Bir neçə gün sonra - yanvarın 1-dən etibarən Avrasiya İqtisadi İttifaqı, yaxud qısaca Avrasiya İttifaqı və ya mətbuatın qoşduğu yeni ayamada deyildiyi kimi,"Avrusiya ittifaqı" dörd üzvlə rəsmən fəaliyyətə başlayacaq.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Qazaxıstan, Rusiya və Belarus tərəfindən bu ilin mayında Astanada təsis olunan, oktyabrda Ermənistanın, iki gün əvvəl isə Qırğızıstanın rəsmən üzv olduğu yeni ittifaq prezident Vladimir Putinin yenidən hakimiyyət başına qayıdarkən elan etdiyi əsas xarici siyasət vəzifəsi idi.
Kremlin keçmiş sovet respublikalarını yenidən bir çətir altına toplamaq üçün düşündüyü inteqrasiya modeli yarımçıq da olsa reallaşmaqdadır. Rusiya Avrasiya İttifaqını əvvəlcə siyasi-iqtisadi birlik modeli kimi işləyib hazırlasa da xüsusən Qazaxıstanın sərt müqavimət göstərməsi nəticəsində inteqrasiyanın ancaq iqtisadi tərəfi önə çıxdı. Bunu xüsusi qabartmaq üçün ad da dəyişdi-təsis sənədlərində yeni birlik Avrasiya İqtisadi İttifaqı kimi rəsmiləşdi.
Lakin belə görünür ki, ittifaq hələ fəaliyyətə başlamamış ciddi çatlar verir. Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalarından və Rusiyanın tətbiq etdiyi əks-sanksiyalardan sonra ittifaqın təsisçilərindən biri Belarus əsl qiyam qaldırdı. Prezident Lukaşenko Rusiyanın istədiyi kimi Avropa ilə ticarət əlaqələrini dayandırmaq niyyətində deyildi və bu məsələdə Moskvanın tərəfində dayanmadı.
Nəticədə Rusiya Belarusdan daşınan Avropa mənşəli malların öz ərazisindən tranzit keçidinə qadağa qoydu. İş o yerə çatdı ki, iki ölkə sərhədində 2010-cu ildən ləğv edilmiş gömrük nəzarəti postları yenidən fəaliyyətə başladı, Rusiya Belarusdan ət idxalını dayandırdı, Lukaşenko qəzəbli bəyanat verərək "biz Rusiyanın sadiq köpəyi deyilik" dedi. Hətta ölkəsinin Rusiyanın hərbi müdaxiləsinə hazırlaşmalı olduğunu bəyan etdi.
Bunun ardınca Rusiya rublu çökdü və Avrasiya İttifaqına daxil olan ölkələr üçün Rusiya ilə azad ticarət sadəcə olaraq sərfəli olmadı. Rusiya rublunun çökməsi Belarus mallarının əsas satış bazarına ciddi zərbə vurdu, Ermənistanın milli valyutası da Rusiyada gedən iqtisadi proseslərin təsiri altında kəskin dəyərdən düşdü. Qazaxıstan Rusiya ilə ticarət əlaqələrini məhdudlaşdırmalı oldu.
Bir tərəfdən, yenicə təsis edilmiş ittifaqın üzvləri arasında kəskin ziddiyətlər, o biri tərəfdən isə Qərbin sanksiyaları və neftin ucuzlaşması nəticəsində Rusiya iqtisadiyyatının çökməsi baxımından Avrasiya İttifaqı nəinki başqa keçmiş sovet respublikaları,eləcədə də bu ittifaqa qoşulan respublikalar üçün cəlbedici inteqrasiya modeli hesab oluna bilməz.
Görünür, buna görə idi ki, Avrasiya İttifaqının bu günlərdə Moskvada keçirilən iclası ərəfəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşenko yollarını Kiyevdən saldılar. Nazarbayev Kiyevdə bildirdi ki, SSRİ-ni yenidən bərpa etmək barədə fikirləşənlərin beyni yoxdur.
Lukaşenko isə prezident Poroşenkoya ölkəsinin Ukraynanın istənilən xahişinə bir sutka ərzində müsbət cavab verməyə hazır olduğunu bildirdi. Bununla Lukaşenko və Nazarbayev Moskvaya mesaj verirdi ki, Rusiyadakı mürəkkəb vəziyyəti diqqətlə izləyirlər və onlar batmaq təhlükəsi qarşısında qalan gəmidə sonadək qalmaya bilərlər. Belarus və Qazaxıstan prezidentləri Rusiyanın Qərbin təzyiqləri qarşısında nə dərəcədə əlçatan olduğunu görmüşdülər. Nəticədə Rusiyanın rəhbərliyi altında baş tutan yeni iqtisadi-siyasi birlik artıq onlara o qədər də cəlbedici görünmür.
Buna baxmayaraq Moskva toplantısında Putin Avrasiya İttifaqının hələ də "cəlbedici inteqrasiya modeli" kimi qaldığını nümayiş etdirə bildi-iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılı olan Qırğızıstan da bu ittifaqa üzvlük sənədini imzaladı. Ancaq üzvlərin sayının artması Avrasiya İttifaqının heç də uğurlu model olduğunu göstərmir. Ən azından bu üzvlərdən birinin - Ermənistanın qalan ölkələrlə azad ticarətinin necə mümkün olacağına dair çox ciddi suallar qalmaqdadır.
Ermənistan yanvarın 1-dən etibarən Avrasiya İtifaqının azad ticarət məkanına daxil olacaq. Ancaq hələ də aydın deyil ki, Ermənistanla Rusiya arasında "Avrasiya malları" Gürcüstan üzərindən necə daşınacaq. Dekabrın 24-də bu məsələləri müzakirə etmək üçün Gürcüstanın baş nazirinin müavini Georgi Kvirikaşvilinin başçılıq etdiyi nümayəndə heyəti İrəvana gedib. Ancaq hansısa anlaşmanın əldə olunduğuna dair məlumat yoxdur.
Məsələ bundadır ki, yanvarın 1-dən etibarən Avrasiya İttifaqına daxil olan ölkələrin mallarının Gürcüstan üzərindən tranzitinə dair razılaşmanı Ermənistan yox, Avrasiya Komissiyası imzalamalıdır. Avrasiya İttifaqı hələ beynəlxalq hüququn subyekti kimi tanınmayıb və çətin ki, Gürcüstan onu ilk tanıyan ölkə olsun.
Belə vəziyyətdə Gürcüstan və Ermənistan hələlik ikitərəfli azad ticarət rejimini heç olmasa Avrasiya İttifaqı mənşəli olmayan mallar üçün saxlamağa qərar veriblər. Ancaq yanvarın 1-dən etibarən Ermənistan Avrasiya İttifaqının azad gömrük zonasına daxil olduğu üçün maliyyə-hüquqi kazus yaranacaq. Çünki Avrasiya İttifaqına dair razılaşmada malların tranzitinə dair aydın heç nə yoxdur.
Belə olan halda Ermənistanın Avrasiya İttifaqı ölkələri ilə mal dövriyyəsi azalmağa başlayacaq. Bu tendensiya indidən var və Rusiyadakı maliyyə çaxnaşmaları , habelə Rusiya və Ermənistan arasında tranzit yolların olmaması ilə bağlıdır. Abxaziyadan keçən dəmir yolu bağlıdır, avtomobil yolu qış aylarında faktiki olaraq bağlanır. Hətta Poti limanından Rusiyanın Novorossiysk limanına bərə daşımaları hazırda dayanıb. Çünki rublun kursu enib-qalxır. Ona görə də Gürcüstan Ermənistanın Avrasiya İttifaqına üzvlüyü yolunda faktiki olaraq keçilməz maneədir. Yəni Ermənistana verilən yağlı vədlər-170 milyonluq bazara sərbəst çıxış, ixracın artması və digərləri Gürcüstan ərazisində dəfn oluna bilər.
Bəs Putin belə vəziyyətdə nə edəcək? Avrasiya İttifaqının ölü doğulmasına göz yumacaq?
Putin bu ittifaqın yaranması üçün hansı səylər göstərdiyi, faktiki olaraq Qərblə yeni soyuq müharibə başlatmasını, Ukraynanın başına gələnlərin də bu ittifaq ideyası ilə bağlılığını nəzərə alan ekspertlər buna inanmırlar.
Bu baxımdan Rusiya prezidentinin iqtisadi məsələlər üzrə keçmiş müşaviri Andrey İllarionovun "Sobesednik"ə verdiyi müsahibədə diqqəti cəlb edən məqamlara qayıtmaq lazım gəlir.
İllarionov deyir ki, Rusiya Ermənistana və oradan Dağlıq Qarabağa birbaşa dəhliz açmaq üçün Gürcüstanı ilhaq etməyə hazırlaşır. Onun sözlərinə görə, hazırda Dağıstandan Azərbaycan və Gürcüstan sərhədinə yeni şosse yolunun çəkilişi sürətlə davam edir. Rusiya Baş qərargahı bu yolla Gürcüstanın şərqinə hərbi texnika yeritməyi planlaşdırır.
Əslində Rusiyanın Qərbin iqtisadi təzyiqləri nəticəsində geri çəkilməyəcəyi, əksinə, Ukrayna ilə kifayətlənməyib Gürcüstana, Moldovaya, Baltik ölkələrinə hücum edəcəyi haqda narahatlıqlar yeni deyil. İndi Qərbdə Rusiya iqtisadiyyatında yaranmış böhrandan məmnunluqlarını gizlətməsələr də Putinin geri çəkiləcəyinə də əmin deyillər və bu üzdən narahat olurlar.
Milli.Az