Xəbər verdiyimiz kimi, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan şəxslərin nəşi Azərbaycana gətirilib.
Milli.Az xəbər verir ki, faciə nəticəsində həyatını itirən 2002-ci il təvəllüdlü Əli Əlimirzəyevlə Qusar rayonunun Suduroba kəndində vida mərasimi keçirilib.
Onun nəşi Qusar rayonunun Suduroba kənd qəbiristanlığında dəfn olunub. Mərasimdə Ə.Əlimirzəyevin doğmaları, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin əməkdaşları ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, sözügedən təyyarə qəzasında Əli ilə birlikdə onun bacısı, 2005-ci il təvəllüdlü Xədicə də həyatını itirib.
X.Əlimirzəyevanın nəşi dekabrın 27-də Suduroba kənd qəbiristanlığında dəfn olunub.
1999-cu il təvəllüdlü Həbib İsmayılovun cənazəsi isə Ağdaş rayonunun Ərəb kəndində ailəsinə təhvil verilib.
Kənddə onunla vida mərasimi keçirilib. H.İsmayılovun nəşi Ərəb kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Hadisə ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb. /Report
Milli.Az