16:23
Bu gün səhər saatlarında "EgyptAir" aviaşirkətinə məxsus `Airbus A320` təyyarəsini qaçıran şəxs həbs olunub.
Azvision.az-ın məlumatına görə, bu barədə `Reuters` Kipr hökumətinə istinadən xəbər verib.
Qeyd edək ki, bu gün İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarə qaçırılıb. Sərnişin təyyarəsi Cənubi Kiprin Larnaka hava limanına enib. Misir təyyarəsini qaçıran Kiprdə siyasi sığınacaq istəyib. Onun digər tələbləri barədə hələ məlumat yoxdur.
---------
15:54
Kiprin Larnaka şəhərində yerə enən "EgyptAir" aviaşirkətinin A320 sərnişin təyyarəsini qaçıran şəxs təcili surətdə təyyarənin benzin çənlərinin doldurulmasını tələb edib. O, Türkiyəyə uçmağa hazırlaşır.
Report xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı "EgyptAir" aviaşirkətindəki mənbəsinə istinadən məlumat verib.
Ələ keçirilmiş Misir laynerinin göyərtəsində hələ də 8-9 nəfər qalır. Onlar ekipaj üzvləri və əcnəbi sərnişinlərdir.
---------
15:05
Təyyarəni qaçıran şəxsin fotosu yayılıb. Onun üzərində partlayıcı dolu qurşaq görünür:
----------
14:55
A320-ni qaçıran Misir ordusunun zabiti ola bilər.
Milli.Az bildirir ki, bu məlumatı newsit.com.cy portalı yayıb.
Öz növbəsində "Filelefteros" qəzeti təyyarəni qaçıranın Misir təhlükəsizlik qüvvələrinin keçmiş əməkdaşı olduğunu yazıb.
Yerli telekanal məlumat yayıb ki, Larnaka aeroportunun ərazisindən jurnalistləri çıxarırlar. Mümkündür ki, A320-nin göyərtəsindəki girovların azad olunması istiqamətində xüsusi əməliyyat keçirilsin.
-----------
14:44
"Əl-Arabia" telekanalı təyyarəni qaçıranın qohumlarına istinadən məlumat yayıb ki, Seyf əd-Din Mustafa psixi pozğunluqdan əziyyət çəkir.
-----------
14:39
Egypt Air bildirib ki, A320-nin göyərtəsində 3 sərnişin və 5 ekipaj üzv qalıb.
----------
14:24
Misir hökuməti A320-ni qaçırmaqda təqsirləndirilən İbrahim Samahadan üzr istəyib. Öncə təyyarəni Samahanın qaçırdığı bildirilsə də, sonra bu məlumat təkzib olunub.
----------
14:16
"Təyyarəni qaçıran şəxs Əs-Sisi hökumətinə müxalifdir. O, Misir həbsxanalarındakı bir neçə qadının azadlığa buraxılmasını tələb edir. Bu, bir neçə tələbdən biridir və məktubunda qeyd edib", - Kiprin RİK telekanalı məlumat yayıb.
Yerli KİV bildirir ki, daha iki girov azad edilib.
-----------
14:13
A320-ni ələ keçirən şəxs Misirdəki məhbusların azad edilməsini tələb edir.
Milli.Az bildirir ki, öz məktubunda o, Misirdəki həbsxanalarda cəza çəkən bir neçə qadının azadlığa buraxılmasını istəyib.
---------
13:55
A320-ni qaçıran, ilkin məlumatlara görə, silahlı deyil. Milli.Az bildirir ki, bunu Misirin aviasiya naziri deyib.
-----------
13:45
Misirin xüsusi xidmət orqanları bildiriblər ki, A320-ni qaçıranın adı Seyf əd-Din Mustafadır, özü də misirlidir.
----------
13:39
Milli.Az bildirir ki, A320-nin ekipajı da azadlığa buraxılıb.
"Ekipaj azad edilib. Göyərtədə 4, yaxud 5 əcnəbi vətəndaş ola bilər", - Kiprin dövlət mətbuat və informasiya bürosundan bildirilib.
------------
13:37
Misirin A320 təyyarəsini qaçıran İbrahim Samahanın arvadı Misirin "ON-TV" telekanalına bildirib ki, onun əri təyyarəni qaçırmayıb.
O deyib ki, əri heç zaman Kiprdə olmayıb, kiprli arvadı da olmayıb. Qadın həmçinin bildirib ki, KİV-də yayılan təyyarəni girov götürənin şəklindəki də onun əri deyil. Onun sözlərinə görə, İbrahim Samaha təyyarəni azadlığa buraxılan sərnişinlərlə birlikdə tərk edib.
----------
13:30
Larnaka polisinin məlumatına görə, təyyarədə hələ də girovlar var. Onlar 7 nəfərdir - kapitan, ikinci pilot, stüardessa, təhlükəsizlik zabiti və 3 sərnişin.
-----------
13:20
A320-ni girov götürən adamın keçmiş arvadı Larnaka aeroportuna gedir.
"O qadın onun keçmiş arvadıdır, 4 uşaqları var, Larnakada yaşayır. Kişinin 59 yaşı var. Qadın kiprlidir, hazırda aeroporta gedir, hətta mümkündür ki, artıq oraya çatıb", - yerli polisin mətbuat xidməti bildirib.
Sosial şəbəkə istifadəçilərindən biri isə hadisə yerindən təyyarəni ələ keçirən şəxsin arvadına məktub ötürdüyü anın fotosunu paylaşaraq yazıb: "Havada eşq qoxusu... Egypt Air üçün növbəti reklam sloqanı"...
--------
13:11
"Larnakadan uçuşlar gerçəkləşdirilmir. Larnakadakı müvafiq qurumlar tərəfindən "yaşıl işıq" verilənə qədər aviaşirkətlər özləri qərar verməlidirlər, Pafosdan uçsunlar, ya yox. Larnakada enməli olan bütün təyyarələr də Pafosa yönləndirilir", - Larnaka hava limanının nümayəndəsi bildirib.
-----------
12:56
Kipr hökumətindən icazə verilməyənədək Larnaka təyyarə reyslərini həyata keçirməyəcək.
-----------
12:51
İbrahim Samahanın vətəndaşlığı barədə xəbərlər müxtəlifdir. Milli.Az bildirir ki, bəzi məlumatlara görə, o, İskəndəriyyədəndir, amma ABŞ-da baytar işləyirmiş.
Digər məlumatlara görə isə Atlanta Universitetinin professorudur. Mümkündür ki, İskəndəriyyədən uçmaq üçün o, amerika pasportundan istifadə edib.
----------
12:39
Kiprin prezidenti Nikos Anastasiadis deyib ki, A320-nin ələ keçirilməsi terakt deyil: "Hər şey həmişəki kimi qadınla bağlıdır".
Bildirilir ki, təyyarədə heç bir zədə yoxdur.
-----------
12:23
Kipr XİN bildirib ki, qaçırılan təyyarənin göyərtəsində bir neçə əcnəbi var. Qurum həmçinin ümid etdiyini bildirib ki, təyyarənin qaçırılması ilə bağlı situasiya yaxın zamanda "əlavə problemlərsiz" həll olunacaq.
--------
12:19
Qaçırılan Misir təyyarəsinin göyərtəsində partladıcı maddə yoxdur.
Milli.Az bildirir ki, bu barədə Haaretz qəzeti məlumat yayıb.
----------
12:16
Misir təyyarəsini qaçıran İbrahim Samaha ABŞ-ın Atlanta ştatındakı universitetdə müəllim işləyir.
Milli.Az bildirir ki, bu barədə "Əl-Əhram"ın saytı xüsusi xidmət orqanlarına istinadən məlumat yayıb.
--------
12:12
Misir təyyarəsini ələ keçirən şəxs tərcüməçi və Kiprdə siyasi sığınacaq istəyib.
Milli.Az bildirir ki, Sky News Arabia-nın məlumatına görə, o, pilotdan təyyarəni Türkiyədə endirməyi tələb edib, lakin pilot yanacağın çatmayacağını bəhanə edərək etiraz edib.
Təyyarədəki bütün sərnişinlər azad ediliblər.
----------
12:08
Milli.Az bildirir ki, Misir təyyarəsini ələ keçirən şəxs pilotdan İstanbula uçmağı tələb edibmiş.
Onunla danışıqlar aparmaq üçün nümayəndə təyyarəyə minib.
----------
12:00
Milli.Az bildirir ki, sosial şəbəkədə A320 təyyarəsini ələ kemirdiyi deyilən şəxsin fotosu yayılıb.
----------
11:54
Milli.Az bildirir ki, girovların "EgyptAir" aviaşirkətinin qaçırılmış təyyarəsini tərk etmələrinin fotolarə yayılıb.
----------
11:51
---------
11:40
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Misir Aviasiya Nazirliyi məlumat yayıb ki, laynerin 4 əcnəbi sərnişinindən başqa digər sərnişinlərinin hamısı azad edilib.
Kipr XİN-in nümayəndəsi isə ələ keçirilmiş A320-nin göyərtəsində daha 15-20 nəfərin olduğunu güman edir.
Təyyarədə 51 sərnişin və 7 ekipaj üzvü olub.
---------
11:38
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, "EgyptAir" aviaşirkətinin təyyarəsini qaçıran şəxs İbrahim Samahadır.
-----------
11:13
Milli.Az ABC-yə istinadən bildirir ki, "EgyptAir" aviaşirkətinin qaçırılmış və Kiprin Larnaka şəhərinin hava limanında yerə endirilmiş təyyarəsini 23 sərnişin tərk edib. Onların hamısı Misir vətəndaşlarıdır.
Təyyarəni qaçıranlar bu şəxsləri buraxıblar.
Bu arada Larnakadakı təyyarənin ilk fotoları yayılıb.
--------
10:40
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, "EgyptAir" aviaşirkətinin Airbus A320 təyyarəsini qaçırmış şəxslər 2 nəfərdir. Onlardan biri "canlı bomba"dır və təyyarənin komandirini "hamınızı partladacağam" deyərək hədələyib.
Təyyarədə 82 nəfərin olduğunu Avropa Birliyinin sabiq təhsil komissarı Androulla Vassiliou da təsdiqləyib.
Təyyarədə olan terrorçular limana yığışmış polis və hərbçilərə müraciət edərək uçuş zolağını dərhal tərk etmələrini tələb ediblər. Əks təqdirdə təyyarədəki qadın və uşaqları buraxmayacaqlarını deyiblər. Hadisə yerinə Yunanıstan və Kiprin xüsusi təyinatlıları cəlb olunublar. Böyük Britaniyanın Kiprdəki bazasından səmaya iki qırıcı qalxıb.
Hijackers asked all police forces to leave the area in order to release women and children passengers.....
- Androulla Vassiliou (@VassiliouEU) 29 марта 2016 г.
--------
10:34
Milli.Az Al Ahram-a istinadən bildirir ki, "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsində 82 nəfər var.
MS181 reysi ilə İsgəndəriyyədən Qahirəyə uçan təyyarəni qaçıran şəxslər hələlik tələblərini səsləndirməyiblər.
Videonu izləmək üçün şəklə klikləyin:
--------
10:28
Misirin sərnişin təyyarələrindən birini terrorçular ələ keçiriblər. İsgəndəriyyə-Qahirə reysi ilə uçan təyyarədə 81 nəfər var.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, naməlum şəxslərin ələ keçirdikləri Airbus A320 təyyarəsi Kiprin Larnaka şəhər limanında yerə enib.
Milli.Az