Dünya

“Makronun paxıllığına baxmayaraq, usta Ərdoğan...” - Fransız nəşri

9 Sentyabr 2022 22:56
Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fransa Prezidenti Emmanuel Makron ona paxıllıq etsə də, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlər saxlamağı bacaran böyük vasitəçidir".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Fransanın "Le Monde" qəzeti yazıb.

"Ərdoğan - Böyük vasitəçi" adlı məqalədə Türkiyə prezidentinin Ukrayna və Rusiya liderləri Vladimir Zelenski və Vladimir Putinlə yaxşı münasibətlərinin olduğu bildirilib.

Məqalədə Makronun "Kim istəyər ki, Türkiyə dünyada Rusiya ilə danışan yeganə güc olsun?" mesajı da xatırladılıb:

"Bəlkə də Makron "Niyə Ərdoğan?" demək istəyib və içindən dərin bir ah çəkib".

Ərdoğanın böyük ehtimalla Makronun sözlərini təbəssümlə qarşılayacağı bildirilən məqalədə vurğulanıb: "Makron doğru deyir. Çünki türkiyəli həmkarı Ukrayna və Rusiya ilə təmasdadır".

Fransız nəşri Türkiyənin Rusiyanın Ukraynaya təcavüzünü pislədiyini və Putini Krımı azad etməyə çağırdığını xatırladıb, eyni zamanda, qeyd edib ki, buna baxmayaraq NATO üzvü olan Türkiyə Rusiyaya qarşı heç bir sanksiya tətbiq etməyib.

Məqalədə Türkiyənin digər Avropa ölkələri kimi Ukraynaya silah yardımı etmədiyi vurğulanıb:

"Zelenskiyə qarşı isti və dəstəkçi, Putinə qarşı isə anlayışlı olan Ərdoğan özünü böyük vasitəçi kimi tanıdır. Hamı ilə yaxşı münasibətdədir. Bir az qısqanc olsalar da, realist xarici siyasəti müdafiə edənlər ustanın (Ərdoğan) qarşısında papaqlarını çıxardırlar".

Nəşr bildirib ki, Türkiyənin vasitəçiliyi Yaxın Şərq və Afrikaya taxıl ixracı üçün Ukrayna limanını açıb, BMT-nin müfəttişlərinin Rusiya qüvvələrinin təhlükə altında qoyduğu Zaporoje atom elektrik stansiyasına göndərilməsinə töhfə verib. Mənbə onu da xatırladıb ki, Ərdoğan iyulda Soçidə Putinlə görüşündə gücləndirilmiş iqtisadi tərəfdaşlığa imza atıb, avqustda isə Kiyevdə Zelenski ilə görüşündə uzun danışıqlar aparıb.

Osmanlı və Rusiya imperiyalarının ortaq tarixinə diqqət çəkilən məqalədə türk dronlarının Ukraynaya satılmasından bəhs edilib. Rusiya və Türkiyənin Yaxın Şərq, Suriya və Liviyada fərqli tərəflərdə olsalar da, dil tapa bildikləri qeyd edilib.

Məqalədə vurğulanıb ki, Qafqazda 30 milyona yaxın qeyri-ərəb sünni müsəlmanın olduğu bir vaxtda Rusiya Türkiyəyə qarşı çıxmağa cəsarət etmir.

Məqalədə Türkiyənin Rusiyanın NATO-da yaxşı münasibətləri olan yeganə ölkə olduğu, Ankaranın İsveç və Finlandiyanın alyansa üzvlük tələblərindən kozır kimi istifadə etdiyi və bu səbəbdən də ABŞ-ın S-400-lərin alınmasından sonra döyüş təyyarələrinin satışına qoyduğu embarqonu tezliklə ləğv edə biləcəyi iddia olunub.

Nəşr onu da yazıb ki, Türkiyə ordusu Suriyada yaratdığı təhlükəsizlik zonasını daha da genişləndirmək qərarına gəlsə, Qərb susacaq.

Məqalədə o da vurğulanıb ki, Ərdoğan Ukrayna-Rusiya müharibəsi başlayanda İstanbulda tərəfləri sülh üçün bir araya gətirəndə onun düşmən tərəfləri barışdıracağı fikrinə dünyada hər kəs inanmağa başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.