Başqa münaqişələrdə sanksiyaların tətbiq olunduğunu gördükdə, biz yenə də ikili standartları görürük.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Əlbəttə, münaqişəyə və illərdir davam edən işğala qeyri-müvafiq münasibətə təkcə məlumat çatışmazlığının səbəb olmaması, faktlarla bilərəkdən manipulyasiya edilməsi bizi çox məyus edir. Çünki bu ədalətsizliklə üzləşməyə başlayanda bizə belə gəldi ki, öz işimizi təqdim etmək, işğaldan əziyyət çəkənlərin Azərbaycan xalqının olduğunu, bizim torpaqların təcavüzün qurbanı olduğunu izah etmək üçün biz daha gərgin çalışmalı idik. Biz hesab edirdik ki, bunu söylədikdən sonra hər kəs bunu başa düşəcək və bizimlə ədalətli davranacaqdır. Sonra biz dərk etdik ki, dediklərimizin nədən ibarət olduğuna baxmayaraq, çox güclü erməniyönümlü qruplar və mövqelər, qavranış və inanclar var. Ermənilərin işğal dövründə etdiklərinə baxmayaraq, onların heç bir əməli heç vaxt hər hansı bir cəzalandırma və ya hətta qınaq obyekti deyildi. Mən uzun illər idi deyirdim ki, Ermənistana qarşı sanksiyalar tətbiq edin. Bu, münaqişənin həll edilməsi, müharibəyə yol verilməməsi üçün yeganə yoldur. Ermənistana qarşı sanksiyalar tətbiq etməsəniz, onlar heç vaxt o əraziləri tərk etməyəcəklər. Üç həmsədr ölkədə belə güclü lobbi mövqeyinə malik olduğunu, bu ölkələrlə xüsusi və hərbi əməkdaşlığının olduğunu nəzərə alaraq onlar heç vaxt könüllü şəkildə oranı tərk etməyəcəkdilər. Lakin əfsuslar olsun ki, bu, baş vermədi. Başqa münaqişələrdə sanksiyaların tətbiq olunduğunu gördükdə, biz yenə də ikili standartları görürük. Müharibədən sonra çox qəribə və yenə də feyk faktlara, deyərdim ki, Azərbaycanofobiyaya əsaslanan bir hekayə var idi ki, Azərbaycan bizim işğaldan azad etdiyimiz ərazilərdə Ermənistanın mədəni irsini dağıdacaq. UNESCO qapımızda idi və səfər etməyi planlaşdırırdı. Əlbəttə ki, biz onlarla işləyirdik, çünki bizə yazışmamızın müvafiq mətndə olması lazım idi, bizə onların açıq bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə tam şəkildə riayət edilməsi lazım idi. Yekun olaraq biz mətnin və missiyanın tərkibi üzərində razılığa gəldik. Qeyd etmək istəyirəm otuz ildir ki, biz UNESCO-dan işğal olunmuş ərazilərə gəlməyi və şahid olduqlarını bildirməyi xahiş edirdik. Onlar həmişə imtina edirdilər. İkinci Qarabağ müharibəsindən bir il və ya ola bilsin bir il yarım əvvəl bizim ovaxtkı xarici işlər naziri UNESCO-da idi və bu sualı onlara vermişdi. Cavab isə belə oldu ki, UNESCO siyasi məsələlərlə məşğul olmur.
Müharibə bitəndən sonra vəziyyət dəyişdi. Nəyə görə? Çünki belə bir qavrayış var idi ki, erməni tarixi irsi dağıdıla bilər. Lakin 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Sanki heç bu, bir tarixi irs deyil, sanki bu, bir dini irs deyil. Bu, bizim üzləşdiyimiz vəziyyətdir. Lakin minlərlə, on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır. Çünki onlar gəldiyi zaman və ya gəldiyi təqdirdə nə haqqında hesabat verəcəklər? Onlar 65 dağıdılmış məscid haqqında hesabat verməli olacaqlar. Onlar ermənilərin Ağdam məscidində donuz və inək saxladıqları haqqında hesabat verməli olacaqlar. Onlar erməni, xristian və alban dini irsinin toxunulmaz qaldığı haqqında hesabat verməli olacaqlar. Biz bunu heç vaxt etməzdik və biz bunu heç vaxt etməmişik də. Burada, Bakıda, şəhərin mərkəzində erməni kilsəsini görə bilərsiniz. Orada beş min erməni kitabı var. İrəvanda bəs nə görürük? Onlar Azərbaycan məscidinin adını dəyişiblər, onu fars məscidi adlandırıblar. Şuşadakı məscidi də fars məscidi adlandırırlar. Onlar məscidin mənşəyini dəyişmək, bəzi təmir işlərini aparmaq üçün hətta İrandan mütəxəssis də dəvət ediblər. Diplomatik nota verilmişdir, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilmişdir və biz buna son qoyulmasını tələb etdik. Çünki bu da müsəlman irsinin dağıdılmasının legitimləşdirilməsinin bir hissəsi idi. Beləliklə, fərq burasındadır. Bizim Azərbaycandakı dini və tarixi irsimiz bütün Azərbaycan xalqına məxsusdur. Zərdüştlük məbədi, məscid, katolik kilsə, pravoslav kilsə, erməni kilsəsi və sinaqoq - bütün bunlar bizim milli irsimizdir və biz onları qoruyub saxlayırıq. Bakını, Şuşanı, Qubanı və digər yerləri ziyarət edən hər kəs bunu görə bilər. Lakin, əlbəttə, bu ikili standartlar yanaşması belə bir məsələdir ki, əfsuslar olsun, biz artıq onunla yaşamağa öyrəşmişik. Lakin yenə də düşünürəm ki, belə görüşlər və Şuşanın hər həftə çox mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir şəhər olması və orada tezliklə on ölkənin folklor qrupunun iştirak edəcəyi növbəti "Xarıbülbül" festivalının keçiriləcəyi heç kimin məhəl qoya bilmədiyi və göz yuma bilmədiyi bir məsələdir".
Milli.Az





