Cəmiyyət

Həmid Hersçinin ağ və qara kürələri

3 Fevral 2015 18:51
0 Şərh     Baxış: 1 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çox qəribədir! Qəribəliyindən daha çox dəhşətdir. Nə qədər olacaq, əsəbləri tarıma çəkən bu cür psixoloji sarsıntılar? Azərbaycan ziyalısına, milli mübarizə qəhrəmanlarına, sənətkarlara qarşı qarayaxmalar, lağa qoymalar nə zamana kimi təkrarlanacaq? İnsan olan şəxs başqası haqqında fikir söyləməmişdən öncə özünə "mən kiməm və nə haqla kiminsə haqqına girirəm", deyə sual verməlidir...

ANS TV-də anonsu gedən, Həmid Hersçinin təqdimatında Səməd Vurğun haqqında olacaq "Şəxsiyyət vəsiqəsi" verilişinə öncə baxmamağa qərar versəm də, dəyərli qardaşım, Vurğunşünas alim Aslan Salmansoyun həmin verilişdə Səməd Vurğun müdafiəçisi olması fikrimi dəyişdirdi.

Düzünü deyim ki, polemika iştirakçılarından biri, siyasət meydanında siyasi karyerasını uduzmuş, eyforiyaya uyan Sərdar Cəlaloğlunun münasibəti mənə öncədən bəlli olduğundan, bu insanı o qədər də ciddiyə almadım. Əsas diqqət hədəfimdə isə Həmid Hersçı, Kənan Hacı və qismən də Mirşahin oldu.

Həmid Hersçi hər zaman mənim təsəvvürümdə savadlı, yüksək intellekt sahibi kimi yer alıb. Bu verilişdən sonra isə mənə elə gəldi ki, Həmid Hersçi dayandığı zirvədən üzüaşağı enir. Səbəbsiz deyil bu qənaətim.

Əvvəla, məhdud zaman daxilində belə verilişdə Səməd Vurğun kimi şəxsiyyətin müzakirəsinə qəti ehtiyac yox idi. Daha yaxşı olardı ki, bu cür şəxsiyyətlər böyük akademik mərkəzlərdə ədəbiyyatçıların, tənqidçilərin, ictimai xadimlərin iştirakı ilə müzakirə edilsin. Debata Sərdar Cəlaloğlu kimi minüzlü siyasət oyunlarında iştirak etmiş insanlar deyil, ədəbi tənqidçilər, ədəbiyyatşünaslar dəvət edilməliydi. Bu verilişə öncədən ciddi hazırlıqlar getməli və suallar da tam və konkret olmalı idi. Çox bəsit, ziddiyətli və düzgün ünvanlanmamış suallar həm verilişin, həm də aparıcının reytinqini aşağı saldı.

Hörmətli Həmid Hersçi, əslində mən də ədəbiyyat adamı deyiləm, fizika üzrə aliməm. Amma sizin debata dəvət etdiyiniz bəzi şəxslərin nə debat mədəniyyəti, nə də ədəbi bilik səviyyəsi mənim uyğun səviyyələrimdən üstün deyildi. Mən hətta onlardan daha çox şeir bilirəm və bildiklərimin də dərin təhlilini verə bilirəm. Zəhmət olmasa, deyin görək, siz Sərdar bəyi hansı arqumentlərə əsaslanıb debata çağırmısız? Yəni, bu şəxsin bir zaman Səməd Vurğuna qarşı işlətdiyi təhqirə görəmi? Yoxsa, üzünü bir dəfə açıb sona qədər oxumadığı "26-lar" poeması və "Vaqif" dramından imtina edilməsi kimi söylədiyi cəfəng fikirlərə görəmi? Sərdar Cəlaloğlu öz maraqlarına xidmət edən, lakin bunu müxtəlif vasitələrlə cəmiyyətdən gizləyən siyasətçidir. Sərdar bəy kimi siyasətçiləri riyazi dillə desək, funksiyanın arqumenti adlandırmaq olar. Yəni arqument sərbəst dəyişəndir və istənilən üzə düşə bilər. Hansısa addım atarkən dərindən düşünün. İnanın ki, ayıbdır. Cəmiyyət sizə baxır. İkrah doğurur bu cür səviyyəsiz polemikalar. Cəmiyyət belə məsələlərdə sizin kimi insanlardan diqqət və obyektivlik gözləyir.

İndi isə gəlin bəzi suallara diqqət edək. Verilişinizdə ilk olaraq debat iştirakçılarına "Sizin üçün kimdir Səməd Vurğun?" sualını verirsiz. Əslində, bu sual çılpaq və qurumuş bir ağaca bənzəyir. Bu suala bir az giriş verib dünya klassiklərinin Səməd Vurğun haqqında demiş olduğu fikirlərə istinad etsəydiniz, daha mükəmməl cavablar alardınız. Məsələn, "Dahi fransız ictimai xadimi, şair Lui Araqon Səməd Vurğunu müasir dünya ədəbiyyatının iftixarı kimi görüb. Bəs sizin üçün kimdir Səməd Vurğun?" sualını versəydiz, inanın ki, bu sual qarşısında Sərdar bəyin də içində gizlənmiş əsl həqiqət üzə çıxacaqdı. Ya da ki, bu insan birdəfəlik özünü təsdiq edəcəkdi, siyasət aləmində olduğu kimi.

Sərdar bəy heç bir sübutu olmadan Molla Pənah Vaqifin Qazaxdan qaçaraq Qarabağa getdiyini iddia edir. Hörmətli Sərdar bəy, siz ağıllı adamsız. Sizcə, bir eldən digər elə qaçıb sığınan bir insanı ən yüksək vəzifəyə irəli çəkərlərmi? Yəni, sizin məntiqiniz o qədərmi zəifdir ki? O zaman bu oyunu müasir dönəmdə siz daha gözəl icra etmisiz. Hətta daha yüksək formada. Vaxtilə qədim Naxçıvan torpağından Bakıya gəldiniz (qaçaraq!) və sonralar dostluğa, yoldaşlığa baxmayaraq, partiya sədrliyini tək ələ keçirdiz. Bəs onda Vaqifi niyə qınayırsız?! Sərdar bəy, "Səməd Vurğun ilk üçlüyə, beşliyə, yoxsa onluğa daxildimi" sualına cavab verməklə Səməd Vurğunun yüksək zirvədə olduğunu özünüzdən qeyri-ixtiyari təsdiq etdiniz. Bəy, bax bu da ədəbiyyatın siyasətidir. Amma siz bütöv Azərbaycan ədəbiyyatı dedikdə nəyi nəzərdə tutursuz, bilmədim? Siz siyasətçisiz, özü də hər şeydən başı çıxan siyasətçi. Amma ədəbiyyat bilginiz inanın ki, şübhə doğurdu. Deyin görək, müasir Azərbaycan ədəbiyyatında ilk üçlükdə kimi görürsüz? Bəy, Azərbaycan sovet ədəbiyyatı keçmişdə qaldığından, ona qiymət verə bilərsiz. Lakin hələ ki, müasir ədəbiyyatımız bir məkana çıxmadığından buna qiymət verə bilməzsiz. Hətta ilk üçlükdə görəcəyiniz kimlərsə varsa, onlar da özlərini Vurğuna borclu bilirlər.

Həmid bəy, sual verirsiz ki, "Səməd Vurğun inqilabçı şair idimi?" Bəy, bir şeyi unuduruq ki, inqilabı şairlər yox, şairləri inqilablar yetirir. Hər bir inqilab bəlli ideologiya ilə meydana girir və cəmiyyətdəki şair və sənətkarlar da yaşamaq və yaratmaq istəyirsə bu ideologiyanın müridlərinə çevrilirlər. Şair də inqilabın mürididir. Ona görə də heç bir şairi nə dövründən öncəki, nə də sonrakı ideoloji mühitin müridləri ilə müqayisə edib, paralellər aparmaq olmaz. Şair və yazıçıların daha çox dil üslubuna, sənət zənginliyinə üstünlük verilməlidir. Buna da ancaq və ancaq ədəbiyyatşünas və tənqidçilər qiymət verməlidir.

Mirşahinə isə verilişə gələrək göstərdiyi "nümunəyə" görə təşəkkür edirəm. Və deyirəm ki, bəy, inanın Səməd Vurğunun sizin bu minnətinizə də ehtiyacı yoxdur. Özünüzün dediyi kimi, Allah verən ömrü başa vurandan sonra bu dünyada sənin Səməd Vurğunu müdafiə edib, etmədiyini heç xatırlayan da olmayacaq. Amma Səməd Vurğun bu xalqın təfəkküründə yüzilliklər uzunu yaşayacaq. Buna görə də inanın, dahi Səməd Vurğunun heç kəsin müdafiəsinə ehtiyacı yoxdur. Nə Mirşahinin, nə də digərlərinin.

Çox maraqlıdır ki, Biləcəridən o yana tanınmayan ağzıgöyçəklər dahi şairi ləkəli təfəkkürü və qıfıllı zehniyyətləri ilə tənqid və ya təhqir edirlər. Bilirsinizmi ki, 1954-cü ildə Sovet Yazıçılarının İkinci Ümumittifaq Qurultayında "Sovet poeziyası haqqında" məruzəni sizin bəyənmədiyiniz Səməd Vurğun etmişdi. Səməd Vurğun 200 milyonluq SSRİ xalqları arasından seçilmiş yeganə azərbaycanlı şair olaraq bu yüksək etimada layiq görülmüşdü.

Həmid bəy, hansısa şeiri əzbər söyləyib, oradakı konkret obrazları, ideyanı təhlil etmək əvəzinə, ağlına gələn hərzəvi-hədyanı danşaraq - Stalin mükafatı belə getdi, fəhlə-kəndli şairi belə getdi deyən iflasa uğramış siyasətçi üçün bu veriliş gündəmdə qalmağın ən son ayaq yeridir.

Dəyərli Həmid Hersçi, verilişin sonunda akvariuma atılan ağ şar, qara şar oyununa daha çox sıxıldım. Səməd Vurğuna bu cür münasibət sərgilənməsi utancvericidir. Bu oyunu görcək xəyal məni qanadlarında uşaq vaxtlarımda oynadığımız oyunun xatirəsinə apardı...

...İki əlimizi də arxamızda gizlədib, kiçik daş parçasını əlimizin birinin içində gizlədərdik. Sonra əlimizin ikisini də yumulu halda qarşıya uzadıb seçim edəcək şəxsə daşın hansı əlimizdə olmasını tapmasını deyərdik. Seçim edəcək şəxs isə "Ha-sın-da-dır, bu-sun-da-dır, Kor-oğlu-nun qa-pı-sın-da-dır" cümləsini beləcə heca-heca oxuyub, hər hecada əlini yumulu əlin birinə vurardı. Sonuncu heca hansı əldə bitərdisə, daşın o əldə olduğu ehtimal edilərdi. Gülməlidir, bəli!

Nə isə...

"Şəxsiyyət vəsiqəsi" verilişindən sonra əsəbi halda televizora yaxınlaşıb kanal dəyişən düymələri tıkladım (idarəetmə pultunu uşaqlar qırır deyə, ləğv etmişəm). Əsəblərimin gərginləşdiyi bir anda, gözləmədiyim halda, Space TV-də gedən "Sevimli şou" kimi  bayağı bir verilişdə müğənni Elnarənin dingildəyə-dingildəyə oxuduğu "Sozanoğlu" mahnısı əsəbimə su səpdi.

Yusif Ali Afşar
Fəlsəfə doktoru


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.