İdman

"Məni Azərbaycan futboluna Qurban Qurbanov tanıdıb" - Ruslan Abışov

15 Aprel 2020 18:49
0 Şərh     Baxış: 1 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 "Sabah"ın müdafiəçisi Ruslan Abışov Sportinfo.az saytına müsahibə verib.

Milli.Az həmin müsahibəni təqdim edir:

- Azərbaycanda uşaqlar futbola müxtəlif səbəblərdən gəlir. Kimisi istedadına görə, kimisi valideyin məcburiyyətindən, kimisi də gələcəkdə yaxşı pul qazanmaq həvəsi ilə bu yola üz tutur. Səndə bunlardan hansısa olub, yoxsa tamam fərqli versiyadır?

- Məni futbola ilk dəfə 7 yaşımda qardaşım Sərxan yazdırıb. Onun sayəsində futbola başlamışam. İndiki kimi yadımdadır 1-ci sinifə 4 gün idi gedirdim. İlk vaxtlar futbola adi oyun kimi baxmışam, amma zamanla işin ciddiyətin başa düşüb, peşəkarlaşmışam.

- Zaman-zaman uşaq futbolunda olan rüşvətdən danışılır. Belə halla nə vaxtsa üz-üzə qalmısanmı?

- O vaxtlar elə şeylər yox idi. Mən oynadığım futbol məktəbində ancaq yaxşı uşaqlar oynayırdı. Futbolu yarıda buraxan uşaqlar çox vaxt təhsili seçirdilər deyə futboldan uzaqlaşırdılar.

- Bəzən futbol sevgisi oxumaq həvəsini arxa plana atır. Səndə necə olub? Ümumiyyətlə, oxumaq həvəsin olubmu?

- 9-cu sinifə kimi yaxşı oxumuşam. Təhsilimə hər zaman fikir vermişəm. Amma 9-cu sinifdən sonra təlim-məşq toplanışlarına və oyunların çox olmasına görə oxumağa vaxt ayıra bilmədim. Məni də təhsili futbola qurban verənlərdən saymaq olar.

- İstənilən futbol həvəskarının mütləq ki, bir idealı olub. Səndə bu kim idi?

- Futbolda hər zaman hücumçular ön planda olub. Məhlədə oynayanda özüm də hücumçu kimi oynayırdım. Kim üzdə olurdusa, televiziyada kimi daha çox göstərilirdisə özümüzü ona oxşadırdıq. Amma sırf ideal kimi hansısa futbolçunu seçməmişəm.

- Azərbaycan insanı gələcəyini çox düşünəndir. Məsələn, əlinə bir az pul keçən kimi ev almağı, obyekt açmağı düşünür. Səndə bu baxımdan vəziyyət necədir?

- Normalda bu elə belə də olmalıdır. Xarici futbolçular da belə edir. Sadəcə onlar böyük pullar qazanırlar deyə, onların böyük biznesləri, otelləri, xəstəxanaları olur. Biz də öz büdcəmizə uyğun çalışırıq ki, nəsə iş quraq. Karyeramızı bitirəndən sonra gəlir yerimiz olsun. Bir şeyi də unutmayaq ki, müsəlman mentalitetində ailə dəyərləri çox önəmlidir. Ailədən başqa çevrəndə olan qohum-əqrəbaya da kömək etməlisən. Ona görə də ev almağa, obyekt açmağa normal baxıram. Belə də olmalıdır. Belə futbolçuları mən dəstəkləyirəm.

- Hər futbolçunun öz potensialına görə, xəyal etdiyi karyerası olur. Səncə, potensialın imkan verən ən yüksək nöqtəyə çata bilmisən yoxsa daha çoxuna nail ola bilərdin?

- Futbola yeni başlayanda düşünürsən ki, hələ zaman var və bəzi şeylərdə özünə güzəşt edirsən. Əvvəlki illərimi mənə versəydilər bilirəm ki, daha çoxuna nail ola bilərdim. Özümdə o potensialı görürdüm. Futbolda gərək bəxtin də olsun. Karyeramdakı bəxtsizlik mənə böyük problem yaratdı.

- Qonşu Gürcüstandan, düşmən Ermənistandan belə xaricdə tanınmış futbolçular var. Yerli futbolçularımız isə ya xaricə getmir, ya da gedib uğursuzluq yaşayır. Bu sirli düyünü niyə aça bilmirik?

- Məncə, bu məsələdə tanıtım çox önəmlidir. Öncə hansısa futbolçumuz yaxşı klublarda uğurlu çıxış etməlidir ki, digər futbolçularımıza da ciddi yanaşsınlar. Düşünsünlər ki, Azərbaycandan da futbolçu almaq olar. Bunu həm də mentalitetlə əlaqələndirərdim. Bizim yaşam tərzimizlə avropadakı yaşam tərzi çox fərqlidir. Bunun da təsirləri çoxdur.

- Təsəvvür edək ki, hazırda baş məşqçisən. Komandanda yerli futbolçulardan ibarət ən yaxşı hansı 5-liyi görmək istərdin?

- Məndən olsa, millidə oynadığım bütün futbolçuları komandamda görmək istərdim. Oynadığım futbolçular arasında həm insan kimi, həm də futbolçu kimi adını çəkməli olduğum çox ad var. Bir az çətin sual oldu (gülür). Qoy bir az fikirləşib, yerli futbolçuları gözümün qabağına gətirim. Qapıda Kamran Ağayev, müdafiədə Rəşad Sadıqovla Mahir Şükürovu, cinahlarda isə Vüqar Nadirov və Vaqif Cavadovu oynadardım. Yəni komandama götürəcəyim ilk 5 yerli futbolçu bunlar olardı.

- Karyerasını bitirən futbolçulardan baş məşqçi, biznesmen olanı da var, çayxanada gün keçirəni də. Sənin gələcəklə bağlı planların necədir?

- Gələcəyimlə bağlı bilirəm ki, futbolsuz qala bilmərəm. Bu qeyri mümkündür. Yəqin ki, yenə futbolun içində olmağa çalışacam. Təcrübəm və işimlə futbolumuza kömək etmək istərdim.

- Hazırkı baş məşqçin xaric, bu günə qədər işlədiyin baş məşqçilərdən hansını xüsusi fərqləndirərdin?

- Bütün yerli baş məşqçiləri fərqləndirərdim. Bir nəfərin adını çəkmək çox çətindir. Ölkə çempionatında debutum Qurban müəllimin sayəsində olub. "Neftçi"yə gələndə əvəzedici komandadan ilk olaraq məni əsas komandaya çağırmışdı. Məni Azərbaycan futboluna tanıdan şəxs Qurban Qurbanov olub. Amma uşaq məşqçilərimlə bərabər Yunis müəllim, rəhmətlik Böyükağa Hacıyev, Arif Əsədov, Tərlan Əhmədov, Elxan Abdullayevin dəstəyini də hər zaman hiss etmişəm. Göstərdikləri köməyə görə hər birinə minnətdaram. Əcnəbi məşqçilərdən Petrjelanın gənc vaxtlarımda mənə köməyi çox dəyib. Qurban Berdiyev və Roman Qriqorçuku da fərqləndirərdim. Amma bir daha qeyd edim ki, yerli məşqçilər heç də əcnəbilərdən geri qalmırlar.

- Dostluq etdiyin əcnəbi futbolçu varmı?

- "Rubin"də çıxış edəndən tanıdığım Gökdəniz Karadeniz, Sərdar Azmun və Solomon Kverkvelia ilə hələ də danışıram. "Neftçi"dən isə tanıdığım Adiran Niaqa və Marian Aliuta ilə hələ də əlaqəm var. Ümumiyyətlə, çalışmışam hər zaman hamı ilə yaxşı münasibətim olsun.

- Gələcəkdə yaxşı imkanın olsa, hansı bölgənin futboluna yatırım qoyardın?

- Gəncə futboluna böyük yatırım edərdim. Qərb zonasından hər zaman yaxşı futbolçular çıxıb. İstərdim orada futbol olsun.

- Azərbaycan futbolunun müstəqillik tarixindəki ən böyük qələbəsi hansı oyunda olub?

- Milli səviyyəsində İslam oyunlarındakı qələbəni qeyd edərdim. Çünki milli səviyyədə ilk uğurumuz idi. Bu həm də mənim üçün əlamətdar idi.

- Müstəqillik tarximizin ən güclü futbolçusu kimdir?

- Gördüklərim arasında Rəşad Sadıqov.

- Karyeranda saysız-hesabsız oyuna çıxmısan. Ən yadda qala oyun hansı olub və niyə?

- "Neftçi"nin heyətində debut etdiyim oyunda "Karvan"ı 3-1 hesabı ilə məğlub etmişdik. Bu oyun heç vaxt yadımdan çıxmaz. Milli komanda səviyyəsində isə Türkiyə millisini Bakıda 1-0 udduğumuz oyun daha çox yadımda qalıb.

- Zamanı geri qaytarsaydılar karyerandakı hansı qərarı dəyişərdin?

- "Neftçi"dən "Xəzər Lənkəran"a keçdiyim dönəmdə verdiyim qərarı dəyişərdim. Söhbət "Xəzər Lənkəran"dan getmir. Sadəcə "Neftçi"dən ayrıldığım üçün hələ də peşmanam.

- Seçdiyin forma nömrəsinin xüsusi səbəbi varmı?

- İlk dəfə əsas komanda ilə təlim-məşq toplanışında olanda 15 nömrə mənə düşdü. Məndə ondan sonra karyeramın sonuna kimi bu nömrə ilə çıxış etmək qərarı verdim.

- Keçmişi qaytarsalar bu günü qurban verərsən, yoxsa düşünürsən ki, keçmişlə bu günün vəhdəti yaxşı gələcək vəd edir?

- Keçmiş günlər mənə böyük təcrübədir. Bu günümü isə qurban verməzdim. Hər şey öz axarı ilə getsin. Amma inanıram ki, keçmişlə bu günümün vəhdəti daha yaxşı gələcək vəd edir.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.