2025-ci ildə ən çox gəlir əldə edən idmançı "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı futbolçu Kriştiano Ronaldo olub. Hesabat dövründə 40 yaşlı hücumçunun ümumi gəliri 260 milyon dollar artıb. Bununla da Ronaldo ardıcıl üçüncü ildir ki, illik gəliri 200 milyon dollar həddini aşan idmançılar sırasında lider mövqeyini qoruyur.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda ikinci yeri il ərzində 137 milyon dollar qazanc əldə edən meksikalı boksçu Saul Alvares tutur. Üçüncü pillədə isə 130 milyon dollar gəlirlə argentinalı futbol ulduzu Lionel Messi qərarlaşıb. Reytinqin dördüncü sırasında 129,2 milyon dollar qazanan beysbolçu Xuan Soto yer alıb, beşinci mövqedə isə 128,7 milyon dollar gəlir əldə edən basketbolçu Lebron Ceyms qərarlaşıb.
Qeyd edək ki, Ronaldo 2025-ci ilin noyabr ayında jurnalist Pirs Morqana verdiyi müsahibədə şəxsi həyatındakı ən bahalı alışının təxminən 13 il əvvəl əldə etdiyi təyyarə olduğunu açıqlamışdı.
Kriştiano Ronaldo futbol tarixinin ən titullu oyunçularından biridir. O, "Qızıl top" mükafatına beş dəfə layiq görülüb, UEFA Çempionlar Liqasının qalibi olub, İngiltərə, İspaniya və İtaliya çempionatlarında çempionluqlar qazanıb. Portuqaliya millisinin heyətində isə 2016-cı il Avropa çempionatının qalibi olub, Avropa çempionatlarında gümüş və bürünc medallar əldə edib, həmçinin 2019-cu ildə UEFA Millətlər Liqasını qazanıb.
Ayxan
Milli.Az





