ABŞ-ın elit Delta qrupu tərəfindən keçirilən xüsusi hərbi əməliyyat nəticəsində İŞİD lideri Əbubəkr əl-Bağdadi məhv edildi. Onun ölümü ortaya xeyli suallar çıxardı.
Milli.Az musavat.com-a istinadən bildirir ki, əsas sual isə İŞİD-ın gələcəyi ilə bağlıdır.
İŞİD-ın gələcəyi parlaq görünür?
Birinci sual: Əbubəkr əl-Bağdadinin ölümü İŞİD-ın sonu deməkdirmi? Bu suala müsbət cavab vermək mümkün deyil. Niyə? Çünki ortada Əl-Qaidə nümunəsi var. 1989-cu ildə yaranan bu terror təkilatının əfsanə lideri Üsamə bin Laden 2011-ci ilin mayında Pakistanda ABŞ xüsusi təyinatlıları tərəfindən öldürüldü. O vaxt da belə bir sual ortaya çıxdı. Ancaq tarix göstərdi ki, bin Ladenin ölümü Əl-Qaidəni nəyin ki, bitirmədi, əksinə, hazırda bu terror təşkilatı bin Laden dönəmindəkindən qat-qat güclüdür. Ayman əl-Zəvahirinin rəhbərliyi altında Əl-Qaidə ən üst səviyyədə terror şəbəkəsi qura bilib. Üstəlik, əhatə dairəsini ciddi şəkildə genişləndirib. Hər halda Qərb ekspertlərinin ümumi qənaəti belədir.
"BBC" soruşur ki...
İkinci sual isə BBC tərəfindən səsləndirildi: Nədən Əbubəkr əl-Bağdadi Suriyanın Türkiyə ilə sərhəddinin şimal-qərbdəki İdlib şəhəri yaxınlığında kiçik bir kənd olan Barişada gizlənmişdi? Axı bu ərazi Əl-Qaidəyə bağlı Əl-Nusra Cəbhəsi ("Əl-Qaidə"nin Suriya qanadı) terror qrupunun nəzarətindədir. O da sirr deyil ki, Suriyada İŞİD və Əl-Qaidə döyüşçüləri həm də bir-biri ilə müharibə aparırdılar. Bununla bağlı BBC iki versiya səsləndirir. Birinci versiya: Əbubəkr əl-Bağdadi düşünüb ki, kimsə onu Əl-Qaidənin nəzarət etdiyi ərazidə axtarmayacaq. İkinci versiya: Əbubəkr əl-Bağdadi Əl-Qaidə ilə barışıq əldə edib. Elə bu səbəbdən də o, Əl-Nusra Cəbhəsinin nəzarətində olan ərazidə sığınacaq tapıb. İkinci versiya Qərb üçün arzuolunmazdır. Və bu versiyanın təkzibi və təsdiqi ilə bağlı Qərbin əlində tutarlı kəşfiyyat məlumatları yoxdur. BBC belə yazır.
Bəs İŞİD ilə Əl-Qaidə arasında yaranan düşmənçiliyin səbəbi nədir? Bəllidir ki, ABŞ İraqa hərbi müdaxilə etdikdən qısa müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan etdi və daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanındı. 2010-cu ildə Əbubəkir əl Bağdadi təşkilatın lideri elan olundu. 2016-cı ildə isə İŞİD Əl-Qaidədən rəsmən ayrıldı.
Şübhəsiz ki, bu iki terrorçu qrupun hər ikisi beynəlxalq imperializmə-xüsusən ABŞ-Böyük Britaniyaya-İsrail üçlüyünə qarşı savaşırdı. Hər iki terror təşkilatı Şəriət qanunlarına söykənən İslam Xilafəti qurmaq arzusunda idi. Ancaq bu təşkilatları ayıran məqamlar da vardı.
Birincisi: İŞİD ələ keçirdiyi ərazilərdə xüsusi qəddarlıq nümayiş etdirdi. İnsanların başının nümayişkəranə şəkildə kəsilməsi, insanın diri-diri dərisinin soyulması, qəfəsdəki insanlara od vurulması... kimi vəhşilikləri Əl-Qaidə qətiyyətlə rədd etdi. İslam dünyasında da əndazədən çıxan qəddarlıq şiddətli qınaqla üzləşdi.
İkincisi: Əl-Qaidə İŞİD-ə bildirdi ki, onlar İraqdan Suriyaya keçməsələr, yaxşıdır. Ancaq Əbubəkr əl-Bağdadi bu xəbərdarlığa da məhəl qoymadı.
İŞİD-lə əl-Qaidə necə düşmən oldu? Xronika:
Həmin hadisələrin xronikasına ötəri nəzər salsaq aşağıdakı ardıcıllığı görə bilərik: 2013-cü ilin aprel ayında Əbubəkr əl-Bağdadi yayımladığı səs yazısında Əl-Nusra Cəbhəsinin İŞİD tərəfindən yaradıldığı, maliyyələşdirildiyi və dəstəkləndiyi açıqlamasını verdi. İki qruplaşmanın "İraq və Şam İslam Dövləti" adı altında fəaliyyət göstərəcəyini bildirdi.
Bundan sonra Əl-Nusra Cəbhəsi lideri Əbu Muhamməd əl-Cövlani belə bir birlməşmənin olmadığını və bu mövzu haqqında heç bir danışığın aparılmadığını bəyan etdi.
2013-cü ilin iyun ayında isə yazılı açıqlamayla hər iki liderə müraciət edən Əl-Qaidə lideri Ayman əl-Zəvahiri birləşmənin əleyhinə olduğunu və iki qrup arasındakı vəziyyəti aydınlaşdırmaq üçün elçi təyin etdiyini bildirdi. Eyni ayda səs yazısı yayımlayan əl-Bağdadi Ayman əl-Zəvahiriyə tabe olmadığını və birləşmənin reallaşacağını açıqlamasını verdi.
21 iyul 2013-cü il tarixində İŞİD-in güclənməsi üçün önəmli hadisələrdən biri olan Bağdad Mərkəzi Həbsxanasına (keçmiş adıyla "Əbu Qureyb həbsxanası") hücum baş tutdu. Hücumu İŞİD öz üzərinə götürdü və bu əməliyyatın 1 il öncədən "Divarları dağıtmaq" kod adı altında Əbubəkr əl-Bağdadi tərəfindən hazırlandığı açıqlaması verildi. Rəsmi hesabatlara görə hücum nəticəsində içlərində İŞİD-in nüfuzlu şəxsləri də olan 500-dən çox məhbus qaçıb...
Əgər Əbubəkir əl-Bağdadi yenidən Əl-Qaidə ilə anlaşıbsa, deməli, tezliklə İŞİD-ə bağlı qruplar Əl-Qaidəyə qoşulacaq. Bu isə Əl-Qaidənin daha da güclənməsinə təkan verəcək. Ən önəmlisi isə odur ki, Qərbə qarşı savaşan cihadçılar arasında dünənə qədər mövcud olmuş təfriqə aradan qalxacaq. Bu isə Əl-Qaidə sıralarının sürətlə çoxalmasına gətirib çıxara bilər...
5.9 trilion dollarlıq savaş Əl-Qaidəyə güc verdi
Bəs Əl-Qaidə sıralarında nə qədər terrorçu var? Bir az uzaqdan başlayaq:
2001-ci ilin 11 sentyabrında Əl-Qaidə ABŞ-ı lərzəyə gətirən bir neçə terror aktı həyata keçirdi. O vaxtdan indiyə qədər ABŞ "terrora qarşı müharibə" aparır. Nəticə isə o qədər də ürəkaçan deyil. Qərb mənbələrinin yazdığına görə, indiyə qədər bu müharibəyə ABŞ 5.9 trilion dollar xərcləyib. Usama bin-Laden də daxil olmaqla yarım milyon insan öldürülüb. Terror şəbəkəsi isə Əfqanıstandan Afrikanın Cənubuna və Şərqinə yayılıb, Körfəz ölkələrində möhkəmlənib, Yaxın Şərqdə və Mərkəzi Asiyada gücə çevrilib.
2001-ci ildə Usama bin Ladenin ətrafında cəmi bir neçə yüz nəfər terrorçu vardı. İndi onların sayı 40 min nəfərdən çoxdur. Bəzi ekspertlər hesab edir ki, Əl-Qaidənin güclənməsinin əsas səbəbi Amerikanın terrora qarşı apardığı müharibə ilə bağlıdır. Əl-Qaidəni məhv etməyə çalışan ABŞ özü də istəmədən katalizator kimi önün güclənməsinə təkan verir...
1996-cı ildə isə Bin Ladenin yanında cəmi 30 terrorçu vardı...
Əl-Qaidənin ən böyük hədəflərindən biri o idi ki, ABŞ müsəlman ölkələrinə hərbi müdaxilə etsin. Onların planına görə, Amerikanın başladığı bu müharibə müsəlmanların cihada qalxmasına səbəb olacaqdı. Elə bu məqsədlə də onlar Nyu-Yorkda yerləşən və Amerikanın rəmzlərindən biri olan Dünya Ticarət Mərkəzi ( World Trade Center) və Pentaqonun binasın dağıtdılar. 3 min nəfərə yaxın amerikalı öldü. Nəticədə Bin Laden arzusuna çatdı. ABŞ 2001-ci ilin oktyabrında Əfqanıstana, 2003-cü ildə isə İraqa daxil oldu. Ancaq müsəlmanlar ABŞ-a qarşı cihada qalxmaq fikrindən çox uzaq idi.
ABŞ-Pakistan müharibəsi-Əl-Qaidəinin təxribatı
Maraqlıdır ki, Əl-Qaidənin yeni rəhbəri Ayman əl-Zəvahiri də belə bir cəhddə bulundu. 2014-cü ilin sentyabrında Əl-Qaidə Pakistanın "Zülfüqar" adlı hərbi gəmisini oğurladı və ondan istifadə edərək ABŞ-ın Hind Okeanında olan hərbi gəmisini batırdı. Nəticədə ABŞ ilə Pakistan arasında müharibə təhlükəsi yarandı. Yalnız son anda iki nüvə ölkəsi arasındakı müharibədən yayınmaq mümkün oldu. Qərb ekspertləri yazır ki, əgər ABŞ həmin olaya görə Pakistana qarşı müharibəyə başlasaydı bu, 2001-ci ilin sentyabrında ABŞ-da baş verən terror aktlarından daha dəhşətli nəticələrə səbəb ola bilərdi...
ABŞ-Taliban danışıqlarında Əl-Qaidə məsələsi
Əl-Qaidə ilə bağlı daha bir önəmli məqam var. Bəlldir ki, Tramp administrasiyası Talibanla danışıqlar aparır. Ağ Ev dəfələrlə aparılan danışıqların nəticəsindən razı qaldığını açıqlayıb. Düzdür, bu danışıqlar hələ tamamlanmayıb və nəticənin necə olacağı bəlli deyil. Ancaq... bilinən odur ki, Taliban məhz Əl-Qaidə lideri Usama bin Ladeni ABŞ-a təslim etmədiyinə görə iqtidaradan Amerika hərbçiləri tərəfindən qovuldu. Taliban ilə Əl-Qaidə arasında indi də sıx münasibətlər var. Təbii ki, ABŞ bu münasibətlərdən xəbərdardır. Bəs ABŞ-Taliban danışıqlarında Əl-Qaidə ilə bağlı məsələ gündəmə gəlibmi? Şübhəsiz ki, Amerika Taliban üzərindən Əl-Qaidəyə ciddi zərbə endirməyin mümkünlüyünü diqqətdə saxlayır. Ancaq Taliban Amerika ilə belə bir sövdələşməyə gedərmi? Az ehtimal olunsa da bu versiyanı tamamilə kənara atmaq da yanlış olardı...
Dünya mediası Al-Bağdadini tərifləyir
Nə qədər qəribə görünsə də dünyanın aparıcı medi qurumları İŞİD lideri haqqında təriflər yağdırırlar. Həmin dəyərləndirmələrin bəzilərinə diqqət edək:
"Al Jazeera" yazır ki, Əbubəkr əl-Bağdadi nəzəriyyədə mövcud olan Xilafət ideyasın praktikada həyata keçirdi. Onun tərəfdarları indi dəqiq bilirlər ki, onlar nə üçün mübarizə aparırlar və onların qurmaq istədiyi dövlət necə olmalıdır. Xilafətlə bağlı suallara da onların dəqiq cavabı var...
"Lawfare" isə yazır ki, İŞİD lideri xarizmatik və bacarıqlı lider idi, onun başqası ilə əvəz olunması çətin olacaq. "The New Yorker" nəşri də onu əvəzolunmaz lider kimi təqdim edir...
25 milyon dollarlıq baş
"BBC" isə bildirir ki, 5 il gizli fəaliyyət göstərən Əbubəkir əl-Bağdadinin başına ABŞ 25 milyon dollar mükafat ayırmışdı. Heç şübhəsiz ki, İŞİD liderinin qaldığı yeri amerikalılara nişan verən kürd terrorçuları həmin mükafatı alacaqlar...
Heç bir həftə keçmədi ki, İŞİD təşkilatı rəsmən əl-Bağdadinin öldürüldüyünü təsdiqlədi və bəyan etdi ki, İŞİD-in Şurası toplanaraq Məhəmməd peyğəmbərin nəslindən olan Əbu İbrahim əl-Haşimi əl-Qureyşi İŞİD-in yeni lideri seçib. Müvafiq olaraq o, həm də xilafətin yeni xəlifəsidir. İŞİD-in yeni mətbuat katibi Əbu Həmzə əl-Qureyşi bütün müsəlmanları ona biət etməyə çağırıb...
Qeyd edək ki, Əbubəkir əl-Bağdadi də özünü peyğəmbərin soyundan gələn birisi kimi təqdim etmişdi...
"İŞİD-in yeni liderinin kimliyi bəzə bəllidir"
Daha bir məqam: Bin Laden də, Əbubəkir əl-Bağdadi də bir neçə dəfə video-müraciətlər yaymışdı. Və həmin video-müraciətlərin nəticəsi o oldu ki, az qala dünyada hər kəs onları üzdən tanıyırdı. Ekspertlər əmindir ki, yeni xəlifə bu kimi təbliğat vasitələrindən çəkinəcək.
İŞİD-in bu niyyətindən xəbərdar olan ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Əbu İbrahim əl-Haşimi əl-Qureyşinin həqiqi kimliyi barədə onlarda dəqiq məlumat var...
"Amerika, şeyx əl-Bağdadini öldürməyinlə qürrələnmə"
CNN-in yaydığı xəbərlərin birində isə İŞİD-in yeni mətbuat katibi Əbu Həmzə əl-Qureyşinin aşağıdakı fikrinə yer verilib: "Amerika, şeyx əl-Bağdadini öldürməyinlə bağlı o qədər də qürrələnmə. Doğrudanmı görmürsən ki, Xilafət Avropanın qapısının ağzını kəsdirib, Afrikanın mərkəzində oturuşub və xilafət şərqdən qərbə doğru genişlənir."
80 min terrorçunun xilafət savaşı
Bəs İŞİD-in hazırda nə qədər döyüşçüsü var? "BBC" ABŞ mənbələrinə istinad edərək yazır ki, İŞİD-in İraqda 14 min, Suriyada isə 18 min döyüşçüsü var. Onların 3 min nəfəri əcnəbidir.
Bir daha "BBC"-nin ortaya atdığı suala qayıdıram. İŞİD ilə Əl-Qaidə barışıbmı? Əgər barışıbsa bu, ən azı 70-80 minlik ordu deməkdir. Özü də onlar oddan-alovdan çıxmış təcrübəli terrorçulardır. Və belə bir güclə mübarizə aparmaq istər Qərb üçün, istərsə də İslam Dünyasının despotik rejimləri üçün çətin olacaq...
Milli.Az