Dünya

`Kömək edin, dərdimizi bütün dünya eşitsin, başımıza gələnləri hər kəsə çatdırın` - FOTO

7 Noyabr 2017 12:54
10 Şərh     Baxış: 3 397

"Xahiş edirəm, bizə kömək edin. Kömək edin dərdimizi bütün dünya eşitsin, başımıza gələnləri hər kəsə çatdırın"

Soyqrım hər zaman diqqətlə istifadə olunmalı bir kəlmədir. Təsadüfi zorakılıqları, bir neçə insan ölümlərini soyqrım adlandırmaq və terror anlayışı ilə qarışdırmaq olmaz. Soyqrım etnik, irqi, dini və ya milli qrupun planlı şəkildə tam və ya qismən məhv edilməsidir.

70-ci illərdə diktator Pol Potun dövründə bir milyondan çox kambocalınının qətlə yetirilməsi, 1995-ci ildə Srebrenitsa şəhərində 7000 bosniyalı müsəlmanın, İraqda minlərlə yezidin öldürülməsi, Xocalı qətliamı tarixə düşən dəhşətli soyqrımlardandır. Eləcə də, bunlara İkinci Dünya müharibəsi zamanı 6 milyon yəhudinin qəsdən məhv edilməsi də daxildir.

Bu gün dünya yenə keçmiş adı Birma olan Myanmarda buddistlər tərəfindən müsəlmanlara qarşı törədilən soyqrıma şahidlik edir.

Utancverici olan odur ki, qətliama dəstəyi 1991-ci ildə Nobel Sülh mükafatı alan, Oksford təhsilli, 5 il ev dustaqlığı çəkən Aung San Suu Kyi verir. Onu dayandıran hər hansı dünya liderinin olmaması isə təəssüf doğurur.

Keçmiş ingilis kolonyası olan Myanmar 1948-ci ildə müstəqilliyini elan edib. Myanmar Cənub Şərqi Asiyada yerləşir, Çin, Banqaldeş, Tayland və Laosla sərhəddir. Myanmarlılar dünyada 40-cı ən böyük millət hesab olunurlar.

1962-ci ildə ölkə diktatura rejimi altına düşüb. Suu Kyinin siyasəti nəticəsində ölkə diktatura rejimindən çıxıb və iki il əvvəl azad seçkilər keçirilib.

Son aylar ərzində Birmada minlərlə müsəlmanların buddizmə sitayiş edən Myanmar ordusu tərəfindən işgəncə ilə öldürülməsi ilə bağlı xeyli xəbərlər yayılıb.

Sadəcə, son on həftə ərzində 600 min Rohinya müsəlmanı sağ qalmaq üçün Banqaldeşə qaçıb və qaçmağa da davam edir.

Hər gün minlərlə müsəlman Banqladeşə gəlir və onların hər birinin ayrıca ürəkağrıdan hekayəsi var. Sərhəddi keçən müsəlmanlar Myanmar ordusu tərəfindən evlərinin necə yandırıldığını və onlara qarşı edilən digər vəhşilikləri ürəkyanğısı ilə danışırlar.

Onlar buddist əsgərlərin dinlərinə də zidd olan vəhşilikləri etdiklərinə görə dəhşətə gəldiklərini söyləyirlər.

Rohinya müsəlmanlarına qarşı təzyiq 20 ildən çoxdur ki davam etsə də, onlar avqustun 25-də kütləvi şəkildə öldürülüb. Buna bəhanə isə terrorçu olduğu deyilən rohinyalının Myanmar ordusunun postuna hücum etməsi olub.

"Düzdür, belə bir hadisə olub, amma qısa zamanda dəf edilib. Lakin bu, minlərlə müsəlmana qarşı belə vəhşiliyi etməyə səbəb deyil.

Bir jurnalist kimi 2003-cü ildə minlərlə kişi, qadın və uşağın vətəndaş müharibəsi zamanı öldürüldüyü Darfur şəhərindən reportaj hazırladım, İraqda 2010-cu ildə baş verən dəhşətli hadisələrin şahidi oldum, Nigeriya kəndində qətlə yetirilmiş yüzlərlə cəsədin arasından keçdim, amma bunların heç biri Myanmarda törədilən cinayətlərlə müqayisə edilə bilməz. Şişirtmədən deyə bilərəm ki, bu, 21-ci əsrin ən dəhşətli soyqrımıdır".

Bu sözləri Myanmar ilə Banqladeş sərhəddindən reportaj hazırlayan Dailymail saytının müxbiri Peter Oborn öz məqaləsində qeyd edib.

"Siyasi ekspertlərin açıqlamasına görə, aşkar şəkildə bilinir ki, Myanmar hökümətinin niyyəti ölkəsindəki müsəlmanların kökünü kəsməkdir.

5 ilini dəmir barmaqlıqlar arxasında keçirən Suu Kyi 2015-ci ildə hakimiyyətə gələndə Myanmardakı müsəlmanların sayı 1 milyona çatırdı. Bu gün isə təxminən 300 min nəfər var. 700 min nəfər isə ölüb ya da təhlükəli yollarla Banqladeşə qaçıb.

Sağ qalanları isə ən çox bu sual maraqlandırır: "Dünya niyə bu vəhşiliyə susur, niyə onlara kömək etmir?"

"Xahiş edirəm, bizə kömək edin. Kömək edin dərdimizi bütün dünya eşitsin, başımıza gələnləri hər kəsə çatdırın" bu sözləri mənə qaçqın düşərgəsində yağışın altında islanıb, büzüşüb qalmış çarəsiz bir qoca deyib.

Baluxali qaçqın düşərgəsinə gələndə elə dəhşətli hekayələr eşitdim ki, hələ bu qədər təsirlənməmişdim. Buradakı müsəlmanlar Myanmarın qərbində yerləşən Tula Toli kəndindəki faciədən danışırdılar.

150 əsgər və 100 buddist vətəndaş bu ilin avqust ayının 30-da kəndi mühasirəyə alıb. Onlar raketlərdən istifadə edərək kəndləri atəşə tutub, evləri yandırıblar. Əsgərlər evlərindən çıxmağa çalışan müsəlmanları avtomatdan atəş açaraq öldürüblər. Kəndin müsəlmanları meşəyə qaçmaq istəyəndə isə buddist vətəndaşlar əllərində qılıncla onların qarşısını kəsiblər.

Tula Toli meşə ilə çayın arasında yerləşir. Kənddən yegənə çıxış yolu isə çay boyunca üzməkdir ki, bunu da çox az adam bacarıb.

Abdulla adlı kənd mollası kənddən üzərək qaçanlardan biridir. Abdulla kənddən qaçarkən azı 1500 nəfərin qətlə yetirildiyini söyləyir. O bildirib ki, ölənlər arasında onun xanımı və övladları da var. Abdullanın, sadəcə, ərdə olan bir qızı sağ qala bilib.

Abdulla və digər 15 nəfər çay boyunca üzüb, qəbiristanlıqda gecələdikdən sonra Banqladeşə keçiblər.

Abdullahın danışdıqları dəhşətdir. O söyləyir ki, əsgərlər müsəlman qadınlarını gənc və qoca olmaqla qruplara ayırıb, onlara ərlərinin, atalarının, qardaşlarının gözü qarşısında işgəncə veriblər. Bəzi qadınlar işgəncədən qaçmaq üçün gizlənsələr də heç bir faydası olmayıb. Əsgərlər onları tapıb, öldürüblər.

"Əsgərlər 10 dəqiqə ərzində gənc qadınlardan ibarət qrupu güllələyərək öldürdülər. Onlar qətliamdan sonra cəsədlərin arasında gəzib, sağ qalanların olub-olmadığına baxdılar. Əgər kimsə sağ qalırdısa, onu elektrikli mişarla doğrayırdılar. 5 dəqiqə sonra isə onlar yaşlı qadınlara atəş açdılar. Onlar cəsədlərin üzərini adyal ilə örtüb, iz itirmək üçün üzərlərinə benzin töküb, yandırdılar. Daha sonra isə uşaqları diri-diri alovların içinə atdılar".

Abdulla komandirlərinin kənarda dayanıb, soyuqqanlı şəkildə əsgərlərinin müsəlmanlara qarşı etdiyi vəhşilikləri izlədiyini söyləyib. Məlumdur ki, əsgərlər bu barədə əvvəlcədən təlimatlandırılıblar.

Lakin Abdullanın bundan sonra danışdıqları daha dəhşətlidir.

Əsgərlər təxminən 100 nəfərdən ibarət gənc qadın qrupunu daxmalara yığıblar. Onların arasında Abdullanın xanımı və qızları da olub.

Abdulla içəridə nə baş verdiyini görməsə də, daxmada qızların başına nə gətirdiklərini təxmin etmək heç də çətin deyil. Təcavüz...

3 saatdan sonra əsgərlər zorladıqları qadınların içərisində olduqları daxmaları yandırıblar. Daha sonra cəsəd qalıqlarını çayın yaxınlığında qazdıqları dərin quyulara basdıraraq iz itiriblər.

"Onların çığırıqlarını eşidəndə ürəyimiz parçalanırdı. Əlimizdən heç nə gəlmirdi. O, qadınların arasından, sadəcə, 7 nəfər xilas ola bildi. Mən isə qızlarımı və həyat yoldaşımı həmişəlik itirdim", - Abdulla deyib.

3 gün piyada sərhəddə gedən Abdulla Banqladeşdə ərdə olan qızına qovuşa bilib.

Mən Tula Toliyə gedib Abdullahın danışdıqlarının həqiqət olduğunu gözlərimlə görə bilmədim. Çünki Myanmar ordusu xarici vətəndaşları vəhşiliklərin törədildiyi əraziyə buraxmırlar. Amma əraziyə gedən müstəqil beynəlxalq müşahidəçilər deyilənlərin doğru olduğunu təsdiq ediblər.

İnsan haqları müdafiəçisi Metyu Smit bildirib ki, ölənlərin sayı ağıla gətirilə bilməyəcək qədər çoxdur. Hökümət isə ölənlərin sayının dəqiqləşdirilməsinə izn vermir:

"Bu qədər dəhşətli qətliam görməmişdik. Hələ yaxın günlərdə, bu vəhşiliklərin daha da artacağı ehtimalı var. Buna görə də dünya indi cavab verməlidir.

Britaniya 1824-cü ildə 120 il ərzində müstəmləkə vəziyyətində saxladığı Myanmarda baş verən soyqrımla bağlı BMT Təhlükəsizlik Şurasını çağırıb. Lakin cavab acınacaqlı olub.

Dünya dövlətlərinin bu məsələyə göz yummasına bir səbəb ola bilər ki, bu da Myanmardakı qırğını dəstəkləyən Çindən çəkinmələridir".

Myanmarda qalan 300 min müsəlmanı qorumaq üçün hələ də şans var. İmkan varkən, onların Tula Tolidə törədilən faciəni yaşamasına əngəl olmaq olar.

Qeyd edək ki, mətndəki qurbanların adları şərtidir.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

10 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.