Ukrayna Prezidenti Vladimir Zelenski AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı kəşfiyyat məlumatlarının Azərbaycan tərəfinə çatdırılması barədə göstəriş verib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Zelenski axşam videomüraciətində deyib.
"Mən şübhə etmirəm ki, Azərbaycan Hava Yollarının təyyarəsinin qəzaya uğraması ilə bağlı tam həqiqəti müəyyən etmək mümkündür. Rusiya heç nəyi gizlədə bilməyəcək. Artıq partnyorlar bu işə cəlb edilib və Azərbaycan tam etibar edə bilər.
Ukrayna lazım olan bütün yardımı göstərəcək. Biz bu situasiyada Azərbaycanı dəstəkləməyə çağırırıq. MH-17 reysində olduğu kimi, bu faciə ilə bağlı cəfəngiyyatın dayandırılması üçün hər bir ölkəni Rusiyaya təzyiq etməyə səsləyirik.
Prezident İlham Əliyevlə söhbətimizdə (Zelenski bu gün Prezident İlham Əliyevə zəng edib - red.) təyyarəni Qazaxıstan ərazisinə çatdıran və 29 nəfəri xilas edən ekipajın qəhrəmanlığını qeyd etdik. Amma təəssüf ki, ölənlər çoxdur və bütün bunlara görə məsuliyyət olmalıdır - təyyarəni vuranların və Rusiyada bütün bunlara icazə verənlərin məsuliyyəti...
Bu gün baş verənlərlə və əlimizdə olan məlumatlarla bağlı kəşfiyyat hesabatını dinlədim. Bütün faktları tərəfdaşlara çatdırmağı tapşırdım", - o bildirib.
Milli.Az