Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasında “Əbədi Qardaşlıq” adlı Zəfər Günü konserti keçirildi - FOTO

8 Noyabr 2025 17:58
Baxış: 203
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş "Əbədi Qardaşlıq" adlı möhtəşəm konsert proqramı keçirilib.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğunun və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutub.

Zəfər Gününə həsr olunan bu təntənəli gecədə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Naftalan şəhər icra hakimiyyətinin nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri, eləcə də Türkiyə Respublikasının diplomatik nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının qarşısında yürüş edərək Zəfər marşlarını ifa edib. Mehter sədaları şəhər sakinləri və tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb, yürüş Filarmoniyanın qarşısından başlayaraq və Türk və Azərbaycan dostluğunun simvolik abidəsinin qarşısından keçərək əhval-ruhiyyəsini daha da yüksəldib
Konsertin aparıcıları Zəfər salnaməsindən, qəhrəmanlıq tariximizdən və Azərbaycan-Türkiyə dostluğunun əbədiliyindən bəhs edən bədii kompozisiya ilə çıxış ediblər.

Tədbirdə ilk söz Mehteran Birliyinin nümayəndəsi Albay Tolqa Hasan Bezek Hocaya verilib.
Bədii hissədə tanınmış sənətçilər - Xalq artisti Teyyub Aslanov, Zaur Gəray, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Vüsal Hacıyev, Rüstəm Cəfərov, Pərviz Abdullayev, Elmir Pişnamazzadə və Səttar Qəmbərov müxtəlif ifaları ilə çıxış edərək tamaşaçılara unudulmaz anlar bəxş ediblər.

Konsertdə həmçinin Filarmoniyanın Kamera orkestri (Bədii rəhbər - Xalq artisti Rafael Bayramov), Xalq çalğı alətləri orkestri (Bədii rəhbər - Xəyal Qəhrəmanov), Filarmoniyanın Rəqs kollektivi (Baletmeyster - Sənan Cavadov) və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə" Nağara İfaçılar Ansamblı (Bədii rəhbər - Söhrab İbrahimov) və 2-ci Qarabağ müharibəsi qazisi Elmar Nəsirovun ifası və Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi məktəbinin müəllimi aşıq İlqar Nəcəfoğlu və sazçalanlar ansamblı xüsusi rəng qatıb.

Həmçinin Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin möhtəşəm səhnə çıxışı Zəfər ruhunu daha da gücləndirib və tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.

Sonda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Xalq artisti Aygün Səmədzadə çıxış edərək tədbirdə dəstəyi və əməyi olan hər kəsə təşəkkürünü bildirib, Azərbaycan-Türkiyə dostluğunun mədəniyyət və incəsənət vasitəsilə daha da möhkəmləndiyini qeyd edib.

Gecənin sonunda səslənən "Cəngi" əsəri tamaşaçılar tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.
Gəncədə keçirilən bu möhtəşəm tədbir bir daha göstərdi ki, Azərbaycan və Türkiyə xalqları arasında "Əbədi Qardaşlıq" ruhu sarsılmaz və əbədidir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.