Xalq artisti Nuriyyə Əhmədovanın çəkildiyi sonuncu film "Sükutun pozulması" adlı ekran işidir. Bu filmi Los-Ancelesdə kino kursu keçmiş gənc rejissor Qüdrət Həmidov çəkib. Qeyd edək ki, aktrisa bu filmə oğlunun ölümündən əvvəl çəkilib. Filmdə aktrisanın oyununa heyrətlənən gənc rejissor təəssüratlarını Milli.Az ilə bölüşüb.
"Ekran işinin janrı psixoloji dramdır. Filmdə səhnələrin bir çoxunun sakit olmağının səbəbi elə filmin adından da göründüyü kimi sükutun pozulmasından irəli gəlir. Yaşlı qadın oğlunun ölümündən sonra sükuta qərq olur və cəmiyyətdən özünü ayırır. Sükut onun ən yaxın dostuna çevrilir. Onun həyatında hər şey elə səssiz olur ki, anidən gələn bir telefon zəngi onun sükutunu pozur. Bir neçə zəngdən sonra o aydınlaşdırır ki, telefon nömrəsi səhvən bir qəzet elanında yazılıb. Telefon bir dəqiqə susmur, hamı qəzetdəki elana görə zəng edir. Yaşlı xanım bir tərəfdən gələn zənglərə sevinir, başqa bir tərəfdən isə sükuta xəyanət etmək istəmir. Ona görə də o hər gələn telefon zənginə cavab verir və öz-özü ilə mübarizəyə başlayır.
Filmdəki oğlunu itirmiş ana roluna xalq artisti Nuriyyə Əhmədovanı dəvət etdik. Çünki bu rol ona daha yaxındır, bildiyim qədərilə o, qızını vaxtsız itirmişdi. Ssenarini oxuyandan sonra filmdə təmənnasız oynamağa razılaşdı. Hətta dedi ki, bu ssenarini mən həyatda yaşamışam və bu mənə yaxındır. Filmdə bir səhnə var ki, ana ağlayır və gözündən yaş gəlir. Bu kadrı çəkməmişdən öncə qrimçi Nuriyyə xanımın gözünə süni göz damcıları tökmək istəyəndə o etiraz etdi. Mən elə bildim ki, Nuriyyə xanım ssenarini başa düşməyib və bu səhnədə ağlamaq lazım olduğunu bilmir. Çəkilişə start verən kimi Nuriyyə xanım həqiqətən təbii göz yaşları tökməyə başladı. Hətta operator mənə baxaraq səhnəni dayandırmağı məsləhət gördü, mən isə səhnənin bitməyini gözlədim. Kadr çəkiləndən sonra o, 20 dəqiqə özünə gələ bilmirdi. Bir tərəfdən, rolunu təbii oynamasına görə sevindim, digər tərəfdən də onun yarasını təzələdiyim üçün kədərləndim. Buna görə peşman idim.
Nuriyyə xanım rolun öhdəsindən peşəkarcasına gəldi və buna şübhə yox idi, çünki o, "xalq artisti" adına layiq görülmüş peşəkar aktrisadır. İkinci tərəfdən, bu rolun ona belə dərindən təsir edəcəyini və yarasını təzələyəcəyini düşünməmişdim. Filmdə tək bir aktrisa çəkilib və hadisələr tək bir məkanda baş verir. Nuriyyə xanım bu filmdən sonra oğlunu da itirdi. Təbii ki, vaxtsız övlad itkisi ana üçün çox böyük bir dərddir. İstərdim, onun üçün xüsusi rollar yazılsın. Nuriyyə Əhmədova elə bir aktrisadır ki, həm komediyanı, həm də faciəni asanlıqla oynaya bilir. Faciəni isə o daha asan, ürək yanğısı ilə oynayır", - deyə rejissor bildirib.
Əli Rəhimoğlu
Milli.Az