Dünya

Yaponiyada ötən il yeni doğulan uşaqların sayı rekord səviyyədə azalıb

7 İyun 2020 04:30
0 Şərh     Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hökumətinin dərc etdiyi hesabata görə, ölkədə 2019-cu ildə 865 min 234 uşaq doğulub ki, bu da əvvəlki illə müqayisədə 53 min 166 nəfər azdır. Bu, eyni zamanda, həmin müşahidənin tarixi boyunca ən aşağı göstəricidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin yaydığı hesabata görə, ölkədə doğuşun ümumi nisbəti - yəni, bir qadının bütün həyatı boyu dünyaya gətirdiyi uşaqların sayı 0,06 bənd azalaraq 1,36 uşaq təşkil edib. Bununla yanaşı, hesabat ilində vəfat edənlərin sayı 1 milyon 381 min 98 nəfər təşkil edib ki, bu da II Dünya müharibəsindən sonra ən yüksək göstəricidir.

Beləliklə, ölkə üzrə ölənlərin sayı ilə yeni doğulanlar arasında fərq 515 min 864 nəfər təşkil edib və bu da həmin müşahidənin aparılmağa başladığı 1899-cu ildən bəri ən yuxarı göstərici hesab edilir.

Qeyd edək ki, cari ilin mayında Baş Nazir Şinzo Abenin rəhbərlik etdiyi kabinet gənc ailələrə dəstəyi artıraraq, ailə cütlükləri üçün uşaqların sayını 1,8 nəfərə çatdırmağı vəd edib.

Yaponiyada yeni doğulan uşaqların sayının azalması ilə bağlı səbəblər sırasında iqtisadi problemlər, iş ilə uşaqların tərbiyəsi arasında balansın tapılmasının çətinliyi kimi amillər göstərilir. Bununla yanaşı, hazırda davam edən koronavirus pandemiyasının da gələcəkdə artıma mənfi təsir göstərəcəyi qeyd edilir.

Hesabatda ötən il son yeddi ildə ilk dəfə olaraq Yaponiyada 598 min 965 nikahın bağlandığı qeyd edilir ki, bu da əvvəlki ilin göstəricisindən 12 min 484 nikah çoxdur. Bunun əsas səbəbi kimi isə cütlüklərin ölkə tarixində yeni eranın başlaması ilə bir vaxtda nikaha daxil olmaq arzusu göstərilir. Belə ki, 2019-cu il mayın 1-də Yaponiyada yeni İmperator taxta çıxıb və Reyva dövrü başlayıb.

Eyni zamanda, ötən il Yaponiyada özünəqəsd hallarının sayı da 616 nəfər azalaraq 19 min 415 nəfər təşkil edib. Bu göstərici ölkə üzrə bütün həyatını itirənlərin 1,4 faizini təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.