Ağ paltarların zamanla bozarması və ya saralması hamının ortaq problemidir. Bahalı ləkə çıxarıcılar və kimyəvi ağardıcılar bəzən həm parçanı zədələyir, həm də istənilən nəticəni vermir.
Milli.Az xəbər verir ki, duz sadəcə xörək dadlandırıcısı deyil, həm də güclü bir təbii təmizləyicidir. Paltar yuyarkən suya duz əlavə etmək bir neçə funksiyanı yerinə yetirir:
Ləkələri parçalayır: Duz kristalları liflərin arasına daxil olaraq yerləşmiş çirki və sarımtıl ləkələri yumşaldır.
Rəngləri qoruyur: Ağları ağardır, rəngli paltarların isə solmasının qarşısını alaraq rəngi parçaya "həbs edir".
Suyu yumşaldır: Sərt suyun paltarlarda yaratdığı kobudluğu aradan qaldırır.
Bu üsulu tətbiq etmək çox asandır:
Paltaryuyan maşında: Yuma prosesi başlamazdan əvvəl yuyucu toz bölməsinə və ya birbaşa maşının barabanına bir xörək qaşığı duz əlavə edin.
Əllə yuduqda: Əgər corablarınız çox çirklidirsə, onları əvvəlcədən bir qab ilıq suya qoyun və suyun içinə bol miqdarda duz töküb 30 dəqiqə gözlədin. Sonra adi qaydada yuyun.
Xüsusilə ağ pambıq corabların daban hissəsində yaranan o inadkar qaraltılar bu üsulla asanlıqla təmizlənir. Xəbərdə qeyd olunur ki, müntəzəm olaraq duzdan istifadə etmək paltarların ömrünü uzadır və onları ilk günkü kimi parlaq saxlayır.
Daha güclü təsir üçün duzu bir az ağ sirkə ilə birləşdirə bilərsiniz. Bu ikili həm təbii yumşaldıcı rolunu oynayır, həm də maşının daxilində yaranan ərpin qarşısını alır.
Lalə Qüdrətova
Milli.Az





