Maraqlı

Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı

21 Noyabr 2026 00:31
Baxış: 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

19-cu əsrdə doğulduğu bilinən sonuncu insan kimi tarixə düşən italiyalı Emma Moranonun (1899-2017) uzunömürlülük sirləri diqqət çəkir. 117 il ömür sürən Morano uzun yaşamağını iki əsas amillə - tək yaşamaq qərarı və 90 illik qidalanma vərdişi ilə əlaqələndirirdi.

Milli.Az xəbər verir ki, Birinci Dünya müharibəsindən sonra gənclik illərində qanazlığı (anemiya) diaqnozu qoyulan Morano həkim məsləhəti ilə hər gün yumurta yeməyə başlayıb. O, təxminən 90 il boyunca gündə üç yumurta (ikisi çiy, biri bişmiş olmaqla) və evdə hazırladığı ənənəvi italyan içkisi olan "qrapa" qəbul edib. Ömrünün son illərində isə gündəlik yumurta sayını ikiyə endirib.

Mütəxəssislər onun bu vərdişini təkrarlamamağı tövsiyə edirlər. Çünki çiy yumurtadakı "Salmonella" bakteriyası ağır qida zəhərlənməsinə yol aça bilər və yumurtanın mütləq bişirilərək yeyilməsi vacibdir. Həmçinin alimlər uzunömürlülüyün təkcə qidalanmadan deyil, genetika və həyat tərzindən asılı olduğunu vurğulayırlar.

Gənclik sevgisini Birinci Dünya müharibəsində itirən Morano 26 yaşında ölüm təhdidi ilə istəmədiyi bir evliliyə məcbur edilib və şiddət görüb. 1938-ci ildə altıaylıq körpəsini itirdikdən sonra həyat yoldaşından ayrılan qadın bir daha evlənməyib. O, bunu heç kimin hökmranlığı altında yaşamaq istəməməsi və azadlığına üstünlük verməsi ilə izah edirdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.