Qadın voleybolçulardan ibarət millimizin baş məşqçisi Faiq Qarayev "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovdan danışıb.
Milli.Az xəbər verir ki, təcrübəli mütəxəssis Futbolinfo.az saytına müsahibəsində Qurbanovla yaxşı münasibətləri olduğunu deyib.
F.Qarayev "Qarabağ"ın məşqçisini tənqid edənlərə də irad bildirib:
"Mən Qurbanla dostam. Onun uğurları məni çox sevindirir. Siz görmədiyiniz məqamları mən görürəm. Siz qola, cərimə vuruşuna, vərəqəyə, penaltiyə baxırsınız. Amma mən başqa şeylərə də baxıram. Birincisi, Qurbanın məşqçi kimi özünü aparmasına. "Liverpul"a uduzanda qəmgin gözlərini gördüm. Öz-özümə dedim, Qurban heç fikir çəkmə, sən artıq böyük iş görmüsən. Kişi udar da, uduzar da. Başını dik tut! Özünü də görəndə deyirəm ki, Allah səni pis gözdən qorusun! Bizim çox yaxşı münasibətimiz var. Mən Avropa Kubokunu qazanırdım, yenə də ağzına gələni danışanlar tapılırdı.
Bu adam idmanı bilmirsə, ağzına gələni danışacaq da. Məgər sən mənə, Qurbana və ya hansısa bir məşqçiyə bir şey deyəndə nə olacaq ki? Filan oyunçunu əvəz etməyəydin, ya edəydin. Sən Qurbandan çox bilirsən? Bu bilirsiz nəyə bənzəyir? Həkim əməliyyata hazırlaşır, sən cərrahiyyə otağına daxil olub deyirsən ki, həkim, sən bunu bacarmırsan, mən edəcəyəm!.. İndi sən o xəstənin halına bax da. Nə oldu xəstə? Getdi! Elə deyil? Həmin şeydir də. Deyirlər ki, Qurban, sənin futboldan başın çıxmır, mən gəlim bunu edim, onu edim. Televizorun qarşısında oturmusan, qabağında çay, deyirsən ki, "ə, Qurban belə etdi". Bu azarkeşlikdir, istədiyini deyə bilərsən, heç kim bunu sənin əlindən almır, amma ağılla danış da. Hörmət et!".
Milli.Az





