkilatçılığına görə Olimpiya Oyunları ilə eyni səviyyədə olduğunu deyən müəllif yazır: "Belə görünür ki, məhz Bakı 2024-cü və ya 2028-ci ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizədə əsas favoritlərdən biridir. Buradakı yarışlara və yaşayış komplekslərinə baxsaq, belə təsəvvür yaranır ki, biz böyük bir Olimpiya paytaxtındayıq - əgər 2024-cü ildə olmasa, 2028-ci ildə mütləq".
Müəllif qeyd edir ki, birinci Avropa Oyunları üçün Bakıda hazırlanmış istənilən arena lazım gəlsə çox asanlıqla Olimpiya tələblərinə uyğunlaşdırıla bilər: "Bu baxımdan, növbəti illər əla test olacaq: 2016-cı ildə Bakı küçələrində "Formula-1" yarışları təşkil olunacaq. Bu fakt Bakı yollarının vəziyyəti haqqında təsəvvür yaratmağa imkan verir. 2017-ci ildə İslam Həmrəylik Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının bir neçə oyunu da Bakıda baş tutacaq".
Y.Slyusarenko məqalədə, həmçinin Bakıda müşahidə etdiyi müsbət məqamları diqqətə çatdıraraq yazır: "Avropa Oyunları ilə bağlı, istəsən belə, nöqsan tapmaq çətindir. Yarışlarda tribunalar ağzına qədər dolur, insanlar ürəkdən azarkeşlik edirlər, şəhər parlaq təəssüratlar doğurur. Dəniz sahili fantastikdir, insanlar mehribandırlar, çoxları, - hətta gənclər də, - rusca danışa bilirlər.
Könüllülər? Onlar mane olmurlar, əksinə kömək edirlər, sağ olsunlar. Təhlükəsizlik? Dövlət tərəfindən təmin olunur. Hər addımda təhlükəsizlik əməkdaşları olsa da, bu, narahatlıq yaratmır".
Milli.Az





