Dünya

Avstriyada İkinci Dünya müharibəsinə aid əsir düşərgəsində xatirə kompleksi yaradılacaq

5 May 2021 23:05
Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriya dövləti bu ölkənin ərazisində yerləşən İkinci Dünya müharibəsinə aid "Quzen" əsir düşərgəsinin ərazisini satın alıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, daxili işlər naziri Karl Nehammer düşərgənin alman nasistlərindən azad olunduğu 5 may tarixinin bundan sonra ərazinin dövlət mülkiyyətinə keçməsi ilə də yadda qalacağını bildirib. Avstriyanın Yuxarı Avstriya federal əyalətinin Sankt-Qeorgen qəsəbəsi yaxınlığında dağ kristalları mədəninə giriş, SS idarəçilik barakı, daşdoğrayan avadanlıq və əsirlərin toplaşma meydançasından ibarət ərazidə yaxın gələcəkdə yerli və beynəlxalq tərəfdaşlarla birlikdə xatirə kompleksi yaradılacaq.

K.Nehammer bildirib ki, yaradılacaq kompleks nasizm qurbanlarının xatirəsini anmaqla yanaşı, müasir dövrün insanları üçün xəbərdarlıq xarakteri daşıyacaq. Həmin dəhşətləri yaşayan insanların sıraları getdikcə seyrəlsə də, xatirə kompleksi gələcək nəsillərə həqiqətləri çatdıracaq.

"Quzen" hərbi əsir düşərgəsi nasist Almaniyasının Avstriyada yaratdığı "Mauthauzen" əsir düşərgəsinin 49 filialından biri olub. İkinci Dünya müharibəsində burada 60-70 min hərbi əsir və nasizm əleyhdarı saxlanılıb. Onların 35 mini işgəncə, ağır işlər və dözülməz saxlanma şəraiti nəticəsində həlak olub.

Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə 2001-ci ildə "Mauthauzen", 2011-ci ildə isə "Ebenzee" əsir düşərgələrinin ərazilərində azərbaycanlı əsirlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidələr qoyulub. Rəsmi məlumata görə, müharibə illərində "Mauthauzen"də 81 nəfər azərbaycanlı əsir qətlə yetirilib. Azərbaycan səfirliyinin araşdırmaları nəticəsində "Mauthauzen" və onun tabeliyindəki digər əsir düşərgələrində 300-dək soydaşımızın əsir saxlanıldığı müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.